Moldovanın sabiq prezidenti Heydər Əliyev Fondunu ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Moldovanın sabiq prezidenti Petru Luçinski mayın 26-da Heydər Əliyev Fondunda olmuşdur.

Moldovalı qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ümummilli liderin şəxsi arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən Petru Luçinski fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışdır. Ümummilli lider Heydər Əliyevin zəkasının bəhrəsi olanonun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqda xüsusi maraq doğurmuşdur.

Moldovanın sabiq prezidenti Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışdır.

Petru Luçinski Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 may.- S. 8.