Dünya mətbuatı Azərbaycan həqiqətlərini şərh etməkdə davam edir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar görülən işlər, beynəlxalq ictimaiyyətin bu məsələyə marağı ilə bağlı Bakıda keçirdiyi mətbuat konfransı dünya mətbuatının diqqət mərkəzində qalmaqda davam edir.

AzərTAc Türkiyənin aparıcı KİV-lərin bu barədə materiallarının xülasəsini təqdim edir.

"TRT Türk" televiziya kanalının saytında dərc olunmuş "Azərbaycan Avropanın ən böyük musiqi bayramına ev sahibliyi etməyə hazırlaşır" sərlövhəli məqalədə Prezident Administrasiyasının şöbə müdirinin mətbuat konfransı geniş şərh edilir. Müəllif Ə.Həsənovun sözlərindən sitat gətirərək yazır: "Azərbaycan çox mühüm bir tədbirə ev sahibliyi edir. Bakıya çoxlu sayda qonaq gəlmişdir. Azərbaycana gələn xarici ölkələrin vətəndaşlarının təhlükəsizliyi dövlətin zəmanəti altındadır. Ölkədə hər hansı bir təhlükəsizlik təhdidi yoxdur".

Ə.Həsənovun mətbuat konfransını şərh edən Türkiyənin "medyanot", "haberprogram", "haberinizolsun", "haksözhaber", "habervaktim","halkınhabercisi", "habermynet", "takafm", "yeryuzuhaber", "son24haber", "tuhaber", "mebhaberler", "sonolay", "haberiniz", "turkhaberajansı", "superpoligon", "ekonorm", "haberburcu", "dikkathaber", "haberfree", "yarenturkhaber", "habertrmsn", "habersondakika" kimi KİV-lərin saytları da Prezident Administrasiyasının şöbə müdirinin sözlərinə istinadla qeyd edirlər ki, Azərbaycanın hüquq sistemiiqtisadi yüksəlişi, bəzi ölkələrin,  o cümlədən İranın rəhbərliyini narahat edir. İran ölkəmizi İslam əleyhinə olan bir dövlət, "Eurovision" mahnı müsabiqəsini isə orta cinsin nümayəndələrinin nümayişi adlandıraraq, Azərbaycanı saxta faktlarla ləkələməyə çalışır. Bunu isə qəbul etmək mümkün deyildir.

Saytlarda vurğulanır ki, Ə.Həsənov "Eurovision" ərəfəsində Azərbaycanın demokratik prinsiplərini pozmağa çalışan "Amnesty İnternational" və "Human Rights Watch" kimi bir sıra beynəlxalq təşkilatlarının Azərbaycanın imicini zəiflətmək üçün məqsədyönlü şəkildə əsassız xəbərlərin yaydığını diqqətə çatdırmışdır.

"Tekgazete", "gazete24", "türkiegazetesi" qəzetlərində isə qeyd olunur ki, İran ilə Azərbaycan arasında "Eurovision-2012" mahnı müsabiqəsi ilə başlayan söz dueli diplomatik böhran ilə  nəticələndi. İranın Bakıdakı səfiri Məhəmməd Bağır Bəhrami öz ölkəsinə çağırıldı.  Böhran İranın Azərbaycan əleyhinə olan təbliğatından sonra ortaya çıxdı.

Ə.Həsənovun mətbuat konfransındakı fikirlərindən sitat gətirən mətbu orqanlar yazırlar: "İranda bəzi qüvvələr Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsinə qısqanclıqla yanaşaraq Azərbaycanı əsassız tənqid edirlər. Bu halda onlar, ümumiyyətlə, mövcud olmayan bir məsələ - hansısa "mavi"lərin paradı üzərində diqqəti cəmləşdirirlər".

Mətbuat konfransını geniş şərh edən "Adana", "haberege", "izmirdəyaşam", "siirtcehaber", "yerlimedya" kimi Türkiyənin vilayətlərinin, eləcə də Şimali Kiprin "starkibris" və Qafqaz Strateji Araşdırmalar Mərkəzinin "kafkassam" saytları Ə.Həsənovun sözlərinə istinadla yazırlar ki, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bəzi xarici təşkilatlar və KİV-lər tərəfindən xəbərlər yayılır. "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycanın ünvanına ayrı-ayrı ölkələrdən - ilk növbədə, bəzi radikal dini qruplardan təhdidlər gəlir. Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, son günlərdə İranda ölkəmizin diplomatik nümayəndəliklərinin qarşısında Azərbaycan əleyhinə nümayişlər keçirilir.

Ə.Həsənovun mətbuat konfransındakı fikirlərindən sitat gətirən Türkiyənin "eurovizyon" qəzeti isə yazır: "İranda bəzi qruplar "Eurovision" mahnı müsabiqəsini "homoseksualların nümayişi" şəklində qələmə verərək təsəvvür edilməyəcək fikirlərlə bu tədbiri qaralamağa çalışırlar. Olmayan bir şey haqqında yalan bəyanatlar yayılır. Biz "mavilərin paradı"nı yox, "Eurovision" mahnı müsabiqəsi təşkil edirik".

"trthaber", "samanyoluhaber" də Ə.Həsənovun sözlərinə istinadla yazırlar: "İran Azərbaycanı  İslam əleyhdarı bir dövlət, "Eurovision" mahnı müsabiqəsini isə "geylərin nümayişi" adlandıraraq bu tədbiri qaralamağa çalışır. İran mövcud olmayan bir şey haqqında yalan bəyanatlar yayır. İran Azərbaycanın bölgədə cazibə mərkəzi olmasını və uğurlarını qəbul edə bilmir. İran Azərbaycana qarşı aparılan əks təbliğatların mərkəzi olmağa başlayır.

"Haber 3" saytı isə yazır: "İranın 57-ci "Eurovision-2012" mahnı müsabiqəsi öncəsi Azərbaycan üzərində təzyiq qurmaq cəhdlərinə sərt reaksiya gəldi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənov İranın Azərbaycanın uğurlarını qəbul edə bilmədiyini bildirdiTehrana Azərbaycanın daxili işlərinə qarışması məsələsində xəbərdarlıq etdi. Bu açıqlamadan sonra İran Azərbaycandakı səfirini danışıqlar aparmaq üçün geri çağırdı.

Ə.Həsənovun fikirlərindən sitat gətirən sayt yazır: "İran İslam aləminin ən böyük dövlətlərindən biridir. Azərbaycan da müsəlman bir dövlətdir. Ancaq Azərbaycanın öz din modeli vardır. Biz Qurani-Kərimin və Peyğəmbərimizin təbliğ etdiyi İslamı qəbul edirik. Biz bütün dövlətlərlə milli maraqlarımız naminə əlaqə qururuq. Qərbin İran əleyhinə fəaliyyətində isə iştirak etmirik".

"Haber 3" Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə də toxunaraq Ə.Həsənovun sözlərinə istinadla yazır ki, cinsi azlıqların yürüşünün olmadığı halda, bu məsələ ilə bağlı saysız-hesabsız nümayişlər təşkil edən İrandakı qruplar tərəfindən Azərbaycanın torpaqlarını işğal edən və Xocalıda soyqırımı törədən Ermənistana qarşı niyə heç bir etiraz aksiyası təşkil etməməsi bizdə təəccüb doğurur?!

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 4.