Azərbaycanın
inkişafı qarşıya yeni və daha böyük hədəflər
qoyur
Akademik Ramiz MEHDİYEV: “Prezident
İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində
son 10 ilə yaxın bir müddətdə ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində,
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunda ciddi yeniliklər və nailiyyətlər əldə
olunmuş, Azərbaycan bir çox parametrlər üzrə
sürətlə inkişaf edən ölkəyə
çevrilmişdir”
Ulu öndər Heydər Əliyevin
ümummilli bayram kimi qeyd olunan doğum günü bu il də
ölkəmizin hər yerində, azərbaycanlıların
yaşadığı dünyanın hər bir ölkəsində
qeyd edildi, əziz xatirəsi böyük ehtiramla
anıldı. Həmin günlərdə müxtəlif
konfransların, sosial aksiyaların, idman
yarışlarının, gül bayramlarının
keçirilməsi xalqımızın ümummilli liderin əziz
xatirəsinə olan dərin hörmətini və məhəbbətini
bir daha nümayiş etdirdi.
Heydər
Əliyevin müəyyənləşdirdiyi inkişaf
konsepsiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi, dövrün reallıqlarından
irəli gələrək zənginləşdirilməsi
bütün dünyanın qəbul etdiyi inkişafın Azərbaycan
modelini formalaşdırmışdır. Bu model əsasında
Azərbaycanda müşahidə olunan sürətli iqtisadi
inkişaf təkcə rəqəmlərin artmasında deyil, həm
də yeni keyfiyyətlərin meydana gəlməsində
özünü göstərir. Bu, ölkəmizin
inkişafının yeni mərhələyə qədəm
qoymasının təsdiqidir. Təbii ki, Azərbaycanın
müasir və sürətli inkişafı ölkəmizin
qarşısında yeni, daha böyük hədəflər
qoyur. Bu gün həmin hədəflərə çatmaq
istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü
ilə "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası işlənib
hazırlanır. Təsadüfi deyil ki, Yeni Azərbaycan
Partiyasının ulu öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü ərəfəsində
keçirdiyi konfransın mövzusu da "Azərbaycan 2020:
inkişafın yeni hədəfləri" adlanırdı.
Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq Azərbaycan artıq 2009-cu ildən iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycanın qarşıdakı hədəfləri də bəllidir. Bu barədə Prezident İlham Əliyev deyib: "Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi artıq çoxdan başa çatmışdır. Mən bir müddət bundan əvvəl demişəm ki, biz artıq keçid dövrümüzü başa vurmuşuq. Azərbaycan indi keçid dövrünü yaşayan ölkə deyildir. Biz sürətli inkişaf dövrünü yaşayan ölkəyik, inkişafda olan ölkəyik və bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik".
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının da məqsədi məhz əldə edilən uğurların davamlı olmasını, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsini təmin etməkdir. Qarşıda bizi gözləyən inkişaf mərhələsinin əsas hədəfləri isə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Bu mənada hazırda ictimai müzakirələrdən keçməklə hazırlanma mərhələsində olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikamızın perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm proqram olacaq. Yeni inkişaf konsepsiyasının icrası nəticəsində Azərbaycanın növbəti faza üçün daha böyük nailiyyətlərə imza atacağı şübhəsizdir. Qarşıya qoyulacaq məqsədlərin reallaşması nəticəsində respublikamız dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir.
Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin doğum gününün 89-cu ildönümü ərəfəsində keçirdiyi "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" adlı konfransdakı çıxışında ölkəmizin müstəqillik illərində keçdiyi inkişaf yoluna nəzər salan, əhatəli təhlillər aparan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəfləri barədə deyib: "Hazırda Azərbaycanda 60-a yaxın proqram və strateji sənəd müvəffəqiyyətlə icra olunmaqdadır. Lakin bu sənədlər cəmiyyətin problemlərini tam əhatə etmir və daha çox fraqmentar xarakter daşıyır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası zəncirvari bağlı olan bütün əsas istiqamətləri həm öz-özlüyündə, həm də bir-biri ilə uzlaşdırılmış şəkildə əhatə edəcək və başlıca məqsəd olan "dayanıqlı inkişaf" probleminə konseptual baxış və yanaşma imkanı yaradacaqdır. Dayanıqlı inkişaf təbii resursların istismarını, investisiya istiqamətlərini, innovasiya və ekoloji yönümlüyü, insan inkişafını, institusional dəyişiklikləri bir-biri ilə uzlaşdıran prosesdir və burada başlıca məqsəd mövcud və gələcək potensialın möhkəmləndirilməsi, gələcəkdə həyat tərzinin yeni keyfiyyətinin təmin olunmasıdır".
İnamla demək olar ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bir ideya olaraq dəyişib-yeniləşən zamanın tələbindən və gələcəyin inkişaf modelini aydın görə bilən strateji düşüncənin və bu inkişafı həyata keçirməyə qadir olan siyasi iradənin vəhdətindən doğmuşdur. Azərbaycan dövləti və cəmiyyəti bu konsepsiyanı həyata keçirməyə həm maddi-iqtisadi potensialına, həm də yaradıcı mənəvi ruhuna, əzminə görə hazırdır. Bəli, müstəqilliyinin iyirminci ilində qlobal siyasətin mərkəzi olan BMT-nin Təhlükəsizlik Şurasına 155 dövlətin dəstəyi ilə üzv qəbul olunan Azərbaycanın özünün gələcək milli inkişafına dair müəyyən etdiyi bu platforma respublikamızın növbəti dövr ərzində dünyanın inkişaf etmiş dövlətləri sırasında yer alacağını qətiyyətlə söyləməyə əsas verir.
Ötən 8 ildə respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. İnkişafın Azərbaycan modelinin formalaşmasının əsas tərkib hissələri olan 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan verib. Makroiqtisadi göstəricilər də bunu təsdiq edir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılıb, böyük əksəriyyəti daimi olmaqla ümumilikdə bir milyona yaxın yeni iş yeri açılmış, son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə enib. Son illərdə büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artıb, 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilib. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna yatırılıb, dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil edib. Ötən il ölkəmizdə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatıb ki, bu da Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizindən çoxdur. Hazırda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötüb, əvvəlki illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri 20 faizə qədər artaraq 36,6 milyard manata çatıb, adambaşına düşən məbləğ 3 min 400 manat olub.
Bu möhtəşəm nailiyyətlər deməyə əsas verir ki, Heydər Əliyev siyasi irsinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Bir çox dövlətlərin yüzilliklər ərzində keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vuraraq mühüm uğurlara imza atmaqdadır. Bundan sonra isə respublikamızın qarşısında dayanan məqsədlərdən biri bu uğurların davamlı olmasını təmin etmək, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Təbii ki, buna əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi yolu ilə nail olunacaq. Akademik Ramiz Mehdiyev YAP-ın "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda keçirdiyi konfransda Konsepsiyanın əhatə edəcəyi növbəti 8 ildə siyasi və humanitar istiqamətlərlə yanaşı iqtisadi sahədə nəzərdə tutulan işlər barədə də məlumat verib. Qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ümumi daxili məhsulun və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, iqtisadiyyata innovasiyaların tətbiqinin təminatı istiqamətində güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi və milli məhsulların dünya bazarlarına ixracı imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi rifah halının durmadan yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin və işsizliyin mümkün minimuma endirilməsi, orta təbəqənin hər vasitə ilə genişləndirilməsi və cəmiyyət həyatında onun rolunun artırılması ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması müstəqil Azərbaycan dövlətinin yaxın illər ərzində daha yüksək hədəflərə doğru - dünyanın ən inkişaf etmiş ölkələri sırasına qatılmaq yolunda inamla və qətiyyətlə irəlilədiyini bariz şəkildə təsdiqləyir. Bu mənada Konsepsiyanın həyata keçirilməsi Azərbaycan hakimiyyətinin xalq naminə, yüksək ideallar uğrunda apardığı məqsədyönlü siyasətin bariz nümunəsi kimi ölkəmizin yüksəlişində növbəti uğurlu bir mərhələ olacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2012.- 15 may.- S. 4.