20 İLLİK
NAİLİYYƏTLƏRİN MÖHTƏŞƏM TƏSDİQİ
Baş redaktordan
"Eurovision"
Bakıya elə-belə, təsadüfən gəlməyib! Onu Azərbaycan xalqı və dövləti gətirib! Təbii
ki, qazandıqları iqtisadi və siyasi uğurlar, bir də
möhtəşəm yarışmadakı qələbə
sayəsində!
"Eurovision"
hərilki müsabiqənin keçiriləcəyi məkanı
özü seçmir, yarışma sonuncu qalibin vətəninə
salınır! Üstəlik, özünə güvənən,
bu yarışmanı keçirməyə bacarıq və
qabiliyyəti, eyni zamanda imkan və şəraiti olan dövlətlər
belə bir iddiaya qol qoyurlar! Müstəqil Azərbaycan bu fikrə
düşdü və çox az müddətdə məqsədinə
çatdı!
Azərbaycanın
ən böyük və nüfuzlu tədbirləri keçirmək
üçün zəruri imkanları var. Əvvəla, Cənubi
Qafqazın ən modern və nüfuzlu dövlətidir. 155
dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi ona olan etimadı daha da
artırmışdır. İkincisi, ölkəmizin
böyük maliyyə imkanlarına
malik olması tədbirlərin tələb etdiyi vacib
şəraitin qısa müddətdə təşkilinə
şərait yaradır. Ən nəhayət, son dövrlərdə
ölkəmizdə dalbadal beynəlxalq səviyyəli
görüş və tədbirlərin, idman
yarışlarının təşkili bu sahədə zəruri
təcrübənin toplanmasına səbəb olmuşdur.
Avropa məkanında,
Avropa mədəniyyəti prinsipləri əsasında
keçirilən musiqi yarışmasında qalib gəlməyimiz
və 57-ci "Eurovision"un müstəqil Azərbaycanda
keçirilməsi hüququnu qazanmağımız hələ
işin birinci yarısı idi. Əsas məsələ
yarışmanın bütün cəhətləri nəzərə
alınmaqla təşkili, qonaqların rahat
qarşılanıb yerləşdirilməsinin təmini,
musiqiçilərin məşq və
çıxışlarına normal şəraitin
yaradılması, onların asudə vaxtlarının səmərəli
keçirilməsi, habelə təhlükəsizlik və digər
tədbirlərin icrası idi. Tədbirin təşkilatçıları
qarşıya təkcə yarışmanın yüksək səviyyədə
keçirilməsini yox, həm də
qonaqların asudə vaxtlarının mənalı təşkilini
də məqsəd qoymuşdular. Və bu niyyət onlara
müyəssər oldu!
Bakı
şəhəri yarandıqdan bu günədək belə
sürətli və genişmiqyaslı tikinti-quruculuq görməmişdi.
Küçələrin təmiri və yeni yolların çəkilməsi,
təzə binaların tikilməsi və müasir infrastruktur
yaradılması, köhnə binaların yenilənməsi və
parkların yenidənqurulması prosesi "Eurovision"
müsabiqəsində qalib gəlməmizdən
çox-çox əvvəl başlanmışdı və
bundan sonra neçə illər də davam edəcəkdir.
Amma çoxminli qonaqların qəbuluna hazırlıq bəzi
layihələrin icra sürətini xeyli artırmağı da
tələb edirdi. Azərbaycan iqtidarı
başladığı çoxcəhətli və əhatəli
işləri günün tələblərinə uyğun
şəkildə vaxtında yekunlaşdırmağı
bacardı!
Mavi Xəzərin
qoynunda, sovet dövründə hərbi baza yerləşən
yerdə son dərəcə müasir və möhtəşəm
"Bakı Kristal Zalı" rekord sürətilə tikilərək
yarışanların ixtiyarına verildi. Dənizkənarı
Milli Park daha 1,8 kilometr böyüdülərək Dövlət
Bayrağı Meydanına çatdırıldı.
İnsanların rahatlığı və vaxtını mənalı
keçirməsi üçün Dənizkənarı Milli
Parka yeni avtomobillər və avtobuslar, dənizdə üzməyə
katerlər, gəmilər gətirildi, əyləncəli
qurğuların sayı artırıldı. Qədimliklə
müasirliyin vəhdətinə qovuşan İçərişəhər
açıq səma altında nəhəng muzeyə
çevrildi. Qız qalası yeni formada təqdim olundu. Bu
tarixi məkanda dalbadal keçirilən tədbirlər, turist
gəzintiləri, suvenir satışı, yəqin ki,
Bakının qonaqlarının xatirində uzun müddət
yaşayacaqdır. Heç zaman ölkəmizdə bu qədər
sayda bir-birindən gözəl beşulduzlu hotellər istifadəyə
verilməmişdi. Üzərlərində "Eurovision -
2012"-nin emblemi olan yeni avtobuslar və taksilər isə az
qala paytaxt küçələrinin atributuna
çevrilmişdir. Qonaqları ən çox razı salan məqamlardan
biri isə, şübhəsiz, Azərbaycan mətbəxi oldu.
Onlar ilk təmasdan
"düşbərə", "kabab", "paxlava"
sözlərini əzbərlədilər.
Jurnalistlərlə
təmasa girən, KİV-lərə müsahibə verən
qonaqlar heyranlıqlarını gizlətmirdilər. Onların əksəriyyəti
etiraf edirdi ki, ayaqları Bakının hava limanına dəyən
andan ölkəmiz haqqında təsəvvürləri tam dəyişmişdir!
Hansısa müsəlman dövlətini, ərəb mühitini andıran məkana gələcəklərini
güman edirmişlər. Ancaq hamısı memarlıq
simasında milliliklə müasirliyi birləşdirən, yeni
şəhər elementlərinə malik, əhalisi isə
Avropa və dünya mədəniyyətinə yiyələnmiş
mehriban insanlardan ibarət Bakıya gəldiklərindən məmnun
qaldıqlarını söylədilər. Xüsusən şəhərin
müsabiqəyə hazırlığı, müsabiqənin
təşkili və keçiriləcəyi məkanın
möhtəşəmliyi barədə ağızdolusu
danişdılar. İlk baxışdan onları razı salan məqamlardan
biri şəhərimizdəki sabitlik və təhlükəsizlik
vəziyyəti idi. "Elə zənn edirik ki, öz evimizdəyik"
- çoxları əminliklərini bu sözlərlə ifadə
edirdilər. Şübhə yoxdur ki, doğmaları və
yaxınları ilə bölüşmək üçün
geriyə qayıdanda həmin təəssüratları
özləri ilə apardılar!
Artıq
57-ci "Eurovision" da tarixə çevrildi. Təbii ki,
müxtəlif və maraqlı anları kino və telelentlərə
köçürülməklə, fotolar qəzet və jurnal
səhifələrində "əyani" formada saxlanmaqla!
Burada yaşanan xoş anlar, musiqili dəqiqələr, mənalı
günlər uzun müddət yaddaşlarda qalacaqdır.
Özü də təkcə əcnəbi və "yerli"
qonaqların deyil, həm də Bakının daimi sakinlərinin!
Bakılılar, yəqin ki, keçirdikləri gözəl
anları, görüş və görüntüləri uzun
illər anacaqlar. Əslində bu həm də onlar
üçün bir imtahan sayılırdı. Kütləviliyi
ilə seçilən beynəlxalq tədbir keçirmək,
dilini bilmədiyin qonaqlarla təmas qurmaq, tolerant ev sahibliyi
nümunəsi göstərmək imtahanı! Şübhəsiz,
belə bir imtahan vermək və ondan alnıaçıq
çıxmaq hamı üçün olduqca xoşdur!
Xüsusən düşünəndə ki, həm xaricdən,
həm də içimizdən "Eurovision"
yarışmasının Azərbaycanda keçirilməsinin əleyhdarları
vardı və onlar fəal iş, antitəbliğat
aparırdılar! Amma həqiqət və obyektivlik qərəzli
niyyətlərə üstün gəldi, xoş məram
yüksəkdə dayandı!
Bu gün
geriyə boylanaraq "Azərbaycan niyə "Eurovision"
mahnı müsabiqəsini yüksək səviyyədə
keçirə bildi?" kimi ilk məqamda qəribə səslənən
sualı verməkdən özünü saxlaya bilmirsən!
Sualın cavabı isə onun bəsit
olmadığını, arxasında böyük mənalar və
gərgin çalışmalar dayandığını
göstərir.
Azərbaycan
ona görə "Eurovision - 2012"-ni keçirdi və tədbiri
yüksək səviyyədə başa çatdırdı
ki:
BİRİNCİSİ,
Azərbaycan artıq müstəqil dövlətdir, müstəqil
xarici siyasət yeridir, beynəlxalq tədbir və qurumlarda
azad, sərbəst şəkildə təmsil olunur!
İKİNCİSİ,
ölkəmizin güclü iqtisadi potensialı, bütün dövlətlərlə
bərabər hüquqa əsaslanan əməkdaşlığı,
zəruri infrastrukturu və imkanı vardır!
ÜÇÜNCÜSÜ,
Azərbaycan öz dəyərlərini qorumaqla Avropa mədəniyyətinə
yiyələnmiş, onu Şərq mədəniyyətinin
elementləri ilə zənginləşdirmiş tolerant məkan,
yeni model dövlətdir!
DÖRDÜNCÜSÜ,
xalqımız Heydər Əliyev Fondunun dəstəyi ilə
milli mədəniyyətini və musiqisini - muğam,
aşıq, simfonik musiqisini - Avropa məkanına
çıxararaq təbliğ etməyi və sevdirməyi
bacarmış, Avropada Qərb musiqisi prinsipləri əsasında
keçirilən müsabiqədə qalib çıxa
bilmişdir!
BEŞİNCİSİ,
dünya standartları səviyyəsində iş görməyi,
qısa müddət ərzində böyük nəticələrə
nail olmağı, beynəlxalq səviyyəli,
çoxsaylı qonaqların iştirak etdiyi möhtəşəm
tədbirləri hazırlamağı və keçirməyi
mükəmməl şəkildə öyrənmişik!
ALTINCISI,
xalqla iqtidarın birliyi müvəffəqiyyətin rəhninə
çevrilib, çünki belə tədbirlərdə
geniş xalq kütlələri yaxından iştirak edir və
dövlətini dəstəkləyir!
Əlbəttə,
tədbirə mane olmağa çalışanlar, hətta təxribat
və terror əməlləri törətməyə cəhdlər
də baş verdi! Amma iqtidar xalq birliyi, bir də
hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığı
qarşısında geriyə çəkildilər!
Yüz dəfə
eşitməkdənsə, bir dəfə görmək
yaxşıdır - söyləyib aqillər!
Azərbaycan
dörd dəfə müsabiqədə iştirak etməklə onun qalibinə
çevrildi!
"Eurovision"
müsabiqəsinin ən yaddaqalan yarışmalarından
birini keçirdi!
Avropa Azərbaycanı
yenidən əyani şəkildə kəşf etdi!
Müsabiqə
iştirakçıları və qonaqlar unudulmaz anlar
yaşadılar!
Bu müsabiqə həm də Heydər Əliyev
Azərbaycanının dünyaya müasir forma və imicdə
prezentasiyası oldu!
Azərbaycan.- 2012.- 30 may.- S. 6.