Pakistan mətbuatında Azərbaycanın milli bayramı - Respublika Günü haqqında yazılar dərc olunmuşdur

 

 Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Pakistanda keçirilən tədbir ilə bağlı yazılar ölkənin nüfuzlu mətbu orqanları olan "Pakistan Observer", "The News", "Daily Times", "The Nation" və "Daily Jang" qəzetlərində dərc olunmuşdur. Bundan əlavə, bu tədbir PTV, DRY News, CNBC və digər yerli kanallarda geniş işıqlandırılmışdır.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, qəbulda iştirak etmiş pakistanlı jurnalistlər tədbir barədə təəssüratlarını oxucularla bölüşərək qeyd etmişlər ki, mərasimə qatılan nüfuzlu qonaqlar - Pakistanın inkişaf və idarəetmə naziri, daxili işlər naziri, ticarət naziri, Pakistan Sənaye Ticarət Palatasının prezidenti, Senatın və Milli Assambleyanın sədr müavinləri, Milli Assambleyanın deputatları, senatorlar, diplomatlar və digər rəsmi şəxslər müstəqil müasir Azərbaycanın nailiyyətləri ilə bir daha tanış olmuşlar.

Qəzetlərdə vurğulanmışdır ki, xüsusilə Pakistanın bir sıra nazirlərin və dövlət xadimlərinin Respublika Günü münasibətilə keçirilən mərasimdə iştirakı Pakistanın qardaş Azərbaycana olan böyük diqqətin bariz nümunəsidir.

Mətbuatda qeyd olunmuşdur ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər dərin tarixi-mədəni köklərə, ortaq mədəniyyət və adət-ənənələrə malikdir, böyük İpək yolu vasitəsilə aparılan ticarət isə ölkələrimiz arasında körpü rolunu oynayır.

Məlumatlarda milli mətbəximizin ləziz nümunələrinin, xüsusilə də tədbirdə səsləndirilmiş sazda ifa olunan musiqinin qonaqlarda böyük maraq doğurduğu vurğulanmışdır.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 4.