Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkə ictimaiyyətində ciddi narazılıq doğurmuşdur

 

Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdur.

Azərbaycan Sosial Rifah Partiyası Ali Məclisinin mayın 26-da keçirilmiş iclasında qərəzli qətnamə ilə bağlı bəyanat qəbul olunmuşdur.

Bəyanatda bildirilir ki, bu qətnamə Avropa Parlamentinin bitərəfliyini və fəaliyyətinin şəffaflığını şübhə altına salır. Çünki 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda, bu qurumun bir neçə gün əvvəl baş vermiş kiçik hadisəyə görə heç bir araşdırma aparmadan əsassız qərar qəbul etməsinin başqa izahı ola bilməz.

Bəyanatda bildirilir ki, qətnamədə qeyd olunanların reallıqla heç bir əlaqəsi yoxdur. Azərbaycanda müxalifət partiyalarının və kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış imkanlar Avropa ölkələrindən heç də geri qalmır.

Azərbaycanın son illər əldə etdiyi uğurların, regionda həyata keçirdiyi irimiqyaslı layihələrin bəzi qüvvələrin qısqanclığına səbəb olduğu qeyd edilən bəyanatda vurğulanır ki, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi bir vaxtda bu cür qətnamənin qəbul olunması ölkənin imicinə zərbə vurmaq istəyindən başqa bir şey deyildir.

Bəyanatda bildirilir ki, Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına və zənginləşdirilməsinin qarşısının alınmasına yönəlmiş bir addımdır. Lakin təşkilatın bu əsassız, ədalətsiz və qeyri-obyektiv qərarı Azərbaycanı demokratik dəyərlərə sadiqlik mövqeyindən döndərməyəcəkdir.

Bəyanatda xüsusi vurğulanır ki, Avropa Parlamentinin bəzi qüvvələrin təsiri altına düşmüş bir qrup deputatının qəbul etdiyi qərəzli qətnamə Azərbaycanda böyük təəssüf hissi ilə qarşılanmaqla yanaşı, qurumun demokratik imicinə xələl gətirir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 may.- S. 7.