Azərbaycan həqiqətləri dünya mətbuatının diqqət mərkəzində qalmaqda davam edir

 

Dünya mətbuatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar görülən işlər, beynəlxalq ictimaiyyətin bu məsələyə marağı ilə bağlı mayın 21-də Bakıda keçirdiyi mətbuat konfransını işıqlandırmaqda davam edir.

AzərTAc Türkiyənin bir sıra nüfuzlu xəbər saytlarının bu barədə materiallarının xülasəsini təqdim edir.

"Haberkamu", "mansetaltı", "yenieksen" saytları Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun jurnalistlərin suallarına cavablarını geniş şərh edərək yazırlar: "Azərbaycan bir ildə əldə etdiyi iki böyük nailiyyət - BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, ona rəhbərlik etməsi, digər tərəfdən "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsi qısa müddətdə Azərbaycanı dünya ictimaiyyətinin maraq mərkəzinə çevirmişdir. Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb etmişdir".

Saytlar Azərbaycana gələn bütün qonaqların təhlükəsizliyinin dövlətin zəmanəti altında olduğunu yazırlar.

 KİV-lər Ə.Həsənovun "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar İran ilə son zamanlar yaşanan hadisələrə münasibətini şərh edərək yazır: "Azərbaycan müsəlman bir dövlətdir. Hər kəs bizi öz tərəfinə çəkmək istəyir. Biz Qurani-Kərimin və Peyğəmbərin təbliğ etdiyi İslamı qəbul edirik. İran istəyir ki, onun dostu ilə dost, düşməni ilə düşmən olaq. Qərbin İran əleyhdarı fəaliyyətində iştirak etmirik".

Saytlar Prezident Administrasiyasının şöbə müdirinin sözlərindən sitat gətirərək yazır: "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda cinsi azlıqların yürüşünün olmadığı halda bu məsələ ilə bağlı etiraz nümayişi təşkil edən İrandakı qrupların Azərbaycanın torpaqlarını işğal edən və Xocalıda soyqırımı törədən Ermənistana qarşı niyə heç bir nümayiş təşkil etmədiyi maraq doğurur. Bu isə bizdə narahatlıq doğurur. Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, insanlar qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər. Ermənistan işğal etdiyi əraziləri tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir.

Ə.Həsənovun mətbuat konfransını şərh edən  "Aydınsəs" və "doğruhaber" saytlarının yaydığı yazılarda isə bildirilir: "Müsabiqə ərəfəsində təhlükəsizlik tədbirləri, eləcə də Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bəzi xarici təşkilatlar və KİV-lər tərəfindən yayılan xəbərlərə münasibət bildirən şöbə müdiri yarışmanın keçirilməsi ilə bağlı Azərbaycanın ünvanına ayrı-ayrı ölkələrdən - ilk növbədə, bəzi radikal dini qruplardan təhdidlərin gəldiyini vurğulamışdır. Azərbaycan hakimiyyəti bütövlükdə ölkənin ictimai-siyasi, iqtisadi həyatı ilə bağlı təhlükəsizlik sahəsində bütün qabaqlayıcı tədbirləri görmüşdür. "Eurovision" müsabiqəsi ilə bağlı təhlükəsizlik məsələləri isə xüsusilə gücləndirilmişdir. Biz Azərbaycana gələn bütün xarici turistlərə onların təhlükəsizliyi ilə bağlı təminat vermişik".

Saytlar Bakıda gey-paradın keçiriləcəyi ilə bağlı İran tərəfindən yayılan şayiələrlə bağlı suala Prezident Administrasiyasının şöbə müdirinin cavabından sitat gətirərək yazmışlar: "Azərbaycanın iqtisadi inkişafı İranı narahat edir. İran olmayan bir şey haqqında yalan bəyanatlar yayır. İran ölkəmizi İslam əleyhdarı bir dövlət, "Eurovision" mahnı müsabiqəsini isə "mavilərin nümayişi" şəklində qələmə verərək bu tədbiri qaralamağa çalışır".

"habergalerisi", "amirler" saytları son zamanlar Qərb mətbuatında da antiazərbaycan təbliğatının aparıldığını vurğulayan Ə.Həsənovun bunların arasında "Amnesty International", "Human Rights Watch" təşkilatların və bir neçə digər KİV-lərin adlarını çəkdiyini yazırlar. Şöbə müdirinin sözlərinə istinadla saytlar yazır: "Bu qüvvələr bir mərkəzdən idarə olunur. Xüsusilə də "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatları Azərbaycanın beynəlxalq imicini təhdid edirlər. Bu təşkilatlar əsassız xəbərlər yayır. Bu cür fəaliyyətə görə həmin təşkilatlar Azərbaycan xalqı qarşısında etibarlarını itirə bilərlər".

"olayhaberler", "saliktanhaber", "merkurhaber", "habercb", "hrbhaber" saytları Ə.Həsənovun sözlərinə istinadla yazır: "Eurovision-2012" mahnı müsabiqəsini izləmək üçün Azərbaycana gələn qonaqların təhlükəsizliyi dövlətimiz tərəfindən tam təmin ediləcək və müsabiqə zamanı onlara qarşı hər hansı kiçik də belə olsa, narahatlıq hallarının yaşanmaması üçün əlimizdən gələni edəcəyik".

Ə.Həsənovun mətbuat konfransını geniş şərh edən Türkiyənin "ashaber", "haber 5", "haberimport", "haberabone", "haber111", "haber24" kimi KİV-lərin saytları da yazmışlar: "İran ilə Azərbaycan arasında "Eurovision-2012" mahnı müsabiqəsi ilə başlayan söz dueli diplomatik böhran ilə nəticələndi. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri İranı Azərbaycan əleyhinə təbliğatların mərkəzi olduğuna görə tənqid etmişdir. Ə.Həsənov vurğulamışdır ki, Azərbaycanın regionda cazibə mərkəzi olması faktı İranın bəzi qüvvələri tərəfindən qısqanclıqla qarşılanır. Azərbaycanın hüquq sistemiiqtisadi yüksəlişi, bəzi ölkələrin, o cümlədən, İranın rəhbərliyini narahat edir. İran Azərbaycanı İslam əleyhinə olan bir dövlət, "Eurovision" mahnı müsabiqəsini isə orta cinsin nümayəndələrinin nümayişi adlandıraraq ölkəmizi saxta faktlarla ləkələməyə çalışır. Bu isə qəbul edilməzdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 may.- S. 4.