“Eurovision-2012” mahnı müsabiqəsi uzun
illər yaddaşlardan silinməyəcəkdir
"Eurovision-2012" mahnı müsabiqəsi təkcə 42 dövlətin deyil, əslində bütün dünyanın musiqi bayramıdır. Ona görə ki, musiqi sərhəd tanımır, o hansı dildə, kim tərəfindən oxunmasına baxmayaraq, qəlblərə yol tapa bilirsə, deməli, hamınındır.
Bu mənada Azərbaycanda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi də dünyanın diqqət mərkəzindədir. Hamı bu yarışmadan danışır, möhtəşəm "Baku Crystal Hall"un səhnəsinə efirdən belə baxmağı özünə borc bilir və Bakıda hazırlanan bu şounu maraqla izləyir...
Mayın 25-də "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsinin iştirakçılarının jurnalistlər və fanatlar qarşısında əsas məşqləri olmuşdur.
AzərTAc xəbər verir ki, ötənilki yarışmanın qalibi kimi finala birbaşa vəsiqə qazanmış Azərbaycan və "Böyük beşlik" təmsilçiləri də daxil olmaqla, finalda iştirak edəcək 26 ölkə əsas şou ərəfəsində "Baku Crystal Hall"un səhnəsində bir-birinin ardınca məşq etmişlər.
Məşqlərdən sonra keçirilən mətbuat konfransında təmsilçilər yarışma, eləcə də ölkəmizlə bağlı fikirlərini bölüşmüşlər.
"Mən tolerantlığı sevirəm. Azərbaycan müsəlman Şərqində qadınlara seçki hüququ vermiş ilk dövlətdir", - deyən Fransanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Anqun mahnı müsabiqəsində ölkəsini təmsil etməkdən qürur duyduğunu bildirmişdir.
Müğənni Bakıda gördüyü insanların qonaqpərvərliyindən, mehribanlığından məmnunluq ifadə etmişdir.
Almaniyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Roman Lob isə "Baku Crystal Hall"u çox bəyəndiyini, buradakı səhnə və səs effektlərinin möhtəşəmliyini dilə gətirmişdir. Bakını gəzdiyini diqqətə çatdıran Roman Lob şəhərimizdən çox xoşu gəldiyini bildirmişdir.
Almaniya təmsilçisi demişdir: "Buranın insanları çox mehriban və qonaqpərvərdirlər. "Eurovision-2012" mahnı müsabiqəsi təmsilçilərindən Səbinə Babayevanın nümayiş etdirdiyi performans çox xoşuma gəlir. Səbinənin ilk beşlikdə yer alacağına inanıram. Biz bir həftədir ki, Bakıdayıq. Bura gəldiyimizin ikinci günündə şəhəri gəzdik, görməli yerlərə baş çəkdik. Bakı çox gözəl şəhərdir".
Roman Lob Azərbaycanın gözəl yeməklərinin dadına baxdığını, xüsusən qoyun ətindən kababı çox bəyəndiyini də söyləmişdir.
"Eurovision-2010" mahnı müsabiqəsinin qalibi Lena Meyerin zala daxil olması isə Roman Lob və jurnalistlər üçün sürpriz olmuşdur.
"Eurovision-2010"-un qalibi Lena Meyer həmvətəni Roman Lob haqqında fikirlərini bölüşmüşdür. O, ölkəsini builki yarışmada təmsil edən Roman Lobun istedadlı müğənni olduğunu bildirmişdir.
Bakıda hər şeyin çox gözəl olduğunu bildirən İtaliya təmsilçisi Nina Zilli demişdir: "Bakı kimi gözəl şəhərdə keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində İtaliyanı təmsil etməkdən qürur duyuram. Bu yarışmada qalib gələrək hər birinizi İtaliyada görəcəyimə ümid edirəm".
İlk dəfədir ki, Azərbaycana səfər etdiyini söyləyən Nina Zilli ölkəmizin çox gözəl tarixə və mədəniyyətə sahib olduğunu bildirmişdir. O, Bakını, İçərişəhəri gəzdiyini, buranın qədimliyi və tarixinin onu cəlb etdiyini vurğulamışdır.
Finala vəsiqə qazana bilməyən 16 ölkənin təmsilçilərinə görə məyus olduğunu söyləyən Azərbaycan təmsilçisi Səbinə Babayeva onların çox gözəl şou nümayiş etdirdiklərini bildirmişdir.
Səbinə Babayeva Ermənistanın builki yarışmada iştirak etməməsi barədə verilən suala isə belə cavab vermişdir: "Bu il Polşa da müsabiqədə iştirak etmir. Şübhəsiz, bəzi ölkələrin müsabiqədə iştirak etməməsinə təəssüflənirəm".
Təmsilçimiz jurnalistin "Ermənistana hər hansı mesaj göndərmək istəyirsinizmi" sualına cavab olaraq isə demişdir: "Eurovision" müsabiqəsi siyasi meydan deyil, bir musiqi yarışmasıdır".
Səbinə Babayeva Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink haqqında da fikirlərini bildirmişdir: "Bu cür dünya şöhrətli ifaçı ilə eyni səhnəni bölüşmək hər bir gənc musiqiçi üçün böyük şərəfdir. Bu da onu göstərir ki, əfsanəvi müğənni həyatında qazandığı uğurlara baxmayaraq, özünü ulduz kimi aparmır. Bu isə onu hamıya sevdirir".
"Eurovision-2012" mahnı müsabiqəsinin finalında iştirak etməyi həyatının ən gözəl anı hesab edən İspaniyanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Pastora Soler Bakıya qalib olmaq üçün gəldiyini bildirmişdir.
"Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakıya gəlmiş xarici jurnalistlər Azərbaycanın ev sahibliyi etdiyi bu möhtəşəm musiqi yarışmasına hazırlığı, "Baku Crystal Hall"un bənzərsizliyini, xalqımızın milli adət-ənənələrini, səmimi münasibətini, qonaqpərvərliyini yüksək qiymətləndirmişlər.
"Bir jurnalist kimi deyə bilərəm ki, "Bakı Crystal Hall"un Mətbuat Mərkəzində işləmək mənə çox rahat və xoşdur". Bu sözlərin müəllifi Ukraynadan gəlmiş jurnalist Natalya Kovaçeviçdir. O bildirmişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsində təşkilatçılıq çox yüksək səviyyədədir. Ümumiyyətlə, iş prosesində jurnalistin qarşılaşacağı bütün problemlər Mətbuat Mərkəzində əvvəlcədən nəzərə alınmışdır. Buranın mətbuat xidməti çox yaxşı işləyir, bütün məşqlərin, tədbirlərin proqramı jurnalistlərə verilir, mətbuat katiblərinin telefon nömrələrini asanlıqla öyrənmək olur. Həmçinin şəhərdə də yüksək səviyyədə hazırlıq işləri aparılmışdır. Bir il ərzində böyük işlər görülmüşdür. Ümumiyyətlə, Bakı sakinləri arzu etdikləri mühitdə yaşayırlar. Onların qonaqpərvərliyi adamı valeh edir.
Bakıda hər yerin təmiz və səliqəli olduğunu söyləyən almaniyalı jurnalist Sascha Suden vurğulamışdır ki, şəhərin sakinləri qonaqpərvər və mehribandırlar. On üç ildir müsabiqəyə jurnalist kimi qatıldığını deyən almaniyalı jurnalist Bakı şousunun yüksək səviyyədə təşkil edildiyini bildirmişdir. "Baku Crystall Hall" heyranedicidir. Mətbuat Mərkəzində hər hansı məsələ ilə bağlı könüllülərə müraciət etdikdə, böyük məmnuniyyətlə kömək edirlər. Sascha Suden, həmçinin burada təhlükəsizliyin qaydasında olduğunu diqqətə çatdırmışdır.
Çox sevindiricidir ki, 1956-cı ildə keçirilmiş ilk "Eurovision" mahnı müsabiqəsində təmsil etdiyi İsveçrəyə qalibiyyət qazandırmış Lis Asia 57-ci yarışmanın yarımfinal və final şoularını izləmək üçün Bakıya gəlmişdir.
Bu ərəfədə "Eurovision" mahnı müsabiqəsinin ilk qalibi "Eurovision" Mərkəzində olmuşdur. İsveçrəli qonaq mərkəzdə yarışmanın 57 illik tarixini və Azərbaycanın "Eurovision" səhnəsindəki qələbəsini əks etdirən ekspozisiyanı maraqla izləmişdir. Görkəmli müğənni, həmçinin burada açılmış Azərbaycan milli musiqisi alətlərinin sərgisinə tamaşa etmişdir.
Bakıda olduğu müddətdə
"Atəşgah məbədi" Dövlət
Tarix-Memarlıq Qoruğunda olan Lis Asia
"Light your fire!" şüarının ölkəmizə
çox yaraşdığını demişdir.
Azərbaycan.- 2012.- 27 may.- S. 6.