Mədəniyyətimiz, mətbəximiz və özümüz

 

"Eurovision"un 57 illik tarixində bu musiqi yarışmasının belə füsunkarlığı,  təntənəsi yüksək səviyyədə keçirilməsi müşahidə edilməyib  

 

Dünyanın diqqət mərkəzində dayanan Bakının "Eurovision-2012" büsatı əcnəbilərin fikrincə, "Min bir gecə nağılları"na bənzəyir. Rusiyanın "Buranovo nənələri"nin pərəstişkarı kimi gəlmiş iştirakçıların, jurnalistlərin (Denis Davıdov, Pavel Korolyov) söylədikləri fikrin ahəngindəki səmimiyyəti duymamaq mümkün deyildi: "Avropa xoşbəxtdir ki, "Eurovision-2012" Bakıda keçirildi. Çünki 57 illik tarixində bu musiqi yarışmasının heç vaxt belə füsunkarlığı, təntənəsi, yüksək səviyyədə keçirilməsi müşahidə edilməyib".

İstər-istəməz yarışa hazırlıq müddətində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın "Trend" agentliyinin suallarını cavablandırarkən bir məsələyə münasibəti yada düşür: "Çoxsaylı qonaqlarımız görəcəklər ki, Bakı necə gözəldir! Onlar tarixi və mədəniyyət abidələrini ziyarət edəcək, Qərb və Şərq memarlığının ahəngdar şəkildə birləşdiyi küçələrdən keçəcəklər. Onlar xalqımızın mehribanlığına və qonaqpərvərliyinə əyani şəkildə əmin olacaqlar. İnanıram ki, onların əksəriyyəti qədim və sürətlə inkişaf etməkdə olan Azərbaycan barədə şə\xsi təsəvvürlərini formalaşdıracaqlar. Və bir çoxları Odlar yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar. Axı, "Öz məşəlini alovlandır" sözləri nahaq yerə müsabiqəmizin devizi olmayıb".

Bu fikirlər öz gerçəkliyini təsdiqlədi. Yarışmaya qatılan avropalı təmsilçilər şəhəri gəzərkən, eləcə də məşqlər zamanı həsəd və maraqla hər şeyə diqqət yetirirdilər. Onlar bizim zəngin mədəniyyətimizə, milli musiqi alətlərimizə, ifaçılarımızın məharətinə heyranlıqlarını bildirirdilər. Avropalılar böyük məmnunluqla sazın, tarın, kamanın... müşayiəti ilə öz mahnılarını ifa etməkdən böyük zövq alırdılar. Bakının tarixi abidələri, qədim və müasir simvolları qonaqları məftun etdi. Xüsusilə də, üç nəhəng alov diliminin yaratdığı duyğuları ifadə etməkdə çətinlik çəkirdilər. Qonaqlar bir həqiqəti dönə-dönə dilə gətirirdilər: "Azərbaycan həqiqətən, odlar ölkəsidir". Kanadadan gələn bir xanım öz heyrətini çox sevincək, bir qədər də həyəcanla, şövq və nəşə ilə dilə gətirdi. "Dünyanın çox yerini gəzmişəm. Bakıdan heç harada yoxdur. Həm qədimdir, həm də müasir. Klassika ilə müasirliyi birləşdirmək hər paytaxt şəhərinin taleyində yazılmayıb. Bu mənada Bakı seçilir. Mənə xoş gələn azərbaycanlıların tarixi ənənələrinə sadiqliyi, onu qoruması, ustalıqla hifz etməsi və bununla kifayətlənməməsidir. Eşidəndə ki Bakıda diqqətçəkən bu göydələnlərin əksəriyyəti son vaxtlar tikilib, inanmadım. Hələ İçərişəhər! Möcüzədir! Mən onun qala divarlarında minilliklərin ovqatını duydum. Qədim tarixi olan millətin mədəniyyəti də qədim və əbədidir".

Bakının tarixi abidələri və müasir tikililəri haqqında əcnəbilər xoş sözlər söylədikcə qürurumuz artır, fərəhimiz yerə-göyə sığmır. Bir hadisəni xatırladım. Ötən əsrin sonlarında Almaniyada çox yaşlı bir soydaşımızla görüşdüm. Taleyin, gərdişin gətirməsindən, daha doğrusu, bolşeviklərin Azərbaycanı işğalı zamanı qürbətə düşən bu milyonçu qızı 90 yaşını haqlamışdı. Biləndə ki Bakıdanam, birinci sualı bu oldu: "Qız qalası dururmu?" Qohumunu, əqrəbasını yox, məhz Qız qalasını xəbər aldı. Bu da təsadüfi deyildi. Bu qədim və əzəmətli tarixi abidə Bakının simvoludur. Qürbətə düşənlər də onu qəlblərində həmişə yaşadıblar, xatırlayıblar. Bu da vətəni yad etməyin bir yoludur. Gəlin etiraf edək ki, yarandığı gündən Qız qalası indiki kimi qeyri-adi görünüşə, cazibəyə, füsunkarlığa malik olmamışdı. Gecələr onu seyr etdikcə keçirilən hisslərin ifadəsi tapılmır. Maraqlıdır ki, Parisdən - "Eyfel" qülləsinin yaxınlığından gələn fransalı da Qız qalasının qeyri-adi füsunkarlığından, al-əlvanlığından, min bir rəngli libasa bürünməyindən elə heyrətləndi ki, özünü saxlaya bilməyərək az qala qışqırırdı: "Dünyada belə gözəllik yoxdur".  Deyirlər, sövet dövründə Bakı dünyanın beş gözəl şəhərindən biri sayılıb. İndi isə başqa sözlər səslənirdi. Bakı Avropanın ən füsunkar şəhəridir.

İçərişəhərdə təşkil edilən sərgilərdə müxtəlif sənət nümunələri, əl işləri, tikmələr, xalçalar, milli musiqi alətləri, onların suvenirləri, "Eurovision"un əlamətlərini əks etdirən fiqurlar, çay daşlarından, balıqqulaqlarından hazırlanmış əşyalar qonaqların diqqətini çəkirdi. Onlar Azərbaycan sənətkarlarının təxəyyülünə, yaradıcılıq qabiliyyətinə, mövzu tapmaq istedadına heyran olduqlarını bildirirdilər. Araxçınlara, kəlağayı-yaylıqlara, milli geyimlərə maraqla tamaşa edir, hətta bəyəndiklərini məmnuniyyətlə alırdılar. Estoniyadan gələn təmsilçi Ott Lepland bildirdi: "Bizim ölkəmizdə də bu cür sənət nümunələri çoxdur. Amma burada gördüklərim daha qeyri-adi və orijinaldır. Mən azərbaycanlı memarların, sənətkarların, adicə tikmə ilə məşğul olanların təfəkkürünə, yaradıcılıq qabiliyyətinə valeh oldum. Azərbaycan özü boyda bir mədəniyyət paytaxtıdır. Kiçik daşlardan, balıqqulaqlarından, muncuqlardan, rəngli saplardan nələr düzəldirlər?"

Çoxumuz xarici ölkələrdə olmuşuq. Musiqi xadimlərimiz də müxtəlif ölkələrdə keçirilən mədəniyyət günlərində, festivallarda, qastrollarda, mərasimlərdə, dövlət tədbirlərində iştirak ediblər. Həmişə də təəssüratları ilə maraqlananda olduqları ölkənin mədəni həyatından, musiqisevərlərin coşqunluğundan, tarixi abidələrdən, eləcə də müxtəlif münasibətlərdən ağız dolusu danışıblar. Amma hələ təsadüf etməmişik ki, kimsə gəlib olduğu ölkənin mətbəxindən heyrətlə danışsın. Əksinə, bizə elə gəlib ki, Azərbaycan mətbəxinin analoqu yoxdur. Bakıda keçirilən bu Avropa musiqi yarışması da bir daha təsdiqlədi ki, həqiqətən, Azərbaycan mətbəxi müqayisəsizdir. Rus da, alman da, fransız da, ingilis də, ispan da, yunan da, yəhudi də, gürcü də, italyan da, bir sözlə, yarışmaya qatılan əcnəbilərin hamısı eyni sözü dəfələrlə təkrar etdilər: "Azərbaycan xörəklərinin dadından yoxdur". Hətta xörəklərimizin adlarını da bizim dildə deməkdən sanki ləzzət alırdılar: "Dovqa", "dolma", "kebab", "plav". İordaniyadan gələn Riçard söylədi: "Mən qışda da Bakıda olmuşdum. Həyatımda dadmadığım bir xörək yedim. "Düşbere". İndi isti olduğuna görə bişirmirlər. Amma mənim arzumu yerinə yetirdilər. Dadından doymadım. Hər gün yeyərəm. Azərbaycanlı xanımlar nələr yaradırlar? Onların mətbəxindən heç harada yoxdur". Maraqlısı budur ki, Avropadan gələn iştirakçılar restoranlarda olarkən xaş istəyiblər. Sonra da əlavə ediblər ki, bizdən əvvəl bura dostlarımız gəlib. Onlar sizin bu xörəyi çox tərifləyirlər.

Əcnəbilər Azərbaycan şirniyyatının dadından doymurlar. Onlar armudu stəkanda limonlu çayla paxlavanın, şəkərburanın və digər şirniyyatların dadına baxdıqca heyrətlərini gizlədə bilmirlər. Ömrü boyu kofe içən almanlar, italyanlar, fransızlar etiraf edirlər ki, çay dəstgahından bu qədər yaxından xəbərimiz olmayıb. Çay təqdim etməyin də özünəməxsus bir mədəniyyət olduğunu bildirən əcnəbilər dükanbazarlardan armudu stəkanlar alırdılar...

Hər bir xalqın özünəməxsus mədəniyyəti, mətbəxi və məziyyətləri var. O millət də xoşbəxtdir ki, bu maddi və mənəvi keyfiyyətlərin vəhdətini öz varlığında, işində, gücündə, fəaliyyətində bacarıqla əks etdirə bilsin. Azərbaycan bəşər mədəniyyətinə incilər bəxş edən bir ölkədir. Musiqisi, ifaçılığı, ədəbiyyatı, təsviri sənəti, memarlığı həmişə dünyanın bu sahədəki öncüllərinin sırasında olub. Qədim əlyazmalarımız, xalçalarımız, maddi mədəniyyət sərvətlərimizin bir qismi Avropa, Amerika, Afrika, Asiya muzeylərini bəzəyir. Yerləşdiyi coğrafi mövqeyə və insanlarının istedadına görə yurdumuz həmişə diqqət mərkəzində olub. Vaxtilə vətənimizə dost gözü ilə baxanlardan çox talançılar gəlib. Dünyanın ən nəhəng xalçası "Şeyx Səfi"nin (Azərbaycan xalçaçılıq məktəbinin nümunəsi) "ViktoriyaAlbert" muzeyində saxlanması, istər Şəkidəki Xan sarayının, istərsə Bakıdakı "Şirvanşahlar"ın bomboş qalması onun əşyalarının yadlar tərəfindən aparılmasını təsdiqləyir. Azərbaycan xalqı həmişə yaratmağı, qurmağı sevib. Təbiətindəki humanistlik onu həmişə bəşəri arzularla, ideyalarla yaşadıb. Təəssüf ki, ötən əsrin sonlarında erməni şovinistlərinin həyata keçirdikləri işğalçılıq siyasəti torpağımızın 20 faizinin zəbt edilməsi ilə nəticələndi. Öz halal ocaqlarından didərgin düşən soydaşlarımız illərdir ki, doğma yurda dönmək həsrəti ilə yaşayırlar. Bu ağır savaşda təkcə insanlarımız həlak olmadı. Maddi mədəniyyət abidələrimiz, məbədlərimiz, muzeylərimiz qətlə yetirildi. Daşnaklar talamaqla, aparmaqla bərabər, yerdə qalanlarını da yandırdılar, dağıtdılar. Yenə də ürəyimiz geniş, ümidlərimiz böyükdür. Ədalətin bərpasına, Azərbaycan torpağına bütövlükdə sülhün gəlməsinə əminik. "Eurovision-2012" mahnı müsabiqəsi bir daha bütün Avropaya təsdiqlədi ki, üzləşdiyi bəlalara rəğmən Azərbaycan necə musiqisevər, yaradıcı, qonaqpərvər, əhalisi mehriban olan, tolerant, təhlükəsiz bir ölkədir. Dünyanın hər yerində araqarışdıranların olması şəksizdir. Bəzən də ikili standartlar müəyyən ziddiyyətlər doğurur. Ölkəmizin bu yarışmadakı uğurları - yəni, ona yüksək səviyyədə hazırlaşması dostları sevindirsə də, paxılların gözlərini qamaşdırdı. İrandan gələn təlxəyin (onu jurnalist adlandırmaq bu sənətin sahiblərinə təhqirdir - F.X.) güzgüyə baxıb öz simasını yaratması xoşagəlməz olsa da, bu, qonşu "zahidlərin" bir daha üzünü açır.

Gürcüstan təmsilçisi Anri Joxadzenin söylədiyi bir fikir riqqət doğurur: "Dünyaya ikinci dəfə gəlmək mümkün olsaydı, mən Bakıda doğulmaq istərdim. Bakılı olmaq xoşbəxtlikdir. Bu şəhərin hər yeri - kiçicik küçəsi də, dön\gəsi də, nəhəng binaları da, tarixi abidələri də, rəmzləri də, insanları da, musiqiçiləri də, üstəlik, dənizi də çox gözəldir". Bu, özünü müsəlman, azərbaycanlı adlandırıb, əslində, erməni xislətindən o tərəfə keçmək istəməyənlərə gözəl cavabdır.

Gözəlliyi görməmək, uğurları duymamaq, xalqın sevincinə şərik olmamaq, dövlətin yüksək səviyyədə beynəlxalq tədbirlərə hazırlıq görməsinə qəmlənmək  - bu, ən azından nankorluqdur. "Eurovision-2012" mahnı müsabiqəsinə ölkəmizin ev sahibliyi etməsi bizə həm də o imkanı verdi ki, Azərbaycanı Avropaya tanıtmaq missiyasını yerinə yetirə bilək. Aqilin də, adinin də fərəh duya biləcəyi hadisə haqqında hələ çox danışılacaq, onun əhəmiyyətindən dönə-dönə bəhs ediləcək. Dünənədək adımızı belə, bilməyən xalqlar, millətlər bu gün bizdən danışır. "Azərbaycan", "Bakı", "Xəzər" söyləyir. Şəhərimizin  cazibəsindən qopa bilməyən yadlar yenidən ölkəmizə gəlmək istəyirlər.

İçimizdə yaşayıb, suyumuzu içib, havamızı udan, adı-soyadı bizdən olan leylalar, eldarlar və digərləri isə erməni rəfiqliyinə üz döndərə bilmirlər. Zaman hər şeyi ələyib üzə çıxardı. Dost da bəlli oldu, düşmən də.

Bu, bizik, Avropanı heyrətə gətirən böyük Azərbaycan! Bu gülüstanda ətir saçan güllər də var, yan-yörəsində qurumaqda olan qanqallar da!..

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 27 may.- S. 14.