Qoşulmama Hərəkatı Azərbaycanın haqq işinə dəstək verir

 

Neytral ölkələr Qarabağ probleminin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardırlar

 

Milli müstəqilliyini bərpa edəndən bəri Azərbaycan Respublikası çoxşaxəli xarici siyasət yeridir. Diplomatiyamız dünyanın müxtəlif ölkələri ilə ikitərəfli və çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirmək üçün ardıcıl səylər göstərir. Bu baxımdan çoxsaylı beynəlxalq və regional təşkilatlara üzvlük geniş perspektivlər açır.

Bir il əvvəl Azərbaycan daha bir bəynəlxalq qurumun - Qoşulmama Hərəkatının sıralarına qəbul edildi. O vaxt rəsmi Bakının bu addımı heç də birmənalı qarşılanmadı. Bəziləri zorla silahlı münaqişəyə cəlb edilmiş, ərazisinin bir hissəsi işğal olunmuş ölkənin neytral dövlətlərin cərgəsinə qoşulması faktına birmənalı qiymət verməkdə tərəddüd edirdilər. Əslində isə hərbi bloklara qatılmamaq xəttini Azərbaycan dövləti özü üçün çoxdan müəyyənləşdirmişdi və bu, müasir reallıqları nəzərə almaqla seçilmiş düzgün mövqe idi.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanın hansısa hərbi bloka üzv olması nəinki yaxın, heç uzaq gələcəkdə də mümkün görünmür. Söhbət iki hərbi alyansdan birinə - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), yaxud NATO-ya üzvlükdən gedə bilər. KTMT Azərbaycanın milli maraqlarına cavab vermir. İşğalçı Ermənistanın da təmsil olunduğu bu blok ölkəmizin məruz qaldığı hərbi təcavüzə münasibətdə qəti mövqe nümayiş etdirmir. Odur ki, Azərbaycanın KTMT-yə qoşulması ehtimalından danışmaq yersizdir. NATO-ya gəlincə, bu blokda Azərbaycanı gözləyən yoxdur. Ölkəmiz, bir çox üzv olmayan dövlətlər kimi, Şimali Atlantika alyansının "Sülh naminə tərəfdaşlıq proqramı"nda iştirak edir. Azərbaycan-NATO əməkdaşlığı blokun təklif etdiyi və rəsmi Bakının qəbul etdiyi Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Həmçinin Azərbaycan NATO ilə bir çox məsələlərdə (beynəlxalq terrorizmlə mübarizə, sülhü mühafizə missiyalarının reallaşdırılması və s.) əməkdaşlıq edir. Başqa sözlə, qarşılıqlı əlaqələrin çərçivəsi məlumdur və iki tərəf də bu çərçivədən kənara çıxmaq niyyətində deyil.

Eyni zamanda nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan superdövlətlərin strateji maraqlarının kəsişdiyi həssas bölgədə - Cənubi Qafqazda yerləşir. Ölkəmizin hansısa hərbi bloka qoşulmaq istəyi regionda vəziyyəti tamamilə dəyişər və arzuolunmaz proseslərə rəvac verər. Yəni Azərbaycan avtomatik olaraq dünya güclərinin qarşıdurma meydanına çevrilər. Rəsmi Bakı isə dəfələrlə ən yüksək səviyyədə bəyan etmişdir ki, belə bir perspektivə yol verməyəcək.

Odur ki, Azərbaycanın çoxşaxəli xarici siyasət xəttinə üstünlük verərək ölkənin milli maraqları naminə dünya birliyinin üzvləri ilə müxtəlif sahələrdə qarşılıqlı əlaqələri genişlətmək, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirmək üçün göstərdiyi səylər tamamilə təbiidir. Bu cəhətdən Qoşulmama Hərəkatında iştirak böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, 51 il əvvəl hərbi bloklara qoşulmayıb neytral mövqedə qalan 25 ölkənin liderlərinin yaratdığı bu qurum ötən dövr ərzində sıralarını xeyli genişlətmişdir. Keçən il Azərbaycanın da üzv qəbul olması ilə Hərəkatın iştirakçılarının sayı 119-a çatmışdır. Bu, dünyada mövcud olan müstəqil dövlətlərin yarıdan çoxu deməkdir.

Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq quruma qoşulmaqla geniş əməkdaşlıq və dialoq platforması əldə etmişdir. Qoşulmama Hərəkatı müasir mərhələdə sülhün və təhlükəsizliyin dəstəklənməsində, bir çox beynəlxalq problemlərin tənzimlənməsində, sosial-iqtisadi inkişaf məsələlərinin həllində əhəmiyyətli rol oynayır. Digər tərəfdən, bu gün ekspansionizm, separatçılıq, terrorizm, mütəşəkkil cinayətkarlıq kimi bəşəriyyətə meydan oxuyan ciddi problemlərdən daha çox Hərəkatda təmsil olunan dövlətlər əziyyət çəkir. Odur ki, iştirakçı ölkələrin bu bəlalardan qurtulmaq üçün səylərini birləşdirməsi, bir-biri ilə həmrəyliyi mühüm vəzifə kimi ortaya çıxır. Azərbaycan üzv-dövlət kimi Hərəkatın iştirakçı olan ölkələr arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirir, qurumun prinsip və məqsədlərinin reallaşdırılması işinə, qarşıda duran məsələlərin həllinə töhfə verir.

Qısa müddət ərzində Azərbaycan diplomatiyasının Qoşulmama Hərəkatı çərçivəsində gördüyü işlər artıq bəhrəsini verməyə başlamışdır. Ötən il Azərbaycan  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək üçün namizədliyini irəli sürəndə beynəlxalq təşkilatın üzvləri, o cümlədən Qoşulmama Hərəkatının iştirakçıları ilə sıx işləyərək onların dəstəyinə nail oldu: BMT Baş Məclisində səsvermə zamanı ölkəmizin namizədliyini müdafiə edən dövlətlərdən 117-si  məhz Hərəkatda təmsil olunan dövlətlər idi.

Cari ayın 9-10-da Misirin Şərm əş-Şeyx şəhərində Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşü də mühüm nəticələri ilə yadda qaldı. İclasda çıxış edən Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov ölkəmizin Hərəkat çərçivəsində görülən işlərdə yaxından iştirak etdiyini bildirərək diqqəti konkret faktlara cəlb etdi: "Biz Qoşulmama Hərəkatı ölkələri ilə ikitərəfli münasibətləri aktivləşdiririk. Azərbaycanda Hərəkata üzv olan bir neçə ölkə üçün inkişafa yardım layihələrinin reallaşdırılmasına başlanıb. Biz gələcəkdə bu fəaliyyəti genişləndirməyi nəzərdən keçiririk".

Görüş iştirakçıları bir sıra vacib beynəlxalq və regional məsələlərə münasibət bildirmiş, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşlar. Toplantının yekun sənədində Ermənistanla Azərbaycan arasında münaqişənin tənzimlənməməsindən narahatlıq ifadə olunmuş, problemin beynəlxalq hüququn norma və prinsipləri, ilk növbədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdır. İclasda çıxış edən Ermənistanın (bu ölkə Hərəkatda müşahidəçi statusuna malikdir) xarici işlər naziri Edvard Nalbandyanın görüş iştirakçılarını "düz yol"a gətirmək üçün göstərdiyi canfəşanlıq (ermənistanlı nazir yekun sənədində xalqların öz müqəddəratını təyin etməsi prinsipinin əks olunmasını arzulayırdı), Azərbaycanın əleyhinə söylədiyi iftiralar  heç bir nəticə vermədi: nazirlər "düz yol"la getməkdən imtina etdilər. Görünür, Nalbandyan unudurdu ki, Ermənistan yalnız böyük dövlətlərin əlində oyuncaqdır, Qoşulmama Hərəkatının iştirakçıları isə belə bir oyuncaqla oynamaq həvəsində deyillər...

 

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2012.- 15 may.- S. 4.