Azərbaycanın
milli bayramı - Respublika
Günü Los-Ancelesdə qeyd
olunmuşdur
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən ölkəmizin milli bayramı - Respublika Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümü münasibətilə ziyafət təşkil edilmişdir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, tədbirdə Kaliforniya, Nevada, Nyu-Meksiko, Oreqon, Vaşinqton və ABŞ-ın digər yerlərindən təmsilçilər, Los-Anceles dairəsinin və meriyasının məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin nümayəndələri, xarici dövlətlərin Kaliforniyadakı baş konsulları, müxtəlif universitetlərin professorları, yerli KİV-lərin nümayəndələri, həmçinin Azərbaycan, türk, yəhudi və İran icmalarının üzvləri iştirak etmişlər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev 28 may tarixinin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini, 94 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıldığını diqqətə çatdırmışdır. O, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynadığını bildirmiş, əldə edilmiş nailiyyətlərdən, həyata keçirilmiş islahatlardan danışmışdır. Baş konsul bildirmişdir ki, cümhuriyyətin mövcudluğuna son qoyulmasından sonra növbəti 71 il ərzində Azərbaycan xalqı dövlətçiliyin bərpasına inamını itirməmiş, bu arzular, nəhayət, 1991-ci ildə həyata keçmişdir. Diplomat müstəqilliyinin 21 ili ərzində ölkəmizin heyrətamiz tərəqqi proseslərindən keçərək dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyini, eyni zamanda, fəal xarici siyasət yürütdüyünü bildirmişdir. N.Ağayev ötən il 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv seçilməsinin ölkəmizin artmaqda olan nüfuzunun bariz göstəricisi kimi qiymətləndirmişdir.
Azərbaycan-ABŞ əlaqələrinə də toxunan N.Ağayev son 20 ildə ölkələrimiz arasında möhkəm strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu qeyd etmiş, bu gün Azərbaycanın Birləşmiş Ştatların etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırmışdır. Baş konsul ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Sonra Kaliforniyanın Los-Anceles dairəsinin, Orinc dairəsi və Karson şəhəri adından Respublika Günü münasibətilə təbrikləri oxunmuş və müvafiq şəhadətnamələr N.Ağayevə təqdim edilmişdir.
Ziyafət konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.- 2012.- 26 may.- S.
13.