Dünyanın diqqəti Bakıdadır

 

Azərbaycan xarici jurnalistlərin gözü ilə

 

"Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Bakı şəhərinə bütün iştirakçı dövlətlərdən müxtəlif media qurumlarını təmsil edən yüzlərlə jurnalist təşrif buyurub. Onların hazırladığı operativ və obyektiv  materiallar Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rol oynayır. Yazdıqlarına və dediklərinə nəzər yetirdikdə bu həqiqəti daha aydın görmək olur.

 

Roy DELANİ, ingiltərəli müxbir:

 

- Ötən il Azərbaycan "Eurovision" mahnı yarışmasının qalibi olduqdan sonra hər kəs ölkənizlə daha yaxından maraqlanmağa, harada yerləşdiyini  və ora getmək üçün hansı marşrutdan istifadə etmək lazım olduğunu öyrənməyə başladı. Mən Azərbaycana birinci dəfədir ki, gəlirəm. Amma düşünürəm ki, gərək əvvəllər də buraya səfər edərdim. Bakının gözəl şəhər olduğunu hava limanından duydum və sonra gördüm ki, həqiqətən də, yanılmamışam. Burada olduğum bir neçə gündə şəhəri az da olsa gəzmək imkanı əldə etdim. Buralar, doğrudan da, möhtəşəmdir. Tarixilik və müasirlik bir arada cəm olub. Həm Qərb, həm də Şərq elementləri sintez təşkil edir. İnsanlarınız gülərüz və mehribandır. Ölkəmizə dönəndə buradakı bütün gözəlliklərin hamısını öz vətəndaşlarımıza çatdıracağam. Hətta bununla bağlı kitab yazmağı da planlaşdırıram.

 

Əndi VEREZ, Belçika, "Euro Firiends Show" internet radiosu:

 

- Bir həftəyə yaxındır Bakıdayıq. Qısa müddət olmasına baxmayaraq, onu demək istəyirəm ki, sanki neçə ildir burada yaşayırıq. Bizi çox mehriban və dostcasına qarşıladılar. Şəhərdə ancaq səmimiyyət görürük. İnsanların çöhrəsindən  gülərüzlük və mehribanlıq yağır. Bizə yardım etmək üçün əllərindən gələni əsirgəmirlər. Arada jurnalistlərlə söhbət zamanı deyirəm ki, Bakıda qalıb işləmək də pis olmazdı (gülür). Sizin bəxtiniz gətirib ki, belə gözəl bir ölkədə yaşayırsınız. Azərbaycanla bağlı araşdırmalar apardım. Məlum oldu ki, bu ölkə 20 ildir müstəqilliyini əldə edib. Bu müddətdə böyük bir inkişaf... Təqdirəlayiqdir. "Eurovision" mahnı müsabiqəsinə hazırlıq işləri isə möhtəşəmdir. Mən indiyə qədər bir neçə ölkədə bu cür tədbirlərdə iştirak etmişəm, amma Bakıdakı kimi yüksək təşkilatçılıq heç harada görməmisəm.

 

Elvira QREİSS, Almaniya, "Fride" internet radiosu:

 

- Hava limanında təyyarədən enər-enməz özümü sanki nağıllar dünyasına düşmüş kimi zənn etdim. Azərbaycana daha əvvəllər gəlməmişdim deyə ölkəniz və paytaxtınız barədə təsəvvürüm yox idi. Amma ilk gündən şahidi oldum ki, Bakı çox gözəl şəhərdir, öz görkəmi ilə Avropanın ən qabaqcıl şəhərləri ilə bir sırada dayanmağa layiqdir. Buradakı tarixi binalar mənə Avropanı xatırladır. Eyni zamanda, müşahidə etdim ki, Bakı keçmişlə müasirliyin vəhdətidir. Ona görə ilk dəfədən Bakı haqqında təəssüratım çox yüksək oldu.

 

Haim HAİMSON, İsrail, internet radiosu:

 

- Azərbaycan, sən məni heyran etdin! Bakı, mən səni çox sevirəm! Bütün bunları tam səmimi söyləyirəm. Yaxşı ki Azərbaycan ötən il Almaniyada "Eurovision"un mahnı müsabiqəsinin qalibi oldu. Çünki belə olmasaydı, biz belə gözəl ölkəyə səfər etməyəcəkdik. Səfərə çıxmamışdan əvvəl ölkənizin tarixi ilə maraqlandım və gördüm ki, Odlar Yurdu adlandırılan Azərbaycan çox böyük və zəngin tarxiə malikdir. Bakının bu cür gözəl şəhər olduğunu da heç bilmirdim.

 

Alek PARKİN, Birləşmiş Krallıq, www.escxtra.com xəbər saytı:

 

- Ölkəni tanımağın və onu kəşf etməyin ən yaxşı üsulu oraya yollanmaq və yerli sakinlərlə söhbət etməkdir. İşimlə əlaqədar olaraq dünyanın bir çox ölkəsində ezamiyyətlərdə olmuşam. Elə ölkə var ki, insanları çox soyuq qarşılayırlar, elə ölkə var ki, bir daha ora getmək istəmirsən. Açığı, Azərbaycana əvvəllər gəlmədiyim üçün bu ölkə ilə əyani tanışlığım yox idi. Lakin burada gördüm ki, Azərbaycan, doğrudan da, görməli və gəzməli yerdir. Bakıda olduğum qısa müddət ərzində ölkənizə valeh olmuşam. Sizin insanlarda olan mehribanlığı, səmimiliyi dünyanın heç bir ölkəsində görməmişəm. Hər gün iş planımı yerinə yetirdikdən sonra yarım saat Bakını gəzmək mənim bütün yorğunluğumu aradan qaldırır. Bütün bunlar həmişəlik qəlbimdə qalacaq. Bakı həm də çox koloritli şəhərdir, özünəməxsus ənənələri var, memarlıq abidələri ilə zəngindir. Sizin gözəl və rəngarəng təbiətiniz də var. Azərbaycanlıların qonaqpərvərliyi çox məşhurdur. Mən sizin xalq rəqslərinizə baxdım. Çox möhtəşəmdir.

 

Liam KLARE, Avstraliya, xəbər saytı:

 

- Ötən il Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin qalibi olandan sonra ilk işim xəritəni tapıb ölkənizi axtarmaq oldu. Bir neçə gün sonra isə internet vasitəsilə bəzi araşdırmalar apardım. Tarixiniz və mədəniyyətiniz məni cəlb etdi. Elə həmin vaxtdan qərara gəldim ki, "Eurovision" mahnı müsabiqəsi zamanı Bakıya səfər edib bu ölkəni yaxından tanımalıyam. Həqiqətən, ölkəniz haqda o qədər xoş sözlər söyləmək olar ki, heç bilmirəm hansını deyim. Ən əsası, dövlətinizin xaricdən gələn turistlərə viza şərtlərində etdiyi güzəştlərə görə minnətdaram. Çox rahat bir şəkildə Bakıya gəldik. Paytaxtınız isə qonaqpərvər və çox müasir bir şəhərdir. Mahnı müsabiqəsinə hazırlıq isə, bəlkə də, 57 illik tarixi olan bir yarışma üçün təşkilatçılıq baxımından ilkdir. KİV təmsilçilərinin rahatlığı üçün yaradılan şəraitin isə heç bir şərhə ehiyacı yoxdur.

 

Vivian KRİSTİANSEN, Norveç, esnorge.net xəbər saytı:

 

- Azərbaycana ayaq basdığım ilk gündən bəri məni cəlb edən ən əsas məqam ölkənizin müasirliyidir. Demək olar ki, artıq bir həftəyə yaxındır ki, buradayam. Bircə onu fikirləşirəm, görəsən, yarışma başa çatdıqdan sonra mən bu gözəl şəhərdən necə ayrılacağam (gülür). Mənim ən böyük diqqətimi çəkən amillərdən biri də yarışmanın keçiriləcəyi "Crystal Hall"dur. Möhtəşəmliyi və müasirliyi ilə, həqiqətən, çox unikal bir tikilidir. Mətbuat Mərkəzində isə bizə yaradılan hər bir şəraitə görə təşkilat komitəsinə təşəkkürümü bildirirəm. Bakı bənzərsiz bir şəhərdir. İnsanları gülərüz və mehribandırlar.

 

Karsten NİLSON, Danimarka, eurosong.dk saytı:

 

- Azərbaycana birinci dəfədir səfər edirəm. Bu qısa müddətdə Bakının gözəlliyinə heyran olmuşam. Azərbaycan, elə əvvəldən təsəvvür etdiyim kimi, çox zəngin və gözəl  ölkədir. Paytaxt Bakı isə, sözün əsl mənasında, möhtəşəmdir. Bütün bu işlərin əsas təşəbbüskarı, sözsüz ki, Azərbaycan dövlətidir. Dövlətin xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır. Düzdür, zaman baxımından 20 il heç də böyük tarix deyil, amma bu illər ərzində görülmüş işlərə nəzər salanda bir daha əmin olursan ki, qısa bir vaxtda böyük uğurlara imza atmaq mümkündür. Bütün bunlar göstərir ki, bu ölkəni daha xoşbəxt bir gələcək gözləyir.

 

Georgi DEMETRETİOS, Yunanıstan, müstəqil jurnalist:

 

- Çox təəssüf edirəm ki, mahnı müsabiqəsinin başa çatmasına az vaxt qalıb. Çünki Azərbaycandan heç ayrılmaq istəmirəm. İlk gündən buraların gözəlliyinə vurulmuşam. Demək olar ki, nə görsəm, şəklini çəkirəm. Azərbaycanda, Bakıda əvvəllər də beynəlxalq səviyyəli tədbirlər keçirilib. Təəssüf edirəm ki, niyə əvvəllər Bakıya gəlməmişəm. Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir. Amma məncə, Bakı daha çox müasir Avropa şəhəridir. Sizin xalqın milli adət və ənənələri isə bu müasirliyi daha rəngarəng edir. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsini yüksək səviyyədə təşkil etməsini isə təkcə mən yox, bütün Avropa danışır.

 

Jasob STEPAŞKO, Norveçdən olan fan klubun üzvü:

 

- İlk öncə onu qeyd etmək istərdim ki, Bakı həqiqətən şəhər infrastrukturunun səviyyəsinə görə Avropanın bir çox şəhərlərini qabaqlayır. Xaricdən gələn turistlərə şəhərdə rahat gəzmək üçün bütün şərait yaradılıb. İnformasiya qıtlığımız yoxdur. Hər yerdə Bakı sakinlərindən yalnız səmimi münasibət görmək mümkündür.

Mən Bakıya ölkəmizin fan klubunun üzvü kimi gəlmişəm. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə hazırlıq məsələsində bütün ölkələrə nümunə olmağa haqqı var. Çünki bütün təşkilati məsələlər dəqiq ölçülüb-biçilib. Bizim əlavə sualımıza və ya kiçicik narahatlığımıza əsas qalmayıb. Düşünürəm ki, hər kəs Azərbaycana minnətdar olmalıdır.

 

Nataliya KİSELYOVA, "Kanal Rossiya"nın  müxbiri:

 

- Jurnalistlərin peşəsindən irəli gələn məsələdir ki, hər kiçik detal, fakt belə diqqətindən yayınmır. Biz də buna  çalışırıq. Amma faktlar kiçik olmadıqları üçün gözə tez çarpır. Azərbaycan dünyanın sürətlə inkişaf edən və qısa müddət ərzində Cənubi Qafqazı nəinki keçmiş SSRİ məkanında, hətta Avropa və dünya arenasında tanıdan müstəqil, azad ölkədir. İlk dəfədir ki, Bakının bu möhtəşəmliyinin, əsrarəngiz gecələrinin şahidiyəm. Bu ecazkarlığı canlı izləyir, gəzir və gözlərimlə görür, fotoaparatın yaddaşına köçürürəm. İki gündür ki, burada çoxlu dostlar qazanmışam. İnsanlarınız çox mehribandır. Azərbaycan dövləti, onun qonaqpərvər xalqı çoxsaylı dostlar qazanıb. Təkcə bu gün deyil, Azərbaycan xalqı tarixən qonaqpərvər və dostcanlı olub. Xalqlarımız 70 il ərzində vahid  dövlət hüdudları çərçivəsində yaşayıb, dost və qardaşa çevriliblər. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər saysızdır. Onların bariz nümunələrindən biri paytaxt Bakının bu günlərdə Avropanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsidir.

 

Hadi TİNOTİ, qambiyalı  tələbə:

 

- İçərişəhəri gəzərkən sanki əsrlərin o başına gedirsən. Bu qədim Şərq memarlıq abidəsinin iki addımlığındakı Qız qalası isə əfsanələri və rəvayətləri  yada salır. Axşamlar Qız qalasının füsunkarlığı daha da gözoxşayan olur. Belə şəhəri və milləti  kim  sevməz ki?! Mən insanlarınız və ölkəniz haqqında xeyli zəngin məlumat topladım. Bu beynəlxalq mədəniyyət tədbirinin siyasi, iqtisadi əhəmiyyəti də var. Eləcə də  dünya xalqları bir-birinin mədəniyyəti və məişəti ilə yaxından tanışlığa imkan tapır. Demək, mahnı yarışması, əslində, sərhədləri aşaraq insanları vahid məqsəd ətrafında birləşdirir. Bu isə, təbii ki, ümumbəşəri qələbədir. Demək, Azərbaycan ümumbəşəri ideyaların çiçəklənməsi üçün bir məkana çevrilib. Bax, əsl qələbə də budur! Möhtəşəmliyi ilə səs salan mahnı müsabiqəsi Azərbaycanı dünyaya, xalqları isə bir-birinə qovuşdurur!

 

Mariya MACKİNQER, Avstriya jurnalisti:

 

- Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsinə yüksək səviyyədə hazırlaşmışdır. Müsabiqənin keçirildiyi "Baku Crystal Hall" çox moderndir... Yüksək standartlara cavab verən Mətbuat Mərkəzində şounun işıqlandırılmasını təmin edən əsas amillər - kompyuterlər, sürətli internet, müsahibələrin alınması üçün ayrılmış xüsusi yerlər, jurnalistlərin istirahəti ilə bağlı yaradılmış şərait KİV nümayəndələrinin səmərəli işləməsinə imkan verir.

 

Rob FURBER, Böyük Britaniyadan olan jurnalist:

 

- Hiss olunur ki, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üçün Bakıda qısa müddətdə böyük işlər görülmüşdür. Bakı şousu müvəffəqiyyətlə davam edir. "Baku Crystal Hall" moderndir. Başqa bir cəhət isə burada jurnalistlər üçün yaradılmış şəraitdir. Bakı xüsusilə gecələr çox gözəl görünür. Gəzməli yerləriniz, fəvvarələriniz adamda yaxşı təəssürat yaradır, hər şey təmiz və səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər.

 

"The Independent", Böyük Britaniya:

 

- Bakı aeroportu başdan-başa reklam yarışına çevrilmişdir. Eyni sözləri Azərbaycanda hər bir avtobusa və ya taksiyə, habelə bir çox binalara şamil etmək olar.

Məxsusi olaraq müsabiqə üçün inşa edilmiş, alışıb yanan 25 min yerlik konsert salonunun inşası vaxtında başa çatmışdır və onu şəxsən Prezident özü açmışdır. Az qala hər gün axşam xəbərləri hadisələr haqqında qürurverici süjetlərsiz ötüşmür... Bu, ölkələri və birlikləri birləşdirən, qarşılıqlı anlaşmaya xidmət edən bir tədbirdir. Biz dərindən əminik ki, "Eurovision" siyasi tədbirə çevrilməməlidir.

 

"The Wall Street Journal", ABŞ:

 

- Bu musiqi şousu online rejimdə nümayiş olunur və bu il ABŞ-da 26 minə yaxın tamaşaçı internet vasitəsilə ona baxır. Ötən il bu rəqəm 22 min olmuşdu. Bu, bütün dünyadakı 125 milyon televiziya tamaşaçısı ilə müqayisədə cüzi rəqəm olsa da, şounun populyarlığının artdığını əks etdirir. Müsabiqə 1956-cı ildə təşkil olunarkən ona Avropada müharibədən sonrakı dostluq ruhunda yeni transsərhəd əlaqələrin qurulmasına dəstək verəcək vasitə kimi baxırdılar. Bu gün isə "Eurovision" gələnilki şounun sahibi adı uğrunda mübarizə aparan ölkələrin füsunkar tamaşasına çevrilir.

 

Helin Eqe TOK, türkiyəli fanat və jurnalist:

 

- "Eurovision-2012" mahnı müsabiqəsi Bakıda çox yüksək səviyyədə təşkil olunmuşdur.

Hər yerdə şən əhval-ruhiyyə duyulur. Qısa müddətdə belə möhtəşəm tədbirə çox ciddi hazırlıq aparılmışdır... Şəhəriniz çox gözəldir. Qədim və müasir tikililər buraya çox yaraşıq verir.

 

 

 Azərbaycan.- 2012.- 27 may.- S. 9.