Heydər
Əliyev və Azərbaycanın dövlət müstəqilliyi
Naxçıvan Dövlət Universitetində (NDU) fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 28 May - Respublika Günü münasibətilə "Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi" mövzusunda 157-ci məşğələsi keçirilmişdir.
Məşğələni açan NDU-nun rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli demişdir ki, XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşmüşdür. 1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı nəticəsində Rusiyada çar imperiyası devrilmişdir. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmışdır.
Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi böyük iz qoymuşdur. 1990-cı ildən başlayaraq Respublika Günü dövlət bayramı kimi qeyd edilir.
Rektor tələbə və müəllimləri bayram münasibətilə təbrik etmişdir.
Sonra Sosial idarəetmə və turizm kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Hafiz Hüseynovun "Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi" mövzusunda məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini üzərinə götürmüş ulu öndər Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasını həyata keçirməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu öndərin siyasi kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin və xalqımızın firavan gələcəyi təmin olunur.
Sonda 25 tələbəyə
Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqəsi təqdim olunmuşdur.
Azərbaycan.- 2012.- 27 may.- S. 13.