Azərbaycanın
Macarıstandakı səfirliyi 28 May - Respublika Günü və
ölkələrimiz arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyi münasibətilə
qəbul təşkil etmişdir
Mayın 24-də Azərbaycanın Macarıstandakı səfirliyi 28 May - Respublika Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə Budapeştin tarixi "Korintia" hotelində qəbul təşkil etmişdir.
Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra səfir Vilayət Quliyev və Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Peter Staray mərasim iştirakçıları qarşısında çıxış etmişlər.
Çıxışlarda müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlar xüsusi qeyd olunmuş, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu və Azərbaycan-Macarıstan münasibətlərinin strateji xarakteri vurğulanmışdır. Bakının bu günlərdə "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi edərək Avropanın mədəni paytaxtı funksiyasını yüksək səviyyədə yerinə yetirməsi diqqətə çatdırılmışdır.
Tədbirdə Macarıstan Parlamentinin vitse-spikeri Zoltan Balso, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyasının Macarıstan tərəfdən həmsədri xanım Roza Nad, Macarıstanın müxtəlif nazirliklərinin dövlət katibləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, parlamentin üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, universitet rektorları, tələbə və müəllimlər, jurnalistlər, Azərbaycan diasporunun və macar ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Pərvanə QARAYEVA
Azərbaycan.- 2012.- 26 may.- S.
13.