Çingiz QƏNİZADƏ: “Azərbaycanla bağlı qərəzli qətnamənin
qəbul edilməsi əvvəlcədən
hazırlanmış bir ssenarinin
tərkib hissəsidir”
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə ölkəmizdə ciddi narazılığa səbəb olub. Qeyd edək ki, Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56 üzvü iştirak edib və onların da 49 nəfəri sənədin lehinə səs verib. Digər tərəfdən, qətnamə Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində qəbul olunub. Təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik şəkildə qəbul edilmiş qətnamədə çoxsaylı yanlışlıqlar, yoxlanılmamış müddəalar əksini tapıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz QƏNİZADƏ hesab edir ki, Avropa Parlamentinin 56 deputatının iştirakı ilə gündəlikdə olmayan məsələnin qəfil müzakirəyə çıxarılması və belə bir qətnamənin qəbul edilməsi əvvəlcədən hazırlanmış bir ssenarinin tərkib hissəsidir: "Əgər Avropa Parlamenti ən azı bu məsələ ilə bağlı qərar qəbul edirdisə, Azərbaycan tərəfini məlumatlandırmalı və qabaqcadan belə toplantıya dəvət etməli idi. Ona görə də bu qərar təəssüf və narahatlıq hissləri doğurmaya bilməz. Çünki təxminən bir ay əvvəl Bakıda keçirilən Avronest Parlament Assambleyasının iclasında ölkəmizdə insan haqları, söz azadlığı ilə bağlı məsələlər geniş müzakirə olunmuş və Azərbaycanda insan hüquqlarının vəziyyəti qənaətbəxş qiymətləndirilərək bəzi sənədlər qəbul edilmişdi. İndi nə baş verdi ki, təxirə salmadan belə bir qərəzli qətnamə qəbul edildi?"
Deputatın fikrincə, bu, son dövrlər Avropa mətbuatında dərc edilən yazılar, ayrı-ayrı dövlətlərin siyasi partiyalarının nümayəndələrinin adı ilə ölkəmizə qarşı edilən təzyiqlərlə əlaqəli bir qətnamədir. Artıq bir neçə aydır ki, Avropanın bəzi dövlətləri tərəfindən Azərbaycana qarşı qərəzli təbliğat kampaniyası aparılır. Bu qərarın qəbulu da həmin kiçik kampaniyanın tərkib hissəsidir: "Çox təəssüf ki, Avropa Parlamenti araşdırma aparmadan, müxtəlif mövqelərdən informasiyaları əldə etməklə tələsik belə bir qətnamə qəbul edib və bu, qəbul olunmazdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin rəsmi strukturları buna etiraz edəcəklər və bu da davamlı həyata keçirilməlidir". Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycanda insan haqlarının müdafiəsi ilə bağlı hər hansı bir məsələni gündəmə gətirib onunla bağlı qətnamə qəbul etmək üçün əvvəlcə ölkənin mövqeyini öyrənmək, göstərilən faktların monitorinqini keçirmək lazımdır. Hansısa təşkilatlardan informasiyalar əldə edib və o məlumatlara köklənərək belə bir mühüm qurumun adından qərar qəbul etmək başa düşülən deyil. Ç.Qənizadənin sözlərinə görə, hər bir istənilən dövlətdə insan haqları, söz və mətbuat azadlığı ilə bağlı bu və ya digər formada problem tapmaq mümkündür. Ancaq çox təəssüf ki, bu qərarı qəbul edən dövlətlərin özlərində may ayının 1-dən başlayaraq mütəmadi olaraq insan haqlarının pozulması halları baş verir. Bu hadisələr isə həmin ölkələrdə insan haqlarının pozulması halı kimi qiymətləndirilmir və hər hansı bir qərar qəbul olunmur. Ancaq Azərbaycanda baş verən hər hansı bir məsələni ölkənin siyasi mövqeyi kimi dəyərləndirib onun haqqında mənfi imic formalaşdırmağa çalışırlar.
Deputat qeyd edib ki, bütün bu məsələlərin kökündə Azərbaycanın müstəqil siyasət aparması dayanır. Ona görə də bəzi qüvvələr Azərbaycanın sürətli inkişafından narahat olurlar: "Bu məsələnin kökündə bizim bildiyimiz, lakin görünməyən məqamlar var. Artıq biz son dövrlər Azərbaycana qarşı başlanan kampaniyanın əsl məqsədini bilirik. Mən və bəzi deputat həmkarlarım aprel ayında Almaniyada səfərdə olarkən keçirdiyimiz görüşlərdən bu məsələni müəyyənləşdirmişdik. Artıq Azərbaycanın Cənubi Qafqazda deyil, keçmiş SSRİ və dünya məkanında söz sahibinə çevrilməsi və qüdrətli dövlət olaraq öz sözünü deməsi bəzi dövlətlərdə qısqanclıq yaradır. Azərbaycanın iqtisadi gücü günü-gündən artır, daxili və xarici siyasətində müstəqillik var, dövlətimiz hər hansısa bir ölkənin təsiri altında deyil və kiminsə diktəsi ilə hərəkət etmir. Eyni zamanda, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Azərbaycanın Prezidenti isə xalqın milli maraqlarına uyğun siyasət aparır və xalq tərəfindən sevilir. Ona görə də Avropanın bəzi güclü dövlətləri bunu qəbul etmək istəmirlər".
Ç.Qənizadə hesab edir ki, Azərbaycan gücləndikcə ölkəmizə qarşı bu cür basqılar olacaq və belə qərarların, qətnamələrin sayı artacaq. Ona görə də həqiqətə uyğun olmayan belə qətnamələrin qəbuluna hazır olmalıyıq. Ancaq xalq inanır ki, Azərbaycan Prezidentinin daxili və xarici siyasət kursunu bu cür qərarlar dəyişdirə bilməyəcək, ölkəmiz öz müstəqilliyini qorumaqla, müstəqil siyasətini də davam etdirəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 27 may.- S. 7.