Milli Qeyri-Hökumət Təşkilatları
Forumu Azərbaycana qarşı böhtan xarakterli məlumatlar
yayan qurumlara etiraz etmişdir
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) bu günlərdə Norveç İnsan Haqları Təşkilatı, "Amnesty İnternational" və Sərhədsiz Jurnalistlər Təşkilatının Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinə kölgə salmaq, bu yarışmaya aid olmayan məsələləri qabardaraq beynəlxalq ictimai fikri çaşdırmağa yönəlmiş cəhdlərini qınayan açıqlama yaymışdır.
MQF-dən bildirmişlər ki, açıqlamada Azərbaycanın ildən-ilə artan nüfuzunu, ard-arda qazandığı uğurları, o cümlədən "Eurovision-2012"-nin Bakıya gətirilməsini, respublikamızın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini gözü götürməyən qüvvələrin bu mötəbər yarışmanın ölkəmizdə keçirildiyi günlərdə xüsusilə fəallaşdıqları qeyd olunmuşdur. Bildirilmişdir ki, Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilən, vaxtaşırı böyük beynəlxalq konfransların, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqların, mötəbər tədbirlərin, görüşlərin, nüfuzlu yarışmaların ev sahibi kimi çıxış edən Azərbaycanın bu uğurları dostlarını sevindirdiyi kimi, bədxahlarını da kədərləndirməkdədir.
Açıqlamada Azərbaycana qarşı qərəzli mövqe tutan bu qurumların böhtan xarakterli məlumatlarının ermənipərəst qüvvələrin iddiaları ilə üst-üstə düşdüyü və onların bir mərkəzdən idarə edildiyi iddia olunur, bu təşkilatların artıq ölkəmizdə etimadlarını itirdikləri diqqətə çatdırılmışdır.
Bu qurumların yüz minlərlə qaçqın və məcburi köçkünümüzün acı taleyinə, erməni vandalizminin çoxsaylı faktlarına biganə qaldıqlarının xüsusilə qeyd edildiyi açıqlamada Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində mükəmməl hüquqi bazanın olduğu vurğulanmışdır. Bundan əlavə, burada Azərbaycan ictimaiyyətinin bu qüvvələrə qarşı birgə etiraz etmələrinin vacibliyi bildirilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 27 may.- S. 4.