“Baku Crystal Hall” səhnəsində “Eurovision-2012” mahnı müsabiqəsi
iştirakçılarının məşqləri
başlamışdır
Müxtəlif
ölkələrin təmsilçiləri Azərbaycanla
bağlı fikirlərini bölüşmüşlər
Mayın 13-də "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall" və bu məkandakı Mətbuat Mərkəzi rəsmən fəaliyyətə başlamışlar. Həmin gün, həmçinin müsabiqə iştirakçılarının "Baku Crystal Hall"da ilk məşqlərinə də start verilmiş və məşqlərdən sonra ifaçılar Mətbuat Mərkəzində mətbuat konfransı keçirərək özlərinin ilkin təəssüratlarını bölüşmüşlər.
AzərTAc xəbər verir ki, 1500-dək jurnalistin izləyəcəyi müsabiqənin işıqlandırılması üçün ayrılan zalda 490 kompyuter, 160 əlavə kompyuterin internetə qoşulması üçün yerlər, 30 printer qurğusu və iri monitor quraşdırılmışdır.
"Salam, Avropa!",- deyə bütün iştirakçıları və qonaqları salamlayan "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand Azərbaycanın dördüncü cəhdindən sonra ötən il yarışmanın qalibi olduğunu diqqətə çatdırmışdır.
Yan Ola Sand bildirmişdir ki, Azərbaycan
"Eurovision" arealının ən şərqində yerləşən ölkədir. Bütün Avropa
üçün Azərbaycanı,
onun mədəniyyətini
və xalqını tanımaq, qonaqpərvərliyinin
şahidi olmaq imkanı yaranmışdır.
Bu məkan ta
qədimdən "Odlar
Yurdu" kimi tanınır. Azərbaycanın "Odlar diyarı" olduğunu əks etdirmək və
"Eurovision" ab-havasını yaşatmaq üçün
builki müsabiqə
"Light Your Fire!" şüarı altında keçirilir.
Sonda
"Eurovision"un rəhbəri 42 ölkənin
bütün təmsilçilərinə
uğurlar arzulamış
və Bakı səhnəsinin səbirsizliklə
onların gözəl
çıxışlarını gözlədiyini bildirmişdir.
Həmin gün "Baku Crystal Hall"da
məşqlərə ilk olaraq
"Euro Neuro" mahnısı
ilə Montoneqro təmsilçisi Rambo Amadeus başlamışdır.
İlk məşqdən sonra keçirdiyi
mətbuat konfransında
Monteneqro təmsilçisi
demişdir: "Baku Crystal Hal"ın
çox böyük səhnəsi vardır . Bu, "Eurovision" yarışmasının
keçirilməsi üçün
tam uyğun bir səhnədir. Bundan əlavə,
zalın dəniz kənarında yerləşməsi
də bu yerin böyük üstünlüyüdür".
Monteneqro təmsilçisindən sonra
İslandiyadan olan iştirakçılar Qreta
Salome & Yonsi səhnəyə
çıxmışlar. Onlar yarışmada
ölkələrini "Never Forget" mahnısı ilə təmsil edəcəklər.
İslandiyadan olan iştirakçı Qreta Salome demişdir ki, Azərbaycana ilk səfərim olsa da mən bu
şəhəri və
insanlarını çox
sevdim.
İslandiyalı müğənni azərbaycanlıların
çox qonaqpərvər
və mehriban olduqlarını diqqətə
çatdırmışdır. O, Bakının
gözəl küçələri
və yaraşıqlı
binaları ilə diqqət çəkdiyini
demişdir. "Adından göründüyü
kimi, Azərbaycan
"Odlar yurdu"dur deyə vurğulayan Qreta Salome müsabiqənin
yüksək səviyyədə
təşkil edildiyini
xüsusi qeyd etmişdir. O, "Eurovision-2012" mahnı müsabiqəsinin
istər təşkilatçılıq,
istər də zal və səhnə
baxımından indiyədək
gördüklərinin arasında
ən gözəl bir məkan olduğunu diqqətə çatdırmışdır.
"Eurovision-2012"
mahnı müsabiqəsində
bu il
Azərbaycanı təmsil
edəcək Səbinə
Babayevanın səsini
və ifasını bəyəndiyini vurğulayan
islandiyalı qonaq,
"When the Music Dies" mahnısının
mükəmməl bir
ifa və bəstənin vəhdəti
olduğunu bildirmişdir.
Müsabiqədə ifa edəcəkləri "Never Forget" mahnısı ilə bağlı fikirlərini bölüşən duet qeyd
etmişdir ki, mahnı qədim əfsanəyə əsaslanır.
Sonra
"Baku Crystall Hall"ın
səhnəsinə Yunanıstanın
təmsilçisi Eleftheria
Eleftheriou çıxmışdır.
Yarışmada ölkəsini
"Aphrodisiac" mahnısı ilə təmsil edəcək müğənni
səhnədə vokal
imkanları ilə yanaşı, maraqlı performans da nümayiş
etdirmişdir.
Yunanıstan təmsilçisi həyatında
ən yaddaqalan doğum gününü mayın 12-də Bakıda
qeyd etdiyini bildirmişdir. Bakıda həqiqətən gözəl
qonaqpərvərliyin şahidi
oldum. İnanıram ki, bu çıxışım
uğurlu olacaq, hər kəsi təəccübləndirə biləcəyəm.
Ölkəsini "Beautiful
song" mahnısı ilə
təmsil edəcək
növbəti ifaçı
Latviya təmsilçisi
Anmari məşqindən
sonra keçirdiyi mətbuat konfransında Azərbaycan dilində
"Sarı gəlin"
xalq mahnısını
oxumuşdur. Əsl adı Linda Amantova
olan rus əsilli müğənni
qeyd etmişdir ki, onun mahnısı
çox sevimlidir və tamaşaçıların
zövqünü oxşayacaqdır.
Bakı səhnəsində ilk məşqini
keçirən Albaniya
təmsilçisi Rona Nişliu
yarışmada ölkəsini
"Soos" mahnısı
ilə təmsil edəcəkdir. Müğənni paytaxtımıza gəlməmişdən əvvəl
mətbuata bildirmişdir
ki, Azərbaycanı muğam sayəsində tanımışdır.
"Baku Crystal Hall"da çıxış etmək
mənə müsbət
enerji verir. Performansımın yaxşı alınması
üçün bütün
hisslərimi ortaya qoyacağam". Bu sözləri Albaniya təmsilçisi Rona Nişliu
ilk məşqindən sonra
keçirdiyi mətbuat
konfransında demişdir.
Caz musiqisini sevdiyini vurğulayan müğənni
azərbaycanlı caz ifaçısı Əzizə
Mustafazadənin yaradıcılığını
çox bəyəndiyini
söyləmişdir.
Sonra Rona Nişliu
"Bana-bana gəl"
Azərbaycan xalq mahnısını ifa etmişdir.
Rumıniyanı təmsil edən
"Mandinga" qrupunun
da məşqləri yaddaqalan olmuşdur. Qrup səhnədə "Zaleilah"
mahnısını ifa
etmişdir.
Mahnılarının çox güclü olduğunu vurğulayan Rumıniyanın "Mandinga"
qrupunun üzvləri onun hətta Bakıda çıxış
etməzdən əvvəl
belə çox populyar olduğunu söyləmişlər. Bildirmişlər ki, qrup yeddi
nəfərdən ibarətdir.
Qrupda yeganə xanım Yelenadır. "Bizim ölkədə gözəl qızlar vardır və qrupumuzda onlardan birini görə bilərsiniz", - deyə
qrup üzvləri bildirmişlər. Onlar ifa
etdikləri mahnıya
çox güvəndiklərini
və yüksək yerlərdən birini tutacaqlarına inandıqlarını
vurğulamışlar.
İsveçrənin "Sinplus" qrupu isə səhnədə
"Unbreakable" mahnısını ifa etmişdir. Rok üslubunda
çıxış edən
qrupun yaradıcıları
İvan və Qabriel qardaşlarıdır.
İvan
və Qabriel qardaşları demişlər:
"Bakı çox gözəl və möhtəşəm şəhərdir.
Xüsusilə "Baku Crystal Hall"ı qeyd etmək istərdik. Zal istər akustikası,
istərsə də səs və işıq effekti ilə seçilir.
Qrup üzvləri
qeyd etmişlər ki, onların bəstələdikləri mahnı
2009-cu ildə xokkey üzrə dünya çempionatının himni
olmuşdur. Amma "Eurovision"da çıxış etmək
daha həyəcanlıdır.
Qardaşlar bildirmişlər ki, bu mötəbər
yarışma vasitəsilə
müsbət emosiyaları,
enerjini ötürmək
üçün gözəl
şans əldə etmişlər. Onlar diqqətə çatdırmışlar
ki, "Sinplus" rok-n-rol üslubda
mahnılar ifa edir və rok-n-rol özündə pozitivliyi əks etdirir. Biz çalışacağıq
ki, bu pozitivliyi
səhnədə əks
etdirək.
"Eurovision-2012"
mahnı müsabiqəsinin
ən gənc təmsilçisi olan Belçika ifaçısı
Laura van den Bruel səhnədə
"country pop" üslubunda "Would
you" mahnısını ifa etmişdir. Səhnəyə Ayris təxəllüsü ilə
çıxan müğənninin
"Eurovision" mahnısı beş həftə
Belçika çartlarında
birinci yeri tutmuşdur.
Laura van
den Bruel demişdir:
"Bakıda çox
isti qarşılandım,
bu şəhər və onun əhalisi
çox xoşuma gəldi. "Baku Crystal Hall"ın səhnəsi
həqiqətən çox
gözəldir, burada çıxış etmək
mənim üçün
böyük şansdır".
Laura van den Bruel bildirmişdir ki, bu yarışmanın
özəlliyi burada hər yaşda iştirakçının olmasıdır.
Mən həyatımın hər
dəqiqəsindən zövq
almağı xoşlayıram.
Əminəm ki, yarışma
müddətində keçirəcəyim
vaxtdan da böyük zövq alacağam.
"Baku
Crystal Hall"da Finlandiya
təmsilçisi Pernilla
Karlssonun ilk məşqi
bu məkanda günün
son ifası olmuşdur.
Pernilla Karlsson səhnədə
"Nar jag blundar" ("Gözlərimi yumarkən")
mahnısını ifa
etmişdir.
İyirmi iki yaşlı müğənni Finlandiyanın
həndbol üzrə
yığma komandasının
üzvüdür. O, mətbuata
açıqlamasında bildirmişdir
ki, idman və musiqi onun həyatında vacib yer tutur.
P.Karlsson
"Eurovision" müsabiqəsindən başqa, Finlandiyanın həndbol üzrə çempionatında da iştirak edəcəkdir.
"Bakı çox
gözəl şəhərdir,
burada olmağımdan
çox xoşbəxtəm"-
deyən Finlandiya təmsilçisi bu yarışmada iştirakından
məmnun olduğunu qeyd etmişdir. Pernilla Karlssonun
sözlərinə görə,
musiqi onun həyatını yaxşılığa
doğru dəyişmişdir.
Mayın
14-də isə "Baku Crystal Hall"da İsrail, San
Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiya təmsilçiləri ilk məşqlərini
keçirib, o cümlədən
Azərbaycan ilə bağlı özlərinin
ilkin təəssüratlarını
bölüşüblər.
Azərbaycan.- 2012.- 15 may.- S. 3.