Almaniyanın Azərbaycandakı
sabiq səfiri ümummilli
lider Heydər Əliyevin xidmətlərindən
danışmışdır
Almaniyanın "TV Berlin" televiziya kanalında efirə verilən "Standort Berlin" verilişində telekanalın aparıcısı Peter Brinkmann Almaniyanın Azərbaycandakı keçmiş səfiri professor Klaus Qrevlixdən müsahibə götürmüşdür. Qrevlix Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi dövrdə (2001-2004) ölkəmizlə bağlı əldə etdiyi təəssüratları televiziya tamaşaçıları ilə bölüşmüşdür. O, Azərbaycanın çox gözəl, zəngin tarixə və mədəniyyətə malik, mədəni bir ölkə olduğunu qeyd etmişdir. Keçmiş alman səfiri ölkəmizdə mövcud dini tolerantlıqdan müsbət mənada təsirləndiyini, bu cəhətdən ölkəmizin nümunə olduğunu ifadə etmişdir. Diplomat, eyni zamanda, Azərbaycanın müstəqillik dövründən sonrakı müddətdə inkişafı barədə danışmış, ölkəmizdə dövlətçiliyin qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən geniş bəhs etmişdir. Heydər Əliyevin çox təcrübəli siyasətçi və maraqlı insan olduğunu qeyd edən keçmiş diplomat onun ölkəmizi Qərb istiqamətində inteqrasiyaya aparan siyasətindən, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ərsəyə gəlməsində göstərdiyi xidmətlərdən danışmışdır. Bundan əlavə, almaniyalı alim Azərbaycanda mövcud alman irsinə toxunmuş, almanların ölkəmizə hansı şəraitdə gəlməsindən, buradakı yaşayışlarından və fəaliyyətlərindən geniş söhbət açmışdır. O, Azərbaycanın böyük potensiala malik ölkə olduğunu qeyd edərək ikitərəfli münasibətlərin daha da inkişafının zəruriliyini qeyd etmişdir.
Vüqar SEYİDOV
Azərbaycan.- 2012.- 27 may.- S. 10.