Türkiyənin Bilgi Universitetinin nümayəndə heyəti BDU-da olmuşdur

 

 Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov İstanbulun Bilgi Universitetinin nümayəndə heyəti ilə görüşmüşdür.

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə A.Məhərrəmov Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən və bu münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, ulu öndərin ideyalarının  Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu xatırladan rektor BDU-da bu sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən bəhs etmişdir.

Bilgi Universiteti idarə heyətinin sədri Rifat Sarıcaoğlu səfərdə məqsədlərinin bu ali məktəb ilə BDU arasında əməkdaşlıq əlaqələri qurmaq olduğunu bildirmişdir.

Sonra əməkdaşlıq barədə müzakirələr aparılmışdır. Qonaqlar həmçinin BDU-nun tədris şəraiti ilə də tanış olmuşlar.    

Qeyd edək ki, Bilgi Universiteti 1996-cı ildə təsis edilmişdir. Tədrisi ingilis dilində aparılan bu universitetdə 11 min tələbə təhsil alır.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 13.