Almaniyada Azərbaycanın milli
bayramı - Respublika Günü
qeyd olunmuşdur
Azərbaycanın Almaniyadakı səfirliyində Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur. Mərasimdə Almaniyanın dövlət və hökumət nümayəndələri, jurnalistlər, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin tarixindən danışmışdır. Diplomat 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra onun möhkəmlənməsi yolunda ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmışdır. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin hüquqi dövlətçiliyin inkişafına və respublikamızın beynəlxalq arenadakı mövqeyinin gücləndirilməsinə yönəldiyini bildirmiş və bu istiqamətdə beynəlxalq və regional əhəmiyyətli layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinin Azərbaycanın payına düşdüyünü vurğulayan diplomat ölkəmizin enerji sahəsində Avropa İttifaqı və Almaniyanın strateji tərəfdaş olduğunu qeyd etmişdir.
P.Şahbazov qonaqlara Humboldt Berlin Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası tərəfindən alman dilində hazırlanmış "İRS" jurnalı barədə məlumat verərək bu sevindirici hadisə münasibətilə nəşrin rəhbərliyini təbrik etmişdir.
Sonra mərasim iştirakçıları ölkəmizdən canlı yayımlanan "Eurovision-2012" mahnı müsabiqəsinə baxmışlar.
Qonaqlara "İRS" jurnalının alman dilində olan buraxılışı və Alman-Azərbaycan Forumu tərəfindən hazırlanmış "Azərbaycan barədə bilinməli olan 33 fakt" adlı broşürlər paylanmışdır.
Vüqar SEYİDOV
Azərbaycan.- 2012.- 30 may.- S. 7.