Azərbaycan ilə
Bolqarıstan arasında əməkdaşlıq perspektivləri
müzakirə olunmuşdur
Mayın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov Azərbaycanın əsasən region ölkələri ilə əməkdaşlığından danışaraq ölkəmizin bölgənin inkişafına verdiyi töhfələr barədə qonağı məlumatlandırmışdır.
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edən nazir münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycana səfərindən məmnunluğunu bildirən T.Tsaçeva ölkəmizdə sürətli iqtisadi inkişafın şahidi olduğunu qeyd etmişdir. Azərbaycanın ölkəsinə qarşı bəslədiyi dostluq münasibətlərini hər zaman hiss etdiklərini deyən sədr ikitərəfli əlaqələrdə əldə edilmiş nailiyyətlərdən razı qaldıqlarını vurğulamışdır. Bununla yanaşı, T.Tsaçeva Bolqarıstan parlamentində ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr edilmiş sərginin keçirilməsinin nəzərdə tutulduğunu da E.Məmmədyarovun diqqətinə çatdırmışdır.
Görüşdə Azərbaycan
ilə Bolqarıstan arasında əməkdaşlıq
perspektivləri müzakirə olunmuş,
müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi, humanitar, mədəniyyət
və təhsil sahələrində əlaqələrin
genişləndirilməsinin vacibliyi
vurğulanmışdır.
Azərbaycan.- 2012.- 15 may.- S. 3.