Bakıda Eurovision-2012 mahnı müsabiqəsinin final şousu möhtəşəmliyi ilə yadda qalacaqdır

 

 Qələbə estafetini Azərbaycandan İsveç qəbul etmişdir

 

 Mayın 26-da saat 00:00-da "Baku Crystal Hall"da 57-ci "Eurovision" mahnı müsabiqəsinin final şousu başlamışdır.

Final şousu Azərbaycan paytaxtından birbaşa 57-ci "Eurovision" mahnı müsabiqəsinin 42 iştirakçı dövləti də daxil olmaqla Avropanın 50-dən çox ölkəsində canlı yayımlanmışdır.

AzərTAc xəbər verir ki,"Baku Crystal Hall"un səhnəsinə ilk olaraq Azərbaycanın dünya şöhrətli muğam ustası Alim Qasımov çıxmışdır. Görkəmli xanəndənin ifasında muğam parçası hərarətlə qarşılanmışdır.

Daha sonra möhtəşəm rəqslər və "Natiq" ritm qrupunun ifası şouya xüsusi rəng qatmışdır.     

Ənənəyə uyğun olaraq, final şousunu ötənilki müsabiqənin qalibi Ell & Nikki dueti keçən il Almaniyanın Düsseldorf şəhərində Azərbaycana qələbə qazandırmış "Running Scared" mahnısı ilə açmışdır.

Sonra "Eurovision-2012" mahnı müsabiqəsinin aparıcıları Nərgiz, Leyla və Eldar final şousunun iştirakçılarını salamlamışlar.

Açılış mərasimindən sonra finala vəsiqə qazanmış 26 ölkənin təmsilçilərinin çıxışları başlanmışdır.

Bakı səhnəsinə ilk olaraq 57-ci "Eurovision" mahnı müsabiqəsinin final şousunda birinci çıxış edən britaniyalı müğənni Engelbert Hamperdink çıxmışdır. Müsabiqədə ölkəsini "Love Will Set You Free" mahnısı ilə təmsil edən əfsanəvi müğənninin çıxışı hərarətlə qarşılanmışdır.

Əsl adı Arnold Corc Dorsi olan Böyük Britaniya təmsilçisi 1936-cı ildə doğulmuşdur. Atası Britaniya ordusunda xidmət etmiş, anası isə opera müğənnisi və skripka müəllimi olmuşdur. 45 illik uğurlu musiqi karyerası olan müğənninin səs yazıları bu günədək 150 milyon nüsxə ilə satılmışdır. 4 "Qremmy" mükafatına, 63 qızıl və 24 platin musiqi albomuna sahib olan 76 yaşlı Engelbert Hamperdink dünya şou biznesinin varlıları siyahısında beşinci yerdədir.

Engelbertin bütün dünyada sadiq pərəstişkarları vardır. Son 12 ay ərzində müğənni bütün Avropada, həmçinin Rusiya, Rumıniya, Niderland, Belçika və İsraildə konsert proqramı ilə çıxış etmişdir.

"Baku Crystal Hall"un  səhnəsinə ikinci çıxan Macarıstanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi "Compact  Disco" qrupu "Sound of Our Hearts" mahnısını ifa etmişdir.

Klipində evsiz insanın çətin həyatının canlandırıldığı mahnının səhnə quruluşu və işıq effektləri "Eurovision-2012" mahnı müsabiqəsinin tamaşaçılarında eyni əhval-ruhiyyə oyatmışdır.

Mavi və yaşıl işıq effektləri ilə quruluş verilən səhnənin arxa fonunda əllərini göylərə açan insan kölgələri və ürək şəklində təsvirlər verilmişdir. Qırmızı işıq effektləri ilə diqqəti cəlb edən "ürəklər" mahnının sözlərinə uyğun olaraq döyüntülərlə müşayiət edilmişdir.

Mahnının birinci hissəsində bütün qrup göstərilsə də, ikinci hissəsindən sonra kameralar daha çox müğənniyə yönəlmişdir.

"Compact Disco" rok qrupu 2008-ci ildə yaradılmışdır. Qrup Behnam Lotfi, Gabor Pal, Attila Sandor and Csaba Walkodan ibarətdir. Qısa vaxt ərzində qrup üzvləri iki musiqi albomu çıxarmışlar. "I'm in Love" adlı mahnı onlara "Best Hungarian Artist" nominasiyasında MTV "European Music Award"ı qazandırmışdır.

Bakı şousunda təqdim olunan mahnının müəllifi də qrupun üzvləridir. Öz hisslərini musiqi vasitəsilə ötürən "Compact Disco" qrupunun üzvlərinin çıxışı alqışlarla qarşılanmışdır.

"Eurovision-2012" mahnı müsabiqəsinin finalında "Baku Crystal Hall"un səhnəsinə üçüncü çıxan və Albaniyanı yarışmada "Soos" mahnısı ilə təmsil edən Rona Nişliu olmuşdur.

Müğənni "Eurovision-2012" mahnı müsabiqəsinin məşqlərində olduğu kimi, final mərhələsində də həm mahnısı, həm də səhnə şousu və kameralarla işləmək bacarığı ilə seçilmişdir. Mahnısını tək ifa edən müğənni sadəcə məşhur pop ifaçısı deyil, həmçinin özünü caza həsr etmiş təcrübəli bir musiqiçidir. Onun əsas üstünlüyü isə vokal imkanları və soul janrında interpretasiya etmək bacarığına malik olmasıdır.

Final şousunun növbəti iştirakçısı Litva təmsilçisi Donny Montell "Baku Crystal Hall"un səhnəsində "Love is blind" mahnısını ifa etmişdir.

Əsl adı Donatas Montvidas olan müğənninin musiqi həyatı ölkəsinin "Pesnya, pesenka" müsabiqəsindən başlamışdır.

Belarusda keçirilən "Slavyan bazarı" festivalının baş mükafatını qazanan Donny Montell 2009-2010-cu illərdə "Eurovision" mahnı müsabiqəsinin seçim turlarında iştirak etmişdir. Donny Montellin sənət devizi belədir: "Yaratmaq, oxumaq, rəqs etmək!"

Bir çox televiziya verilişlərinin iştirakçısı olan Donny Montell "Duets Of The Stars" yarışmasında iştirak etmişdir. O, bu yarışmada həm tamaşaçıları, həm də münsiflər heyətini məftun etməyi bacarmışdır.

Bosniya və Herseqovinanın təmsilçisi Maya Sar "Eurovision-2012" mahnı müsabiqəsinin finalında yaddaqalan şou göstərmişdir.

Maya Sar Bakı yarışmasında ölkəsini "Korake Ti Znam" ("I know your footsteps") mahnısı ilə təmsil etmişdir.

Gənc olmasına baxmayaraq, Maya Sar musiqi aləmində bir sıra nailiyyətlərə imza atmışdır. Müğənni uzun müddət Dino Merlinin qrupunun üzvü olmuş və 56-cı "Eurovision" mahnı müsabiqəsində onunla birlikdə səhnədə çıxış etmişdir.

Müğənni özünün ilk bəstələdiyi "Nespretno" mahnısı ilə uğur qazanmışdır. O, "Land Play" ailə səsyazma studiyasında həyat yoldaşı və prodüseri Mahir Sarihodziç ilə birgə digər müğənnilər üçün də mahnı bəstələmiş və özünün ilk albomunu hazırlamışdır.

Rusiyanın "Buranovskiye babuşki" qrupu "Baku Crystal Hall"da səhnəyə altıncı çıxmışdır.

Qrup Rusiyanı final mərhələsində "Party for Everybody" mahnısı ilə təmsil etmişdir. Ənənəvi udmurt geyimində səhnəyə daxil olmuş qrupun üzvləri sobada kökə bişirmiş, yaddaqalan ifa nümayiş etdirmişlər.

"Buranovskiye babuşki" Rusiya Federasiyasının Udmurt Respublikasının Buranovo kəndindən olan folklor qrupudur. Qrupun ən yaşlı üzvünün 77 yaşı vardır. Qrup 2008-ci ildə "Rossiya" televiziyasında onun haqqında hazırlanmış proqramın nümayişindən sonra məşhurlaşmışdır. "Buranovskiye babuşki" Rusiya və Qərb musiqilərini, "Queen", "Aquarium", "Kino" və "Shocking Blue" kimi əfsanəvi musiqi qruplarının mahnılarını da ifa edir. Onların ifasına udmurt folklor musiqisinin əhval-ruhiyyəsi hakimdir.

Bakıda olduqları müddətdə rusiyalı nənələrin repertuarına udmurt dilində Azərbaycan haqqında mahnı da daxil edilmişdir. Nənələr udmurt dilində Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısını hazırlamışlar.

"Baku Crystal Hall"un səhnəsinə yeddinci çıxan İslandiyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçiləri Qreta Salome & Yonsi "Never Forget" mahnısını ifa etmişlər.

İslandiyalı müğənnilərin səhnədə nümayiş etdirdikləri performans, o cümlədən Qreta Salomenin skripkada ifası tamaşaçıların marağına səbəb olmuşdur. Arxa fonda mavi səma və buzlaqların təsvirinə baxmayaraq, Qreta Salome & Yonsinin ifa etdikləri mahnıdan "Baku Crystal Hall"un zalına mülayim ab-hava yayılmışdır.

İslandiyalı müğənni və skripkaçı Qreta Salome 1986-cı ildə dünyaya gəlmişdir. Qreta Salome 4 yaşından skripkada ifa etməyə başlamışdır. Onun duet ortağı Yonsi təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulmuşdur. Musiqi karyerasına 1997-ci ildən başlayan Yonsi 1998-ci ildən "İn black clothing" qrupunun üzvüdür. O, debütünü həmin qrupun tərkibində 1999-cu ildə etmişdir.

Müğənni İvi Adamou "Eurovision-2012" mahnı müsabiqəsinin final şousunun keçirildiyi "Baku Crystal Hall"un səhnəsində Kipri "La La Love" mahnısı ilə təmsil etmişdir.

İvi Adamou oynaq ritmli mahnısı, təqdim etdiyi performansı ilə zövqləri oxşamışdır.

Xanım müğənni cazibədarlığı və geyimi ilə bütün yarışma iştirakçılarından fərqlənmişdir.

 Müğənninin səhnədə oynaq hərəkətləri təqdim etdiyi mahnı ilə bir-birini tamamlamışdır. Tez-tez dəyişən işıq effektləri isə Kipr təmsilçisinin ifasını daha da təsirli etmişdir.

İvi Adamou musiqi karyerasına Yunanıstanın "X-Factor" yarışması ilə başlamışdır. O, vokal potensialını və güclü xarakterini məhz həmin televiziya şousunda yüksək səviyyədə nümayiş etdirmişdir. Müğənni uşaq yaşlarından musiqi nəzəriyyəsini, vokal və piano ifaçılığının sirlərini mənimsəmişdir.

Fransanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Anqun yarışmanın finalında "Baku Crystal Hall"un səhnəsinə doqquzuncu çıxmışdır.

Xanım müğənni İndoneziyanın Cakarta şəhərində anadan olmuşdur. Uşaq yaşlarından oxumağa başlayan Anqunun "Snow in the Sahara" adlı albomu dünyanın 30 ölkəsində, o cümlədən ABŞ-da buraxılmışdır. Müğənni Avropada musiqi albomu 2 milyon nüsxədə satılmış məşhur ulduzlardan biridir. Anqun Fransanın son onillikdə ən çox fransız dilində ifa edən müğənnisidir. O, həmçinin BMT-nin dünyadakı aclığa qarşı mübarizə aparan xoşməramlı səfiridir.

Xanım müğənninin bu yaxınlarda "Echo (You&I)" adlı yeni albomu işıq üzü görmüşdür.

Final mərhələsində "Baku Crystal Hall"un səhnəsinə onuncu çıxan İtaliyanın təmsilçisi Nina Zilli "L'Amore E Femmina" (Out Of Love) mahnısını ifa etmişdir.

On üç yaşından musiqi sahəsində fəaliyyətə başlayan Nina Zilli 1997-ci ildə özünün "The Jerks" qrupunu yaratmışdır. 2009-cu ildə isə ilk musiqi albomu işıq üzü görən təmsilçi 60-cı "San Remo" musiqi festivalında iştirak etmiş və xüsusi mükafata layiq görülmüşdür.

Estoniyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Ott Lepland  "Baku Crystal Hall"un səhnəsində final çıxışını etmişdir.

Ölkəsini "Eurovision-2012"də "Kuula" ("Listen") mahnısı ilə təmsil edən müğənni 1987-ci il mayın 17-də Tallinndə doğulmuşdur. Kiçik yaşlarından musiqi ilə məşğul olan müğənninin 1995-1996-cı illərdə uşaq mahnılarından ibarət 4 albomu buraxılmışdır. On il piano dərsi alan Ott Lepland hazırda Tallinn Musiqi Məktəbində pop və caz ifaçılığı ixtisası üzrə təhsilini davam etdirir. O, 2010-cu ildə Estoniyanın "Pop İdol" yarışmasının qalibi olduqdan sonra "Ott Lepland" adlı albomunu təqdim etmişdir. Sonuncu musiqi albomu isə 2011-ci ilin dekabrında musiqisevərlərin ixtiyarına verilmişdir.

Norveçin "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Touraj Keshtkar yarışmanın finalında "Baku Crystal Hall"un səhnəsinə 12-ci ifaçı statusunda çıxmışdır.

Ölkəsini "Stay" mahnısı ilə təmsil edən Tourajın ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

İranda doğulmuş bu ifaçı bir yaşında olarkən ailəsi Norveçə köçmüşdür. 16 yaşından model sənətinə gələn Touraj Keshtkar daha sonra karyerasını televiziyada davam etdirmişdir. Müğənni Norveçin "MTV" televiziya kanalının iki proqramında teleaparıcı kimi fəaliyyət göstərmişdir.

Norveç təmsilçisi uşaqların müdafiəsi üzrə təhsil almışdır və hazırda reabilitasiya şöbəsində uşaq müdafiəsi üzrə məsləhətçi işləyir. O, bu işini gərgin və ictimai cəhətdən faydalı hesab edir.

Touraj "Swan Song" adlı ilk mahnısını 2008-ci ildə təqdim etmişdir.

"Baku Crystall Hall"un səhnəsinə xalq artisti Alim Qasımov ilə birlikdə çıxan Azərbaycan təmsilçisi Səbinə Babayeva geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirmişdir. Səbinə Babayevanın geyimində parıltıdan əlavə səhnədəki işıqları özündə əks etdirən xüsusi elementlər də vardır.

Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Səbinə "Eurovision-2012" mahnı müsabiqəsinin favoritlərindən hesab olunur. Asəf Zeynallı adına Musiqi Kollecini bitirən Səbinə Babayeva pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır. 50-dək caz standartı bilən ifaçı 2009-cu ildə Latviyada keçirilən "Amberstar" müsabiqəsində, Moskvadakı "Slavyan ulduzu" yarışmasında "Qran-pri" mükafatına layiq görülmüşdür. O, 2001-ci ildə gənc ifaçılar arasında "Qızıl açar" respublika müsabiqəsinin qalibi olmuşdur.

Rumıniyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi "Mandinga" qrupu yarışmanın finalında "Baku Crystal Hall"un səhnəsində yaddaqalan ifa nümayiş etdirmişdir.

Qrup Rumıniyanı Bakı səhnəsində ispan və ingilis dillərində, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil etmişdir.  Təqdim edilmiş şux ifanı arxa fonda və səhnədə əks olunan rəngarəng çalarlar tamamlamışdır. Qrupun nümayiş etdirdiyi performans tamaşaçıların marağına səbəb olmuşdur.

"Mandinga" qrupu 7 nəfərdən ibarətdir. Qrupda Yelena, Aleks, Çupi, El Nino, Omar, Zak və Toni təmsil olunur. "Eurovision" mahnı müsabiqəsinin qaydalarına görə, hər ölkənin şousu zamanı səhnəyə  6 nəfərdən çox iştirakçının çıxmasına icazə verilmədiyindən qrupun bir üzvü - Toni dostlarını "Green Room"dan dəstəkləmişdir.

Danimarkanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Soluna Samay final səhnəsinə 15-ci çıxmışdır.

Ölkəsini "Should Have Known Better" mahnısı ilə təmsil edən müğənni bu mötəbər yarışmanın ən təcrübəli ifaçılarından biridir.

Danimarka təmsilçisi karyerasına "Sing Out Loud" musiqi albomu ilə başlamışdır. Dənizçi papağı geyinmiş xanım Soluna Samay səhnədə heyranedici performans nümayiş etdirərək maraqlı şou göstərmişdir.

1990-cı ildə anadan olmuş Soluna Samay musiqi karyerasına "Sing Out Loud" musiqi albomu ilə başlamışdır. 6 yaşından ifaçılıqla məşğul olan Danimarka təmsilçisi küçələrdə atası ilə bərabər tamaşalar göstərərək pul qazanmışdır. Atası Soluna Samaya zərb alətlərində, kontrabasda və gitarada ifa etməyi öyrətmişdir.

Müğənni ilk mahnısını 10 yaşında olarkən yazmışdır.

"Eurovision-2012" mahnı müsabiqəsinin finalında "Baku Crystal Hall"da səhnəyə 16-cı çıxan Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou olmuşdur.

Müsabiqədə ölkəsini "Aphrodisiac" mahnısı ilə təmsil edən müğənni səhnədə vokal imkanları ilə yanaşı, maraqlı performans da nümayiş etdirmişdir.

Eleftherianın ifası güçlü səs, mükəmməl səhnə şousu və möhtəşəm rəqs elementləri ilə müşayiət olunmuşdur.

Səhnədə "Elle" adı ilə də tanınan müğənni daha çox Yunanıstanın "The X-Factor" televiziya müsabiqəsindən məşhurlaşmışdır. 2006-cı ildə "Play That Melody To Me" mahnısı ilə Kiprin, 2010-cu ildə "Tables İs Turning" mahnısı ilə Yunanıstanın "Eurovision" milli seçimlərində iştirak etmişdir. Eleftheria Eleftheriou vokal və rəqs imkanları ilə yanaşı, pianoda gözəl ifa etməyi də bacarır. Bundan başqa, Eleftheria rəsm çəkməyi, rəqs etməyi və idmanla məşğul olmağı çox sevir.

"Baku Crystal Hall"un səhnəsində növbəti finalçı İsveçin təmsilçisi Lorin olmuşdur. Səhnəyə 17-ci çıxan Lorin "Euphoria" mahnısını ifa etmişdir.

Əslən Mərakeşdən olan Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. O, İsveçin "İdol 2004" müsabiqəsindən sonra populyarlıq qazanmışdır. İlk mahnısını 2005-ci ildə təqdim edən xanım ifaçı bir müddət televiziyada aparıcı olmuşdur.

O, 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin milli seçimlərində iştirak etmişdir. İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu isə bu il reallaşmışdır.

"Melodifestivalen" yarışmasında iştirak edən Lorin rekord göstərici ilə qalib elan olunmuşdur. Onun həmin müsabiqədə oxuduğu "Euphoria" mahnısına 4 milyon 670 min tamaşaçı səs vermişdir.

"Eurovision-2012" mahnı müsabiqəsinin finalında "Baku Crystal Hall"un səhnəsinə çıxan növbəti ifaçı Türkiyənin təmsilçisi Can Bonomo olmuşdur. O, "Love Me Back" mahnısını ifa etmişdir.

Gitaraçı Can Bonomo sənətdə ilk addımlarını 8 yaşında atmışdır.  İstanbuldakı Bilgi Universitetinin kino və televiziya fakültəsində təhsil alan Can Bonomo ölkəsinin müxtəlif televiziya və radio kanallarında çalışmış, bir neçə reklama çəkilmişdir. Müğənninin sonuncu "Meczub" albomu isə hitə çevrilmişdir. Albomdakı mahnıların böyük əksəriyyəti Can Bonomoya məxsusdur.

Can Bonomonun ifası həm "Baku Crystal Hall"un səhnəsində, həm də Mətbuat Mərkəzində alqışlarla qarşılanmışdır.

İspaniyanı 57-ci "Eurovision" mahnı müsabiqəsinin final şousunda təmsil edən Pastora Soler "Baku Crystal Hall"un səhnəsinə 19-cu ifaçı statusunda çıxmışdır.

Ölkəsini müsabiqədə "Stay With Me" mahnısı ilə təmsil edən xanım müğənni İspaniyanın ən güclü səsə malik ifaçılarından hesab olunur. İspaniyalı ifaçı 18 ildən artıqdır ki, peşəkar səhnədədir. Pastora Solerin üç "Platin" və dörd "Qızıl" musiqi albomu işıq üzü görmüşdür. O, musiqi karyerası boyunca bir çox dəyərli mükafatlara layiq görülmüşdür.

İspaniyalı təmsilçinin səhnə tərtibatı çox maraqlı olmuşdur. Mavi işıqların fonunda qurulan səhnə tərtibatı şüşədən süzülən yağış damcıları təsvirini yaratmışdır. Pastora Soleri isə səhnədə 5 vokal ifaçısı müşayiət etmişdir.

İspaniyanın 42 yaşlı təmsilçisinin ilk musiqi albomu 1994-cü ildə işıq üzü görmüşdür.

Almaniyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Roman Lob "Baku Crystal Hall"un səhnəsində final çıxışını təqdim etmişdir.

Almaniya müğənnisi səhnəyə "Standing Still" mahnısı ilə çıxmışdır.

Roman Lob 1990-cı ildə Düsseldorfda doğulmuşdur. Səkkiz yaşından musiqi ilə məşğul olan müğənni uşaq bağçasının xorunda oxumuş, daha sonra isə pianoda ifa etməyə başlamışdır.

Musiqi karyerasına 2006-cı ildən başlayan müğənni "Rooftop Kingdom" rok qrupunun üzvü olmuşdur.

"Baku Crystal Hall"un səhnəsinə 21-ci  çıxan Maltanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Kurt Kalleya final şousunda "This is the night" mahnısını ifa etmişdir.

Gözəl performansla yadda qalan 22 yaşlı müğənni İngiltərədə olduğu müddətdə boş vaxtlarını piano dərsləri almağa, kiçik səhnələrdə çıxış etməyə sərf etmişdir.

Bəstəkar və müğənni Kurt Kalleya müxtəlif televiziya şoularında bek-vokalçı, solo ifaçı kimi də iştirak edir. O, İtaliyanın Venesiya şəhərində keçirilən "Orfeo" Beynəlxalq festivalının qalibi olmuşdur.

"Baku Crystal Hall"da keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin finalında səhnəyə iyirmi ikinci çıxan Makedoniya təmsilçisi Kaliopi Bukle olmuşdur.

Xanım müğənni müsabiqədə ölkəsini müəllifi olduğu "Black and White" mahnısı ilə təmsil etmişdir.

Balkanlarda məşhur müğənnilərdən biri olan Kaliopi Bukle vətənində 100-dən çox konsert vermiş, bir sıra teatr tamaşalarında və filmlərdə rol almışdır.

Doqquz yaşında musiqi sahəsində ilk qələbəsini əldə edən makedoniyalı təmsilçi 1996-cı ildə "Skopye" festivalında birinci yerə layiq görülmüşdür. Kaliopi Buklenin indiyədək işıq üzü görmüş doqquz musiqi albomunun hər biri "Album Of The Year" (İlin Albomu) nominasiyasında qalib seçilmişdir.

Makedoniyalı təmsilçi ölkəsində məşhur pop ifaçısı, bəstəkar, şair kimi tanınmaqla yanaşı, humanitar tədbirlərdə də fəal iştirak edir. Kaliopi Makedoniya iqtisadiyyatının dünyadakı fəxri səfiri, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının fəxri səfiri adına layiq görülmüşdür.

İrlandiyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən "Jedward" qrupu "Baku Crystal Hall"un səhnəsində final çıxışını etmişdir.

Ölkələrini 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edən əkiz qardaşlar mahnılarını fəvvarələrin fonunda təqdim etmişlər.

Yarışmada "Waterline" mahnısı ilə çıxış edən İrlandiyanın "Jedward" qrupunun geyimləri səhnə quruluşları ilə həmahənglik təşkil etmişdir.

Qardaşlar milli seçimlərdə 5 namizəd arasından tamaşaçıların və münsiflərin rəyi əsasında 114 səslə qalib olmuşlar. Qrup pop-dueti Con və Edvard Qrayms qardaşlarından ibarətdir. Bu əkiz qardaşlar 1991-ci il oktyabrın 16-da Dublində anadan olmuşlar. Duet ilk dəfə "Jedward" adı ilə 2009-cu ildə Böyük Britaniyanın "The X Factor" musiqi yarışmasında altıncı yeri, 2011-ci ildə İrlandiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil edərək səkkizinci olmuşlar. Qardaşların indiyədək iki musiqi albomu işıq üzü görmüşdür.

"Eurovision-2012" mahnı müsabiqəsinin finalında  "Baku Crystal Hall"un səhnəsinə çıxan növbəti ifaçı Serbiya təmsilçisi Zeljko Yoksimoviç olmuşdur.

Zeljko Yoksimoviç ölkəsini Bakı şousunda özünün bəstələdiyi "Nije Ljubav Stvar" mahnısı ilə təmsil etmişdir.

O, "Eurovison"a dəfələrlə qatılmışdır. Müğənni "Eurovision-2004"də o vaxtkı Serbiya və Monteneqro Respublikasını təmsil edərək ikinci yerə layiq görülmüşdür. Müğənni, həmçinin Bosniya və Herseqovinaya "Eurovision-2006"da üçüncü yeri qazandıran "Lejla" mahnısının müəllifidir. Zeljko Yoksimoviç Serbiyanın "Eurovision-2008" mahnı müsabiqəsindəki təmsilçisinin ifa etdiyi mahnını və Azərbaycanın "Eurovision-2010"dakı mahnısının Balkan versiyasını hazırlamışdır.

Serbiya Bakıda keçirilən "Eurovison-2012" mahnı müsabiqəsində təmsilçisini elan edən ilk ölkələrdən biridir.

Ukraynanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Qaytana Essami musiqi yarışmasının finalında "Baku Crystal Hall"un səhnəsinə 25-ci çıxmışdır.

"Be my guest" mahnısını ifa edən müğənninin yüksək səs diapazonu və səhnə jestləri tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.

Ukraynalı təmsilçinin mahnısının quruluşunda diqqəti cəlb edən əsas cəhət isə rəngarəng səhnə üslubu olmuşdur. Müğənninin arxa fonundakı iri monitorlarda rəngli heykəllərin rəqsləri, müxtəlif hərəkətləri və həmçinin tez-tez dəyişən kadrlar nümayiş etdirilmişdir.

Qaytana Essamini müşayiət edən rəqqaslar isə çox parlaq rənglərdə olan geyimləri ilə müğənninin mahnısını tamamlamışlar.

Beş yaşınadək Konqoda yaşamış Qaytana Essami müğənnilik karyerasına 1991-ci ildə başlamışdır. İlk musiqi albomu 2003-cü ildə çıxan ukraynalı təmsilçi ölkəsinin milli seçim mərhələsinin finalında 21 ifaçı ilə yarışmışdır. Müğənni milli seçim mərhələsində qələbə qazanaraq "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etmək hüququ əldə etmişdir.

"Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsində "Baku Crystal Hall"un səhnəsinə sonuncu - 26-cı çıxan ifaçı Moldova təmsilçisi Paşa Parfeni olmuşdur.

Moldova təmsilçisi Bakı səhnəsində "Lautar" mahnısını ifa etmişdir.

Paşa Parfeni "Slavyan bazarı" və "Mamaia-2009" mahnı müsabiqələrinin qalibi olmuşdur.

Müğənni 2009, 2010 və 2011-ci illərdə "No Crime", "You should like to show" və "Dorule" mahnıları ilə ölkəsinin "Eurovision" mahnı müsabiqəsinin milli seçimlərində iştirak etmişdir.

Paşa Parfeninin yaşının az olmasına baxmayaraq, böyük musiqi təcrübəsi vardır. O, müxtəlif festivallarda iştirak etmiş və demək olar ki, daim qalib olmuşdur. Musiqi karyerasına 7 yaşında olarkən pianino dərsləri almaqla başlayan müğənni 2002-ci ildə Tiraspol Musiqi Kollecinə daxil olmuş və vokal sahəsində böyük təcrübə qazanmışdır.

 

*  *  *

 

"Baku Crystal Hall"da "Eurovision-2012" mahnı müsabiqəsində qalib adı uğrunda mübarizə aparan 26 ölkənin təmsilçilərinin ifaları başa çatdıqdan sonra final şousunun iştirakçılarına səsvermə başlamışdır.

Səsvermə üçün ayrılmış vaxtda interval şousu yarışmanın "Öz məşəlini alovlandır!" şüarını Azərbaycan mədəniyyətinin keçmişi, bu günü və sabahının sintezi ilə səhnədə canlandırmışdır. Bu şou tamaşaçılara tanınmış müğənni və bəstəkar Emin Ağalarovun təqdimatında çatdırılmışdır. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşayiət etmişdir.

"Öz məşəli alovlandır!" şousu Azərbaycanın qədim musiqi alətləri kamançanın, balabanın və zurnanın müşayiəti ilə başlamışdır. Bu performans skripkaçıların ifası ilə davam etmişdir. Daha sonra isə nağaraçalanlar şouya qoşulmuşdur. Ardınca səhnədə alov püskürmüşdür. Bu isə möhtəşəm bir görüntü yaratmışdır. Elə bu zaman Emin Ağalarov 20 metr hündürlükdən səhnəyə enmiş və "Never Enough" mahnısını ifa etmişdir.

Performansın sonunda səhnədə Azərbaycanın bayrağı qaldırılmışdır.

 

*  *  *

 

"Baku Crystal Hall"da 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi müəyyən olunmuşdur.

Müsabiqənin final mərhələsində qələbə uğrunda 26 ölkənin mübarizəsində birinci yeri 372 səs toplayan İsveç təmsilçisi Lorin tutmuşdur.

İkinci yerə Rusiyanın "Buranovskiye babuşki" qrupu layiq görülmüşdür. Üçüncü yerə isə Serbiya təmsilçisi Zeljko Yoksimoviç  çıxmışdır. Azərbaycanı bu yarışmada təmsil edən Səbinə Babayeva dördüncü, Albaniya təmsilçisi Rona Nişliu isə beşinci yerdə qərarlaşmışlar.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 5; 6.