Azərbaycan və
qazax xalqlarının dostluğundan
bəhs edən kitabın, həmçinin “Baku” və “İrs-Naslediye” jurnallarının təqdimatı keçirilmişdir
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğu 28 may - Respublika Günü və Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi ilə əlaqədar Atırau şəhərində jurnalist Natalya Zaderetskayanın Azərbaycan və qazax xalqlarının dostluğundan bəhs edən "İki xalq - bir tale" kitabının, həmçinin "Baku" və "İrs-Naslediye" jurnallarının rus, ingilis və fransız dillərində olan versiyalarının təqdimatını keçirmişdir.
Tədbirdə vilayət hakimiyyətinin nümayəndələri, iş adamları, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri professor Eldar Günaydın təqdim olunan kitab və jurnallar haqqında ətraflı məlumat vermişdir.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov təqdimatı keçirilən kitab və jurnallarda müstəqil Azərbaycanın son illərdə apardığı daxili və xarici siyasət, ölkəmizin əldə etdiyi uğurlar, Azərbaycan və Qazaxıstan xalqlarının tarixi dostluğu haqqında söhbət açmışdır. Baş konsul demişdir ki, bu dostluq və qardaşlıq ənənələrini müstəqillik illərində ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev daha da inkişaf etdirmişlər. Bu xoş münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və ölkələrimiz arasında əlaqələr durmadan inkişaf edir.
Sonra yeni nəşrlər mərasimdə iştirak edən qonaqlara paylanmışdır.
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 27 may.- S. 10.