Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının müstəqillik günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Azərbaycan hökumətinə və xalqına səmimi arzularımı çatdırmaq istəyirəm.
Avstraliya və Azərbaycan arasında beynəlxalq sülh və təhlükəsizlik məsələlərində ortaq yanaşmalara əsaslanan yaxın ikitərəfli əlaqələr mövcuddur. Ölkələrimiz bu il diplomatik münasibətlərinin qurulmasının 20-ci ildönümünü qeyd edir. Sizin Avstraliyada Azərbaycan səfirliyinin açılması ilə bağlı niyyətinizi eşitməkdən xüsusilə məmnunam. Bu təşəbbüs Avstraliyada Azərbaycanın nüfuzunu artıracaq və bir çox məsələlərlə bağlı daha dərin ikitərəfli fəaliyyətə imkan yaradacaqdır.
Azərbaycan hökumətinin nümayəndəsinin Avstraliyaya ən son səfərini və Avstraliya Baş nazirinin xüsusi nümayəndəsi Russel Trudun 2012-ci ilin ortalarında Azərbaycana edəcəyi səfəri yüksək qiymətləndirirəm. Bu ildönümündə belə yüksək səviyyəli səfərlər infrastruktur və resurslar kimi önəmli sahələr də daxil olmaqla iqtisadi və ticari əlaqələrimizin möhkəmlənməsinə, təhsil sahəsində geniş mübadilə də daxil olmaqla xalqlarımız arasında əlaqələrin qurulmasına imkan yaradacaqdır.
Avstraliya hökuməti qətiyyətlə inanır ki, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və tərksilah kimi qlobal çağırışlar geniş və əhatəli həll yolları tələb edir. Çoxtərəfli institutlar, xüsusilə də, BMT bu çağırışlara birgə cavab verməyimiz üçün yaxşı imkan yaradır. Avstraliya hökuməti növbəti illərdə də Azərbaycan Respublikası ilə istər ikitərəfli, istərsə də çoxtərəfli qaydada birgə işləmək prinsipinə tam sadiqdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, xüsusilə də, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərimi qəbul etmənizi xahiş edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri qarşıdakı illərdə də inkişaf edəcəkdir.
Dərin hörmətlə,
Xanım Kventin BRAYS,
Avstraliya İttifaqının General-Qubernatoru
Azərbaycan.- 2012.- 30 may.- S. 3.