Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir

 

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

 

 Mayın 28-də Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Dövlət başçısı yol qovşağının texniki göstəricilərini, paytaxtda təmir olunacaq yollar və prospektləri əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına yol qovşağının tikintisitexniki göstəriciləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu yol qovşağının tikintisinə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2006-cı il aprelin 11-də başlanmışdır. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 680 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.

Diqqətə çatdırıldı ki, qovşağın uzunluğu 1286 metr olan birinci kompleksi 2008-ci ilin sentyabrın 23-də istismara verilmişdir. Yol ötürücüsünün bu hissəsində üç körpü, yol yanaşmaları və avtomobil yolu yerləşir. Qovşağın ikinci kompleksi isə 2010-cu il iyulun 2-də açılmışdır. Uzunluğu 1194 metr olan ikinci kompleks beş körpükörpü yanaşmalarını özündə birləşdirir. İstifadəyə hazır olan qovşağın üçüncü - son kompleksinin ümumi uzunluğu isə 1200 metrdir. Burada uzunluğu 360 metr olan asma konstruksiyalı ikiaşırımlı yolötürücüsü inşa olunmuşdur.

Qeyd edildi ki, hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci Kilometr, Əhmədli, "Günəşli" yaşayış massivləri və Zığ dairəsi-hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa olunan üçüncü kompleksin asma dayağının hündürlüyü 93 metr, körpüdəki yolun hərəkət hissəsinin eni isə 9 metrdir. Aşırım qurğusunda 52 kanatdan istifadə olunmuşdur. Yolun hərəkət hissəsində 4 min 565 kvadratmetr sahədə hidroizolə işləri görülmüşdür. Yerdən hündürlüyü altı metr olan ikizolaqlı yol birtərəflidir. Bu kompleksin ətrafında 2 min 500 kvadratmetr sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Sonra Prezident İlham Əliyevə Bakı şəhərində təmir olunacaq yollar və prospektlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu ilin iyun-sentyabr aylarında paytaxt ərazisində ümumilikdə 75,8 kilometr yolda təmir-bərpa işləri aparılacaqdır. Yusif Səfərov küçəsi, Azadlıq və Azərbaycan prospektləri, "Şərq bazarı" ərazisi və Koroğlu Rəhimov küçələrində avtomobil yolları yenidən qurulacaqdır.

Prezident İlham Əliyev üçüncü kompleksin açılışını bildirən rəmzi lenti kəsdi.

Dövlət başçısı İlham Əliyev körpüdən ətraf əraziyə baxdı. Bildirildi ki, inşası tam başa çatdırılan üçkompleksli bu qovşaq hava limanı, Qara Qarayev, 20 Yanvar prospektləri, 8-ci Kilometr yaşayış massivi, Bakıxanov qəsəbəsi, paytaxtın mərkəzi istiqamətlərində avtomobillərin sərbəst və təhlükəsiz hərəkətini təmin etməklə, ərazidə tıxac probleminin həllinə imkan yaradacaqdır.

Prezident İlham Əliyev nəqliyyatçılara və inşaatçılara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 may.- S. 3.