Prezident İlham
Əliyev Dənizkənarı Milli
Parkın ərazisində “Kiçik
Venesiya şəhərciyi”nin
açılışında iştirak etmişdir
Mayın 28-də Dənizkənarı Milli Parkda "Kiçik Venesiya şəhərciyi" adlanan ərazi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Bildirildi ki, Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində əsaslı şəkildə yenidən qurulan "Kiçik Venesiya şəhərciyi" bulvarın ən gözəl guşələrindən biridir. 1960-cı illərdə salınan şəhərcik Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeri olmuşdur. Prezident İlham Əliyev ötən ilin martında bulvarda olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir.
Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, şəhərcik ən müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. "Kiçik Venesiya şəhərciyi" əvvəlki görkəmi saxlanılmaqla yeni elementlərlə zənginləşdirilmiş, kanallar genişləndirilmiş, dərinləşdirilmiş və su keçidləri ilə birləşdirilmiş, buraya müasir qayıqlar gətirilmişdir.
Prezident İlham Əliyev "Kiçik Venesiya şəhərciyi"nin ərazisi ilə yaxından tanış oldu.
Qeyd edildi ki, şəhərcikdə mənalı istirahət üçün hər cür şərait yaradılmışdır. Milli ornamentlərlə bəzədilmiş şəhərcikdə kanalların üzərində yeni körpülər inşa olunmuşdur. Burada su anbarı və sutəmizləyici sahə yaradılmışdır. Sutəmizləyici qurğuların köməyi ilə kanalların suyunun daim təmizlənməsi və həmişə şəffaf qalması təmin ediləcəkdir.
Şəhərcikdə yaradılmış müasir iaşə obyektlərində həm Qərb, həm də Şərq mətbəxinin ləziz nümunələri müştərilərə təqdim olunacaqdır. Kanallarda, körpülərdə və tuneldə quraşdırılan işıqlandırma sistemi axşam saatlarında şəhərciyin gözəlliyini daha da artıracaqdır. Əsl Venesiyanı xatırladan "Kiçik Venesiya şəhərciyi" öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verir.
Əvvəlki ilə müqayisədə
daha müasir,
maraqlı və xoşagələn olan yeni "Kiçik Venesiya şəhərciyi"nin əsaslı
təmirdən sonra istifadəyə verilməsi
28 May - Respublika Günü münasibətilə Azərbaycan
vətəndaşları üçün
əsl hədiyyə oldu.
* * *
Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binanın ətrafında görülən işlərlə maraqlandı.
AzərTAc
Azərbaycan.- 2012.- 30 may.- S. 2.