Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsi ilə əlaqədar
Azərbaycan Respublikası
Milli Məclisinin Qərarı
Avropa Parlamentinin "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" 2012-ci il
24 may tarixli qətnaməsi
Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən təəssüf
və narahatlıqla qarşılanmışdır. Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının müdafiəsi
sahəsində heç
bir fövqəladə
hadisə baş vermədiyi halda, belə bir məsələnin
Avropa Parlamentinin gündəliyinə təcili
məsələ kimi daxil edilməsi və qətnamənin 56 deputatın iştirakı
ilə qəbul edilməsi Avropa Parlamenti ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığın
ruhuna zidd olan addım kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası dövlət
müstəqilliyini bərpa
etdikdən, xüsusən,
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan
sonra ölkəmiz insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan
hüquqi dövlət
quruculuğu yolunu şüurlu surətdə
və qəti olaraq seçmişdir. Bu yolda qarşıya çıxan çoxsaylı
maneələrə, təzyiqlərə
və təhdidlərə
baxmayaraq, Azərbaycan
demokratik dəyərlərə
sadiqdir, Avropaya inteqrasiya siyasətini əzmlə davam etdirir.
Azərbaycanın ardıcıl irəliləyişi,
xüsusən, son illərdə
əldə etdiyi nailiyyətlər, dünyanın
ən dinamik inkişaf edən dövlətləri sırasına
çıxması, müstəqil
xarici siyasət yeridən bir dövlət kimi böyük nüfuz qazanması, BMT Təhlükəsizlik
Şurasının üzvü
seçilməsi, ölkədə
hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğunun geniş
vüsət alması,
əsaslı siyasi islahatların həyata keçirilməsi,
qanunun aliliyinin təmin edilməsi, xalqın rifahının gündən-günə yaxşılaşması
və digər uğurlar Azərbaycanın
Avropaya inteqrasiyasına
mane olmaq istəyən
qüvvələr arasında
həyəcan və narazılıq doğurmuşdur.
Bunu son vaxtlar ölkəmizə qarşı hücumların
xeyli intensivləşməsi
də sübut edir. Azərbaycanın
demokratik imicinə zərbə vurmaq niyyəti ilə bir sıra ölkələrin
mətbuat orqanlarında
sifarişli yazılar
dərc edilir, müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq qeyri-hökumət
təşkilatları obyektivlikdən
uzaq bəyanatlar
verir, islamofobiya mövqeyində duran qüvvələr qərəzli
çıxışlar edirlər.
Gənc
demokratik ölkə kimi Azərbaycan mövcud problemləri həll etməkdədir, demokratiyanı daha da genişləndirmək,
qanunun aliliyini, insan hüquqlarının
və azadlıqlarının
qorunmasını təmin
etmək üçün
məqsədyönlü iş
aparır. Bu sahədə
müxtəlif Avropa qurumları ilə mütəmadi əməkdaşlıq
həyata keçirilir.
Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən
və fəal üzvlərindən biridir. Bu ideya irəli sürülərkən elə
düşünülürdü ki, bütün mübahisəli məsələlər
ilk növbədə həmin
qurumun müzakirəsinə
veriləcək və
bu təşkilat Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında yeni bir əməkdaşlıq
mühitinin formalaşmasına
töhfə verəcəkdir. Lakin nə Avronest Parlament Assambleyasında, nə də Avropa İttifaqı-Azərbaycan Parlament
Əməkdaşlığı Komitəsində heç bir müzakirə aparılmadan birdən-birə
Avropa Parlamenti tərəfindən bu cür qətnamənin qəbul edilməsi gözlənilən bu əməkdaşlığın perspektivini şübhə
altına alır.
Qərbdə, o cümlədən Avropa İttifaqında və onun parlament məclisində erməni lobbisinin təsiri altında olan kifayət qədər qruplar mövcuddur. Ermənistan
- Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində
beynəlxalq hüquq Azərbaycanın tərəfində
olduğundan bu məsələdə heç
bir nəticə əldə edə bilməyən həmin qruplar münaqişənin
həllini uzatmaq, ədalətli qərarın
qəbuluna mane olmaq üçün dünya birliyinin gözündə
Azərbaycanı qeyri-demokratik
dövlət kimi göstərməyə və
beynəlxalq ictimaiyyəti
çaşdırmağa çalışır.
Əslində, bu qüvvələri insan hüquqları və azadlıqları məsələsi
az narahat
edir. Belə olmasaydı, Avropa
Parlamentində insan hüquqları və azadlıqları sahəsində
vəziyyətin son dərəcə
gərgin olduğu Ermənistan barəsində
məsələ qaldırılardı.
Avropa Parlamenti Azərbaycan əleyhinə işləyən
qüvvələrin yedəyində
getdiyinin, onların təsiri altında hərəkət etdiyinin və nəticə etibarı ilə məsələlərə birtərəfli
yanaşdığının fərqində olmalıdır.
Qəbul edilmiş son qətnamə
ikitərəfli münasibətlərin
konstruktiv məcrada inkişafına heç bir fayda gətirmir.
Avropa Parlamentinin bu qətnaməsi Şərq
tərəfdaşlığı proqramı çərçivəsində
həyata keçirilən
layihələrin perspektivinə,
regional əməkdaşlıq və inteqrasiya prosesinə ciddi zərbə vurur.
Azərbaycan Respublikasının Milli
Məclisi insan hüquqlarının və
azadlıqlarının qorunması,
qanunun aliliyinin təmin edilməsi məqsədlərini rəhbər
tutduğunu bir daha bəyan edərək, Avropa Parlamentinin adı çəkilən qətnaməsində
"Azərbaycanın Avropa
Qonşuluq Siyasətində
və Şərq tərəfdaşlığında fəal iştirak etdiyinin və sözü gedən bu iki təşəbbüsün
təməl dəyərləri
olan demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə sadiq olduğunun" qeyd edildiyini nəzərə alaraq, qərara alır:
1. Avropa Parlamentinin "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair"
2012-ci il 24 may tarixli qətnaməsi Azərbaycana qarşı yönəlmiş ədalətsiz
və qərəzli bir akt kimi
qiymətləndirilsin.
2. Avropa Parlamentinin
nəzərinə çatdırılsın
ki, Azərbaycan Respublikasında insan hüquqlarının və
azadlıqlarının qorunması,
qanunun aliliyinin təmin edilməsi sahəsində vəziyyətin
ikili standartlar əsasında qeyri-obyektiv
şəkildə qiymətləndirilməsi
yolverilməzdir.
3. Azərbaycan Respublikası
Milli Məclisinin Aparatına tapşırılsın
ki, bu qərarın
Avropa Parlamentinin deputatlarına, xüsusən,
məlum qətnamənin
qəbulunda iştirak
etməmiş deputatlara
göndərilməsini təmin
etsin.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 29 may 2012-ci il
Azərbaycan.- 2012.- 30 may.- S. 5.