Beynəlxalq inşa müsabiqəsinin qalibləri: Füsunkar Bakını, bizə göstərilən diqqət və qayğını heç vaxt unutmayacağıq

 

"Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçı dövlətlərində 9-18 yaşında fiziki qüsurlu məktəblilər arasında keçirilən "Mən Azərbaycanı kəşf edirəm" Beynəlxalq inşa müsabiqəsinin 18 nəfər qalibinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizə səfəri davam edir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən elan edilən beynəlxalq inşa müsabiqəsinin qalibləri mayın 26-da Müasir İncəsənət Muzeyi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının minədək işi toplanmışdır. Muzeyin ekspozisiyası ilə tanış olan uşaqlar XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərlərini maraqla seyr etmişlər.

Bildirilmişdir ki, muzeydə Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilmiş bir çox fırça ustası və heykəltəraşların əsərləri nümayiş olunur. Muzeyin Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri göstərilir.

Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi də nümayiş etdirilir. Həmçinin muzeyin kitabxanasında incəsənət mövzusunda 800-dək kitab toplanmışdır.

Sonra İçərişəhərlə tanışlıq olmuşdur. Gəzinti zamanı uşaqlara dünya şəhərsalma sənətinin nadir nümunələrindən olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılmış təmir və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.

Elektromobillərlə davam edən gəzinti zamanı İçərişəhər, Qız Qalası, Qoşa Qala qapıları və onun yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar uşaqların diqqətinə çatdırılmışdır.

Sonra uşaqlar dəniz sahilinə gələrək burada dincəlmişlər. Mavi Xəzərin gözəlliyini seyr edən humanitar aksiyanın qalibləri bildirmişlər ki, füsunkar Bakını, onlara göstərilən diqqət və qayğını heç vaxt unutmayacaqlar.

Uşaqlar daha sonra inşa müsabiqəsinin ölkəmizdən olan 5 qalibi ilə birlikdə "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsini canlı izləmişlər.

İnşa müsabiqəsi qaliblərinin xatirələrində xoş iz buraxacaq Bakı səfəri mayın 27-də onların vətənlərinə yola salınması ilə başa çatacaqdır.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 8.