TÜRKSOY-un baş katibinə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təltif olunduğu Dostluq ordeni təqdim edilmişdir

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan ilə türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinov "Dostluq" ordeni ilə təltif edilmişdir.

Bu münasibətlə mayın 26-da Mədəniyyət və Turizm Nazirliyində keçirilən görüşdə "Dostluq" ordeni dövlət başçısı adından Düsen Kaseinova təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  TÜRKSOY-un baş katibini Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yüksək mükafatla təltif olunması münasibətilə təbrik etmişqurumun son illər reallaşdırdığı layihələrdən danışmışdır.

Ə.Qarayev demişdir ki, TÜRKSOY dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasını bütün türk dünyasına təqdim etmiş, "Leyli və Məcnun" operasının 100 illik yubileyi ilə bağlı geniş tədbirlər keçirmişdir. Bundan əlavə, TÜRKSOY-un xətti ilə Novruz bayramı geniş şəkildə qeyd olunmuş, türk dünyasının görkəmli şairləri Bəxtiyar Vahabzadə və Rəsul Rzanın əsərləri nəşr edilmiş və təşkilat 2012-ci ili "Mirzə Fətəli Axundazadə ili" elan etmişdir.

Nazir bildirmişdir ki, bu gün paytaxtımızda keçirilən möhtəşəm "Eurovision-2012" mahnı müsabiqəsinin final şousunu yaxından izləmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycanı sevən, ölkəmizin uğurları ilə öyünən insanlar Bakıya  gəlmişlər. Belə insanların sırasında Azərbaycan mədəniyyətinin təbliğinə mühüm töhfələr verən Düsen Kaseinov da vardır. Bu fürsətdən istifadə edərək bizona Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təltif olunduğu ali ordeni təqdim etmək qərarına gəlmişik.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Prezidentinin ölkəmizin mədəni həyatına töhfələr verən, onu təbliğ edən insanları daim mükafatlandırdığını diqqətə çatdırmışdır.

TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirən səfir demişdir ki, hazırda bu qurumun sayəsində türkdilli xalqların ortaq mədəni dəyərləri bütün dünyada geniş şəkildə təbliğ olunur. Sözsüz ki, bu işdə Düsen Kaseinovun xüsusi əməyi vardır.

Mərasimdə Düsen Kaseinov çıxış edərək əməyini yüksək qiymətləndirdiyinə görə  Azərbaycan dövlətinin  başçısına minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, bir millətin fərqli dövlətləri arasındakı sağlamgeniş əlaqələrin təzahürü olan bu mükafatı qiymətli xəzinə kimi ömrüm boyu qoruyacağam.

TÜRKSOY-un baş katibi əlavə etmişdir ki, bu orden, eyni zamanda, türk xalqları arasında əməkdaşlığı daha da möhkəmləndirmək sahəsində üzərimizə böyük məsuliyyət qoymuşdur. Azərbaycan Prezidentinin etimadını doğrultmaq üçün bütün gücümlə fəaliyyətimi davam etdirəcəyəm.

Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətinə hər zaman diqqət və qayğı göstərdiyini vurğulayan D.Kaseinov bildirmişdir ki, bütün bunlar bizi daha da ruhlandırır və yeni layihələri reallaşdırmağımıza təkan verir.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 8.