Metyu BRAYZƏ: Eurovision Azərbaycanın sıravi Avropa vətəndaşlarına yaxın və anlaşıqlı olmasına imkan verəcəkdir

 

 Minlərlə avropalı  "Eurovision" mahnı müsabiqəsinə tamaşa etmək üçün  bu həftə Azərbaycana gəlmişdir.  Azərbaycanı əsas etibarilə CNN-in reklamından  tanıyanlar  paytaxt Bakı şəhərinin sürətlə inkişaf etdiyini  öz gözləri ilə görəcəklər.

"Eurovision"  müsabiqəsinin keçirilməsi Azərbaycanın hazırda bu ölkə barəsində  yanlış təsəvvürləri olan sıravi Avropa vətəndaşlarına yaxın və anlaşıqlı olmasına  imkan verəcəkdir.

AzərTAc "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzə bəyan etmişdir.

Onun sözlərinə görə, hazırda avropalılar Azərbaycanı  əsas etibarilə Qərb KİV-lərinin reportaj və məqalələrindən tanıyırlar.  O demişdir: "Bir il  ABŞ-ın  Azərbaycanda səfiri işləmiş bir insan kimi mən yaxşı bilirəm ki, bunlar çox vaxt gerçəkliyi əks etdirmir".

M.Brayzə o cümlədən qeyd etmişdir ki, Azərbaycanda iqtisadi islahatlarda tərəqqi  Qərb KİV-nin təqdim etdiklərindən xeyli yüksəkdir. O demişdir: "İqtisadi islahatlar ağlabatan vergi-büdcə və pul-kredit siyasətinə uyğun aparılmışdır".

Agentliyin məlumatında vurğulanır:  "Bundan əlavə, Azərbaycan hökuməti  neft sənayesinin gəlirlərinin xeyli hissəsini yoxsulluğa qarşı mübarizəyə yönəldir. Bu, 2003-2009-cu illərdə yoxsulluğun səviyyəsini 49 faizdən 9,1 faizədək (Dünya Bankının məlumatına görə, 16 faiz) azaltmağa kömək etmişdir".

Agentliyin məlumatında deyilir ki, Azərbaycan Avropanın ehtiyac hiss etdiyi neftqazla zəngindir. Azərbaycan dini müxtəliflik və dözümlülük ənənələri olan dünyəvi dövlətdir.

 

 

Azərbaycan.- 2012.- 27 may.- S. 15.