Dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir

 

 Bir əsrdən artıq müddətdə çar Rusiyasının əsarəti altında qalan Azərbaycanın qədim dövlətçilik ənənələri Birinci dünya müharibəsinin gedişində və çar Rusiyasında baş verən daxili mübarizələrin nəticəsində yaranmış çox mürəkkəb tarixi şəraitdə yenidən dirçəlməyə başladı. Beləliklə, müsəlman Şərqində ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı.

Birinci dünya müharibəsinin sona çatması, Rusiyada oktyabr inqilabı və çarizmin süqutundan yaranmış gərgin vəziyyət, Rusiyanın tərkibində saxladığı bütün ərazilərə lazımi qədər nəzarət edə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Bununla belə, 1918-ci ildə Azərbaycanı müstəqilliyə aparan yollar heçasanhamar deyildi. Lakin qabaqcıl ziyalılarımızın yorulmaz səylərinin nəticəsi olaraq müstəqilliyə aparan dolanbac yollardakı bütün maneələr dəf edildi. Məhz onların milli və müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi. Bu insanlar 1918-ci ildə yaranmış vəziyyətdə birləşərək Tiflisdə Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni elan etdilər və Azərbaycan Xalq Cümhuriyyətinin, respublikamızın müstəqilliyinin əsasını qoydular. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu hər zaman yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1918-ci ildə dövlət müstəqiliyimizin qazanılmasında böyük xidmətləri olmuş şəxslərin adlarının  Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu bildirmişdir: "1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur".

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tariximizə bəxş etdiyi müstəqillik müsibətlər və çətin mübarizələr hesabına başa gəldi. Çünki məlum olduğu kimi, müstəqilliyin elan olunmasına kənardan mane olmaq istəyən qüvvələr də çox idi, elə Azərbaycanın özünün siyasi-ictimai həyatında da vəziyyət rəvan deyildi. Bütün bu çətinliklərə baxmayaraq, qarşısına müstəqil, azaddemokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributları yaradıldı, dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı, Azərbaycan milli ordusu formalaşdırıldı. 1918-ci ilin iyunun 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dili rəsmən dövlət dili elan edildi. Həmin il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi, eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusupul vahidi olan müstəqil, suveren bir dövlət idi. Qeyd edək ki, Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk ölkədir.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə ikitərəfli diplomatik münasibətlərin qurulmasına nail oldu. O zaman qarşıda dayanan əsas vəzifələrdən biri Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın müstəqil dövlət kimi tanınmasına nail olmaq idi. Artıq 1919-cu ilin sonlarında cümhuriyyət 20-dən artıq çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Bunun nəticəsi olaraq qısa zamanda Azərbaycan dövlətinin müstəqilliyi beynəlxalq miqyasda tanınmağa başladı.

Azərbaycan Xalq Cümhuriyyəti az bir müddətdə mövcud olsa da, öz başlıca tarixi missiyasını yerinə yetirdi: Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, dövlət müstəqilliyinin əldə edilməsində, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynadı. Ən əsası, Xalq Cümhuriyyətinin yaranması ilə vaxtilə itirilmiş dövlətçiliyimiz bərpa edildi, Azərbaycanın müstəqil gələcəyinin əsası qoyuldu. Eyni zamanda, bu hadisə xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin və hökumətinin yaradılmasının təməlini qoymuş oldu. Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci il aprelin 28-də süqut etməsinə baxmayaraq qısa bir müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlər xalqın dövlətçilik tarixində böyük izlər buraxdı. Bu tədbirlər xalqımızın milli mənlik şüurunun güclənməsinə də böyük təsir göstərdiyi üçün bolşevik işğalından sonra da müstəqillik hissləri azərbaycanlıları heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Cümhuriyyətin süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha da çətindir.

Sovet illərində Azərbaycan formal olaraq müstəqil olsa da, əslində, bu əsarətdən başqa bir şey deyildi. Xalqın bütün milli-mənəvi dəyərləri əlindən alınmış, tamamilə yad ideologiyanın təsiri altına düşmüşdü. Üstəlik, zəngin iqtisadi potensialı, nefti olan Azərbaycan sadəcə, İttifaqın xammal bazası rolunu oynayırdı. Respublika sosial göstəricilərinə görə SSRİ ölkələri arasında axırıncı yerdə dayanırdı. Eyni fikirləri milli mədəniyyətimiz barədə də demək olar. Əgər bir az da belə getsəydi, öz mental dəyərləri, mənəvi xəzinəsi ilə dünyaya nümunə olan Azərbaycan xalqının zəngin irsindən heç nə qalmayacaqdı.

Amma ötən əsrin 70-ci illərindən başlayaraq hər şey dəyişdi. 1969-cu ildə Heydər Əliyevin rəhbəliyə başlamasından sonra respublikada hər şey dəyişdi. Xalqın mənəvi dəyərləri özünə qayıtdı, ölkə xammal bazasından istehsalçıya çevrildi. Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanı və onun mədəniyyətini bütün dünyada daha yaxından tanımağa başladılar. Bu gün haqlı olaraq Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövrü ölkəmizin intibah dövrü adlandırılır. Hazırda müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan sənaye və kadr potensialı ulu öndər Heydər Əliyevin o illərdəki məqsədyönlü, düşünülmüş, uzaqgörən fəaliyyəti sayəsində təşəkkül taparaq formalaşdı. Ulu öndər sanki Azərbaycanın gələcəkdə müstəqil dövlət olacağını hiss edirdi.

Nəhayət, 1991-ci ildə xalqımız özünün dövlət müstəqilliyini bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövlətini yaratdı. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir".

Amma ilk illərdə hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Bir-birini əvəz edən iqtidarlar əslində, dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir görmədilər, əksinə, ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyin məhvinə doğru gedən prosesi daha da sürətləndirirdi.

Belə bir vəziyyətdə - 1993-cü ilin iyun ayında xalqın istəyi ilə Naxçıvandan Bakıya gələn görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi, Azərbaycanın başının üstünü almış bütün təhlükələri sovuşdurdu. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqil ölkə kimi yaşaması da mümkün olmazdı. Beləliklə, məhz Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində ölkəmiz Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı bacardı. Ulu öndərin adı isə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi tarixə həkk olundu, xalqımızın ümummilli liderinə çevrildi.

Heydər Əliyevin sayəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi. Heydər Əliyevin dühası, qüdrəti və zəngin dövlətçilik təcrübəsi xalqımızı vahid milli ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasına və bütövlükdə dövlətçilik ənənələrimizə hər zaman böyük ehtiramla yanaşmış, tariximizin araşdırılmasını tövsiyə etmişbu istiqamətdə olduqca qiymətli fikirlər söyləmişdir. Ulu öndər dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzaladı.

Tariximizə doğma, təəssübkeş münasibət Prezident İlham Əliyevin fəaliyyətində prioritet təşkil edir. Dövlətimizin başçısı xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. 2007-ci ilin mayında Bakıda Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan "İstiqlaliyyət Bəyannaməsi" abidəsinin açılışı oldu. Qranitdən və mərmərdən yonulmuş abidənin üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin həm əski, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni həkk olundu. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır. Ən əsası, Bakıda cümhuriyyətin şərəfinə abidənin ucaldılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir.

Bununla yanaşı, hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezident İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir. İki gün öncə "Buta" sarayında təşkil olunan rəsmi qəbulda Prezident İlham Əliyev cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib.

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 94 il ötür. Müstəqilliyimizi bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yerirolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. 4 il öncə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyi təntənəli surətdə qeyd olundu. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyiümummilli lider Heydər Əliyevin sərəncamı ilə dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunmuşdu.

Bu gün Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən dinamik sosial iqtisadi inkişaf Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilib və hazırda bu quruma sədrlik edir. Budur möhkəm müstəqillik, qüdrətli dövlətçilik! Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət, reallaşan enerji layihələri Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə böyük töhfələr verir.

Prezident İlham Əliyev rəsmi qəbulda bu barədə deyib: "Bu gün Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir. İyirmi illik tariximiz bir daha onu göstərir ki, biz düz yoldayıq. Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz hamımız elə etməliyik ki, bu yol işıqlı, nurlu, açıq olsun".

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Mühüm geostrateji mövqekarbohidrogen ehtyatlarla zənginlik kimi üstünlüklərə sahib olan Azərbaycanın bu imkanlardan dövlətçilik maraqlarının təmin olunması prizmasından bəhrələnməsi günümüzün reallığıdır. Müstəqil daxilixarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Qazanılan uğurlar belə əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz birheç zaman əldən verilməyəcək, daimi olacaq.

 

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar

siyasət komitəsinin

sədr müavini

 

Azərbaycan.- 2012.- 27 may.- S. 8.