Federico Garcie BARROSO: Hələ uşaq ikən Qafqaza gəlməyi və bu yerlərlə tanış olmağı arzulayırdım

 

Hələ uşaq ikən Qafqaza gəlməyi və bu yerlərlə tanış olmağı arzulayırdım. Azərbaycanın klassik musiqi sənətinə dair müəyyən qədər məlumatım var idi.

Bu sözləri AzərTAc-a müsahibəsində ispaniyalı jurnalist və müğənni Federico Garcie Barroso demişdir. Bildirmişdir ki, burada olduğum müddətdə digər konsert salonlarına da getmək fikrindəyəm.

O, Bakı şousu haqqında fikirlərini bölüşmüş, yarışmaya qatılan təmsilçilərin ciddi hazırlaşdıqlarını, mahnıların əksəriyyətinin yüksək səviyyəli olduğunu qeyd etmişdir. Qonağın fikrincə, Azərbaycan təmsilçisi Səbinə Babayevanın bənzərsiz ifa tərzi vardır, müsabiqəyə təqdim etdiyi mahnı da çox gözəldir. Həmçinin Albaniya, Serbiya, İspaniya təmsilçilərinin ifaları da çox yüksək səviyyədədir.

Federico Garcie Barrosonun fikrincə, ilk üçlükdə Azərbaycan, Serbiya və Rumıniya ola bilər.

Jurnalist kimi "Eurovision" mahnı müsabiqəsində ilk dəfədir iştirak edən Federico Garcie Barroso Mətbuat Mərkəzinin də yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırmışdır.

On gündür Bakıda olduğunu söyləyən ispan jurnalist şəhərimizin gözəlliyinə məftunluğunu, hər yerin təmiz və səliqəli, insanların mehriban və qonaqpərvər, gülərüz olduqlarını da diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 9.