Aida Mahmudova: Rəssam Orxan Hüseynovun “Şopfront” layihəsinin məqsədi onun
yerləşdirildiyi küçənin estetik
gözəlliyini qeyd etməkdir
Rəssam Orxan Hüseynovun "Şopfront" layihəsinin məqsədi onun yerləşdirildiyi küçənin estetik gözəlliyini qeyd etməkdir. Layihə hamının yaxşı tanıdığı Əziz Əliyev küçəsində yerləşir. Bu məkanın maraqlı tarixi vardır.
Bu sözləri "012 Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdimatından əvvəl AzərTAc-a müsahibəsində "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova demişdir.
A.Mahmudova bildirmişdir ki, Orxan Hüseynovun əsəri festival çərçivəsində reallaşan on üçüncü layihədir. Layihənin yerləşdiyi küçə tarixən müxtəlif adlarla tanınmışdır: Mixaylovskaya, Zevina, İncəsənət, hazırda isə Əziz Əliyev. Ümumiyyətlə, bu ərazi çox gözəldir. Vaxtilə İsrafilov qardaşlarının qab-qacaq və ya Ramazanovların "Nümunəvi sıra" adlanan dükanları, həmçinin qalereya da burada yerləşmişdir.
Rəssam müasir incəsənət əsərlərini bəzi geyim mağazalarının vitrinlərinə yerləşdirməklə, sözün əsl mənasında, dəb və incəsənətin vəhdətini təcəssüm etdirmişdir. Bu cür vəhdət sözügedən küçənin spesifikası və imicini müəyyənləşdirir. Həmçinin incəsənət obyektləri qlamur ərazisinə "müdaxilə edir" və nəticədə həm dəb aləmində, həm də ən müasir incəsənət sahəsində tamamilə yeni effekt yaranır.
"YARAT!" qeyri-kommersiya
təşkilatının rəhbəri demişdir
ki, O.Hüseynovun öz əsərlərini mağaza
vitrinlərində yerləşdirməsi sərginin
açıq səma altında olması təəssüratını
yaradır. İnsanlar bu
əsərləri rahatlıqla seyr edə
bilərlər.
Azərbaycan.- 2012.- 26 may.- S. 15.