Azərbaycan “Eurovision” tarixinin ən
möhtəşəm səhifəsini yazdı
Kəmiyyətdə 57-ci, keyfiyyətdə
birinci
Nəhayət, bütün dünyanın maraqla izlədiyi
sayca 57-ci "Eurovision" mahnı müsabiqəsi başa
çatdı.
Odlar Yurdu Azərbaycan daha bir mötəbər beynəlxalq
yarışmaya uğurla ev sahibliyi etdi. Mahnı müsabiqəsi dünyanın bir çox
ölkəsində canlı yayımlandı. Bütün dünya mədəniyyətimizin,
tariximizin, bir dövlət olaraq bu yarışmaya necə
yüksək səviyyədə
hazırlaşdığımızın şahidi oldu. Hər kəs Azərbaycan mədəniyyətinin olduqca
inkişaf etdiyini, minlərlə qonağı bir anda qəbul
edə bilən dövlət olduğunu bir daha gördü.
Müsabiqənin finalı öncəsi
yarışmanın keçirildiyi "Crystal Hall"da
olduğumuzdan burada baş verənləri daha aydın şəkildə
izdəyirdik.
Xəzərin sahilində büllur saray axşam
düşdükcə işıq effektlərinin
yandırılması ilə daha da möhtəşəm
görünürdü. Yarışma
başlamadan öncə yağan yaz yağmuru isə
"Crystal Hall"a əlavə bir gözəllik bəxş
edirdi. Diqqət ediləsi məqamlardan biri
də təhlükəsizlik tədbirlərinin çox
yüksək səviyyədə təşkil edilməsi idi.
Müsabiqənin keçiriləcəyi məkanın
ətrafında, müsabiqə
iştirakçılarının, nümayəndə heyətlərinin
işlədikləri, istirahət etdikləri, əyləndikləri
və yaşadıqları yerlərdə ictimai asayiş
çox yüksək səviyyədə qorunurdu. Bununla yanaşı, qonaqların ictimai nəqliyyatdan
da istifadə edəcəyi nəzərə alınaraq metroda,
marşrut avtobuslarında ictimai qaydanın və təhlükəsizliyin
təmin edilməsi, cinayətlərin qarşısının
alınması yönündə qabaqlayıcı tədbirlər
həyata keçirilirdi.
Jurnalistlərin
və fan klubların fəaliyyət göstərdiyi Mətbuat
Mərkəzində isə adam əlindən
yer tapmaq olmurdu. Hər kəs böyük
finalı həyəcanla gözləyirdi. Öz
ölkəsinin milli geyimlərində olan insanlar müxtəlif
dillərdə mahnılar oxuyur, bu böyük bayramı
yaşamağa çalışırdılar.
Final möhtəşəm şou ilə
başladı
"Eurovision" mahnı müsabiqəsinin finalına
saatlar qalmış, demək olar ki, bütün
dünyanın qəlbi Bakı ilə döyünürdü. Dünyanın
50-dən çox ölkəsinə yayımlanan final mərhələsi
öncəsi "Crystal Hall"da və eyni zamanda Mətbuat Mərkəzində
böyük bir izdiham yaşanırdı. Hamı
dəstəklədiyi ölkənin bayrağına
bürünərək, final startını böyük həyəcanla
gözləyirdi.
Beləliklə,
"Eurovision-2012"nin finalı
başladı. Finalın açılış
mərasimi mahnı müsabiqəsinin tarixində dərin bir
iz buraxacaq şou ilə yadda qaldı. Səhnəyə
ilk olaraq Azərbaycanın dünya şöhrətli muğam
ustası Alim Qasımov çıxdı. Xanəndənin
ifasında muğam parçası hərarətlə
qarşılandı. Daha sonra
"Natiq" ritm qrupunun ifası və möhtəşəm
rəqslər şouya xüsusi rəng qatdı. Bunun
ardınca ənənəyə uyğun olaraq, final şousu
ötənilki müsabiqənin qalibi Eldar Qasımov və
Nigar Camalın ifasında "Running Scared" mahnısı
ilə açıldı. Sonra
"Eurovision-2012" mahnı müsabiqəsinin
aparıcıları Nərgiz, Leyla və Eldar bu mötəbər
layihənin tamaşaçılarını yenidən salamlayıb,
iştirakçılara uğurlar arzuladılar. Beləliklə,
"Eurovision-2012"nin final mərhələsinə
start verildi. Hər bir
iştirakçının çıxışından əvvəl
Azərbaycanın bölgələrinə, xüsusilə,
paytaxt Bakının tanıtımına həsr olunan
videoçarxlar nümayiş etdirildi.
Finala vəsiqə qazanmış 26 ölkə təmsilçilərindən
səhnəyə birinci olaraq britaniyalı müğənni
Engelbert Hamperdink çıxdı. Müsabiqədə
ölkəsini "Love Will Set You Free" mahnısı ilə
təmsil edən əfsanəvi müğənninin
çıxışı alqışlarla
qarşılandı.
"Baku
Crystal Hall"un səhnəsinə ikinci çıxan
Macarıstanın "Eurovision-2012" mahnı müsabiqəsindəki
təmsilçisi "Compact Disco" qrupu "Sound of Our
Hearts" mahnısını ifa etdi. Evsiz
insanın çətin həyatının
canlandırıldığı mahnının səhnə
quruluşu və işıq effektləri
tamaşaçılarda fərqli əhval-ruhiyyə oyatdı.
Mavi və yaşıl işıq effektləri
ilə quruluş verilən səhnənin arxa fonunda əllərini
göylərə açan insan kölgələri və
ürək şəklində təsvirlər verilmişdi.
Qırmızı işıq effektləri ilə
diqqəti cəlb edən "ürəklər"
mahnının sözlərinə uyğun olaraq
döyüntülərlə müşayiət edildi.
Daha sonra
səhnəyə ardıcıl olaraq, Albaniya (Rona Nişliu),
Litva (Donny Montell), Bosniya və Herseqovina (Maya Sar), Rusiya
("Buranovskiye babuşki" qrupu), İslandiya (Qreta Salome
& Yonsi dueti), Kipr (İvi Adamou), Fransa (Anggun), İtaliya (Nina
Zilli), Estoniya (Ott Lepland), Norveç (Tooji), Azərbaycan (Səbinə
Babayeva), Rumıniya ("Mandinga" qrupu), Danimarka (Soluna
Samay), Yunanıstan (Eleftheria Eleftheriou), İsveç (Lorin),
Türkiyə (Can Bonomo), İspaniya (Pastora Soler), Almaniya (Roman
Lob), Malta (Kurt Kalleya), Makedoniya (Kaliopi), İrlandiya
("Jedward" qrupu), Serbiya (Zeljko Yoksimoviç), Ukrayna
(Qaytana Essami) və Moldova (Paşa Parfeni) təmsilçiləri
çıxdılar. Çıxışlar
zamanı təmsilçilər canlı ifalarını,
xoreoqrafiya da daxil olmaqla, səhnə şousunu mükəmməl
şəkildə yerinə yetirdilər.
Final mərhələsində elə
iştirakçılar oldu ki, onların ifa etdikləri
mahnılar və səhnə performansları
tamaşaçıların yaddaşında həkk olundu. Bunlardan biri də Odlar Yurdu
Azərbaycanı "When The Music Dies"
mahnısı ilə təmsil edən Səbinə Babayeva idi.
Görkəmli xanəndə, xalq artisti Alim
Qasımov ilə birlikdə səhnəyə çıxan təmsilçimiz
geyimindən tutmuş səhnə tərtibatına qədər
mükəmməl performans nümayiş etdirdi. Səbinə Babayevanın geyimində parıltıdan
əlavə səhnədəki işıqları
özündə əks etdirən xüsusi elementlər də
vardı. Həzin səsi, gözəl ifa
tərzi ilə seçilən Səbinə
"Eurovision-2012" mahnı müsabiqəsinin favoritlərindən
hesab olunurdu.
Maraqlı çıxışlar arasında Rusiyanı
təmsil edən "Buranovskiye babuşki" qrupu da var idi. Rusiyanı müsabiqədə
"Party for Everybody" mahnısı ilə
təmsil edən nənələr ənənəvi udmurt
geyimində səhnəyə daxil olaraq sobada kökə
bişirərək, yaddaqalan ifa nümayiş etdirdilər. "Baku Crystal Hall"da rusiyalı nənələrin
çıxışını Buranovo kəndindən gəlmiş
qohumları, həmkəndliləri, jurnalistlər və minlərlə
azarkeş böyük coşqu ilə izlədilər.
Möhtəşəm
ifası ilə yarışmanın favoritləri
sırasında ən öndə yer alan
İsveç təmsilçisi Lorin "Euphoria"
mahnısı ilə tamaşaçıların ən
çox marağına səbəb oldu. Onu da
qeyd edək ki, əslən Mərakeşdən olan Lorinin əsl
adı Lorine Zineb Noka Talhaouidir.
Maraqlı çıxışlar arasında qardaş
Türkiyəni təmsil edən Can Bonomo da olmuşdur. Müğənni
ölkəsini "Eurovision-2012" mahnı müsabiqəsində
"Love Me Back" mahnısı ilə təmsil edirdi. Onun ifasından sonra zalda "Türkiyə,
Türkiyə" sədaları səngimək bilmirdi.
Emin Ağalarovdan mükəmməl səhnə
performansı
Bütün çıxışlardan sonra
"Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsi
böyük uğurla başa çatdı. Səsvermənin
nəticələrinin gözlənildiyi bir vaxtda səhnədə
uzun müddət yaddaşlardan silinməyəcək interval
aktı şousu nümayiş etdirildi. "Öz
məşəlini alovlandır!" şüarı Azərbaycan
mədəniyyətinin keçmişi, bu günü və
sabahının sintezi ilə səhnədə
canlandırıldı. Şou
tamaşaçılara tanınmış müğənni və
bəstəkar Emin Ağalarovun təqdimatında
çatdırıldı. Onu səhnədə
68 nəfərlik heyət, eləcə də Azərbaycan
Kamera Orkestrinin 15 qadın skripkaçısı müşayiət
etdi.
"Öz məşəlini alovlandır!" şousu
Azərbaycanın qədim musiqi alətləri -
kamançanın, balabanın və zurnanın müşayiəti
ilə başladı. Bu performans skripkaçıların
ifası ilə davam etdirildi. Daha sonra isə
nağaraçalanlar şouya qoşuldular. Ardınca səhnədə alov püskürdü.
Bu möhtəşəm bir görüntüdə
Emin Ağalarov 20 metr hündürlükdən səhnəyə
endi və "Never Enough" mahnısını ifa etdi.
Bu çıxışın sonunda səhnədə
Azərbaycanın bayrağı qaldırıldı.
"Eurovision-2013"ü Stokholm
salamlayacaq
Möhtəşəm interval şousundan sonra final mərhələsində
səsvermə başa çatdı. "Baku Crystal
Hall"da 57-ci "Eurovision" mahnı müsabiqəsinin
qalibi müəyyənləşdi.
Müsabiqənin final mərhələsində qələbə
uğrunda 26 ölkənin mübarizəsində qalib
adını 372 xal toplayan İsveç təmsilçisi Lorin
qazandı. İkinci yerə 259 xalla Rusiyanın "Buranovskiye
babuşki" qrupu, üçüncü yerə isə 214
xalla Serbiya təmsilçisi Zeljko Yoksimoviç
çıxmışdır. Azərbaycanı bu
yarışmada təmsil edən Səbinə Babayeva 150 xalla
dördüncü, Albaniya təmsilçisi Rona Nişliu isə
146 xalla beşinci yerə layiq görülmüşdü.
Onu da xüsusilə vurğulamaq lazımdır ki,
mahnı müsabiqəsində Səbinə Babayevanın ifa
etdiyi mahnı dünyada ən çox sevilən musiqilər
sırasında yer alır. Bununla da artıq
bütün dünya növbəti dəfə Azərbaycan
musiqisinin nəyə qadir olduğunun bir daha canlı şahidi
oldu. İndi isə yalnız bir məqsəd var. Gələn
il İsveçə 2014-cü ildə
mahnı müsabiqəsini yenidən Bakıya qazandırmaq
üçün getmək.
Məlumat üçün qeyd edək ki, bu,
İsveçin "Eurovision" yarışması tarixində
sayca 5-ci qələbəsidir. Mahnı müsabiqəsinin
qalibi əslən Mərakeşdən olan Lorin İsveçin
"İdol 2004" müsabiqəsindən sonra populyarlıq
qazanmışdır. İlk
mahnısını 2005-ci ildə təqdim edən xanım
ifaçı bir müddət televiziyada aparıcı işləmişdir.
O, 2011-ci
ildə "My Heart is Refusing Me" mahnısı ilə
İsveçin milli seçimlərində iştirak
etmişdir. İsveçi Avropanın ən nüfuzlu
mahnı müsabiqəsində təmsil etmək arzusu isə
bu il reallaşmışdır. "Melodifestivalen" yarışmasında
iştirak edən Lorin rekord göstərici ilə qalib elan
olunmuşdur. Onun həmin müsabiqədə
oxuduğu "Euphoria" mahnısına 4 milyon 670 min tamaşaçı
səs vermişdi.
Müsabiqədən
sonra ənənəyə uyğun olaraq "Eurovision-2012"nin qalibi İsveç təmsilçisi Lorin mətbuat
konfransında iştirak etdi. Jurnalistlərin suallarını
cavablandıran Lorin "Eurovision-2012" mahnı müsabiqəsindən
yalnız müsbət enerji aldığını bildirdi:
"Mən Azərbaycandan vətənimə bu ölkənin
qonaqpərvərliyini, insanlarla görüşlərimi və
xatirələrimi aparmaq istərdim. Rusiyalı nənələri
çox sevdim. Onlar mənə
boyunbağı bağışladılar. Mən bu qələbəni
öz tərzimdə qeyd edəcəyəm: yaxşı rəqs,
yemək və istirahətlə. Məncə,
müsabiqənin bütün iştirakçıları qələbəyə
layiqdirlər. Qaldı ki mənim ifamı
bəyənmək məsələsinə, bu, sadəcə,
zövq məsələsi idi. Düşünürəm
ki, bu dəfə bu, mənə nəsib oldu".
Mətbuat
konfransından sonra "Eurovision" mahnı müsabiqəsinin
rəhbəri Yan Ola Sand Lorinə təbriklərini
çatdırdı, İsveçin nümayəndə heyətini
Cenevrəyə (İsveçrə) dəvət etdi: "Sizi
Cenevrədə Avropa Yayımları Birliyində məsləhətləşmələr
aparmağa dəvət edir, hazırlıq prosesinə
başlamaq üçün lazımi sənədlər
toplusunu təqdim edirəm. Bu müsabiqəni
İsveçdə keçirməkdən məmnun
olardıq".
Teşekkürler, Türkiye!.. Grazzi, Malta!.. Aciu, Lietuva!.. Spasibi, Ukraéna!..
Müsabiqədən
sonra Avropa Yayımları Birliyi (EBU) "Eurovision-2012"nin iki yarımfinal və final mərhələləri
üzrə səsvermənin yekun nəticələrini
açıqladı.
Azərbaycana "Eurovision-2012"də iştirak edən
42 ölkədən 21-i səs vermişdi. Ölkəmizə
ən yüksək səsi verən ölkələr isə
Türkiyə, Malta, Litva və Ukrayna olmuşdur.
Azərbaycana
xal verən ölkələrin ardıcıllığı isə
belədir:
Türkiyə - 12 xal
Ukrayna - 12 xal
Litva - 12 xal
Malta - 12 xal
Rusiya - 10 xal
Moldova - 10 xal
Bolqarıstan - 10 xal
Gürcüstan - 10 xal
Kipr - 8 xal
İsrail - 8 xal
Belarus - 7 xal
Bosniya və
Herseqovina - 7
xal
Slovakiya - 6 xal
Yunanıstan - 5 xal
Monteneqro - 5 xal
Albaniya - 4 xal
San Marino - 4 xal
Serbiya - 3 xal
Makedoniya - 2 xal
Böyük
Britaniya - 2 xal
İrlandiya - 1 xal
Favoritimiz dəyişməzdir:
CAN-TÜRKİYƏ
Azərbaycan və Türkiyə dostluğunun,
qardaşlığının nümunələri həm də
mədəni tədbirlərdə özünü göstərir. "Eurovision"
mahnı müsabiqəsinin finalında səs vermənin nəticələri
də bunu bir daha təsdiq etdi. Azərbaycan həmişə olduğu
kimi, 12 xalını qardaş Türkiyəyə verdi. İnanırıq ki, bundan sonra da "Eurovision"
mahnı müsabiqəsinin növbəti finallarında bu
qardaşlığın, dostluğun əbədi olduğu bir
daha özünü doğruldacaq. Azərbaycan və Türkiyə Avropa
və dünyaya bir millət, iki dövlət olduğunu hər
zaman sübut edəcək.
Azərbaycanın
xal verdiyi ölkələrin ardıcıllığı isə
belədir:
Türkiyə - 12 xal
Rusiya - 10 xal
Malta - 8 xal
İsveç - 7 xal
Rumıniya - 6 xal
Yunanıstan - 5 xal
Litva - 4 xal
Ukrayna - 3 xal
Kipr - 2 xal
İrlandiya - 1 xal
Məlumat üçün onu da qeyd edək ki,
müsabiqənin qalibi olan İsveçə İtaliyadan
başqa bütün ölkələr səs vermişdilər. Müsabiqənin
finalının ikincisi Rusiyaya isə İsveçrədən
başqa bütün ölkələr səs vermişdilər.
Yarışmanın final mərhələsinin
sonuncusu olan Norveç isə 3 ölkədən -
İslandiya, İsveç və Niderlanddan xal
almışdır.
Avropa
Yayımları Birliyi, həmçinin birinci və ikinci
yarımfinalların səsverməsinin nəticələrini də
açıqlamışdır. Bu nəticələrə
görə, birinci yarımfinalın birincisi Rusiya (152 xal),
ikinci yarımfinalın birincisi isə İsveç (181 xal)
olmuşdur. Müsabiqənin final mərhələsinin
3-cüsü Serbiya 159 xalla ikinci yarımfinalda da ikinci yerdə qərarlaşmışdır.
Nağıllar dünyasından
ayrılmaq istəmirik
Bütün dünyanın böyük maraqla izlədiyi
daha bir "Eurovision" mahnı müsabisəqi başa
çatdı.
Bu müddət ərzində paytaxt
Bakının gözəlliyinə heyran olan xaricdən gələn
qonaqlar Azərbaycanı daha yaxından tanıdılar. Burada gördüklərinə heyran olan jurnalistlər
mahnı müsabiqəsinin başa çatmasına
üzüldüklərini hər görüşlərində
dilə gətirdilər. Hətta bir
neçəsi nağıllar dünyasından ayrılmaq istəmədiklərini
bildirdilər. Mahnı müsabiqəsinin
finalından sonra bəzi xarici KİV nümayəndələrinin
müsabiqə barəsində fikirlərini öyrəndik.
İsveçdən
olan jurnalist Yohan Olsson bildirdi ki, Azərbaycan bizim üçün
düşərli ölkədir, çünki buradan qalib kimi
ayrılırıq: "Yarışmanın keçirilməsi
Azərbaycan üçün çox uğurlu oldu. Çünki ölkənizi tanımaq imkanı əldə
etdik. Burada hər şey gözəldir.
İnsanlar bayram əhval-ruhiyyəsindədirlər.
Azərbaycanlılar çox mehribandırlar.
Adama kömək etmək üçün əllərindən
gələni edirlər. Bakıda vaxtım
çox gözəl keçir. Mətbuat
Mərkəzində çalışan könüllülər
fəaldırlar. Azərbaycan, mən səndən
ayrılmaq istəmirəm".
Almaniyalı
jurnalist Bernhard Zuker dedi ki, müsabiqənin qalibi olan
isveçli Lorin ən layiqli ifaçılardan biri idi. Biz çox sevinirik ki, "Eurovision-2012" çox
yüksək səviyyədə təşkil olunmuşdu.
Üzülürük ki, belə möhtəşəm
bir şəhərdən ayrılıb, vətənə
qayıdırıq. Nağıllar
dünyasından ayrılmaq bizim üçün çox
çətin olacaq. Ancaq vaxt tapdıqca
Bakıya tez-tez gələcəyik.
İngiltərəli jurnalist Devid Kol isə qeyd etdi ki, bu
mahnı müsabiqəsində bir çox ölkə qalib gəlməyə
layiq idi. Bunlardan biri də İsveç idi. Təbrik edirik. Təkcə
buradan ayrılacağımız üçün çox
heyfsilənirik. Bakı çox gözəldir.
İnsanın zövqünü oxşayan
parklar, ümumiyyətlə, istirahət etməli yerlər
çoxdur. "Baku Crystal Hall" isə
bütün standartlara cavab verir. Mətbuat
Mərkəzində jurnalistlər fanatlar üçün hər
cür şərait yaradılmış, kompyuterlərdən,
yüksək sürətli internetdən rahatlıqla istifadə
etmək mümkündür. Yarışmadakı
təmsilçiniz Səbinə Babayevanın səsinə
valeh oldum. Çox gözəl
vokalçıdır.
İspaniyadan olan jurnalist Serxio de Pedro vurğuladı ki,
Bakı indiyə kimi gördüyüm şəhərlər
içərisində ən modernidir. Yolları və meydanları
geniş, küçələri təmizdir. Burada gəzməli və görməli yerlər
çoxdur. Gündüzlər
işgüzar həyatını yaşayan Bakı gecələri
öz parlaq işıqları ilə insanı valeh edir. Azərbaycan xalqı çox qonaqpərvərdir.
"Eurovision-2012" mahnı müsabiqəsindən
danışan Serxio tədbirin yüksək səviyyədə
təşkil olunduğunu qeyd etdi. Bildirdi
ki, artıq müsabiqə başa çatsa da, şəhərdə
bayram əhval-ruhiyyəsi duyulur. Hamı bu
möhtəşəm tədbirdən danışır.
Sonda onu demək istərdim ki,
yarışmanın keçirildiyi "Baku Crystal Hall" isə
çox gözəl, modern və unikal bir tikilidir.
Odlar Yurdu beynəlxalq mətbuatda
Azərbaycanın
"Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə
təşkil olunması barədə bir neçə xarici
KİV-lərdə geniş məqalələr dərc
olunmuşdur. Türkiyənin "Hürriyət"
qəzetinin köşə yazarı Ertuğrul Özkök
"Sabahı gözləyə bilmədim" deyərək
"Eurovision" müsabiqəsi davam edərkən Azərbaycanın
təşkilatçılığı ilə bağlı məqalə
yazmışdır. Özkök yazısında indiyədək
izlədiyi "Eurovision" müsabiqələri arasında
onu ən çox builki müsabiqənin həyəcanlandırdığını
bildirmişdir: "Afərin, Azərbaycan, belə
başlanğıc görmədik. Neçə
illərdir "Eurovision"u izləyirəm. Zalların keyfiyyətinə,
açılışlardakı yaradıcılığa
baxdıq. Ölkələrin, sadəcə,
musiqidə deyil, təşkilatçılıqdakı fərqini
də görməyə başladıq. İllər
ötdü, Avropanın sərhədlərinin genişləndiyini
gördük. Bizim sərhədimizdə
bitən mahnı coğrafiyası bizdən Şərqə
keçdi. Bu günə qədər belə
gözəl "Eurovision" açılışı
görmədim". Müəllif eyni zamanda köşə
yazısında "Avropanın sərhədləri Türkiyənin
başladığı yerdə bitər" deyənlərə
ismarıc da göndərmişdir: "Baxın görək,
Avropanın estetik keyfiyyəti harada başlayırmış.
Afərin, Azərbaycan. Əla başladın, əla
da bitirdin".
Rusiya mətbuatı
isə "Eurovision-2012"ni müsabiqənin
tarixində unikal hadisə adlandırır. "Qolos
Rossii" radiosunun saytında bununla bağlı bir məqalə
yer almışdır: "İş təkcə müsabiqənin
keçirildiyi yerdə deyil. Avropanın müxtəlif
yerlərindən buraya gələn
iştirakçıların, jurnalistlərin və
tamaşaçıların sözlərinə görə, hər
şey yüksək səviyyədə təşkil
olunmuşdu. Hələ köhnə
dünyanın sakinlərini heyrətləndirən ənənəvi
Qafqaz qonaqpərvərliyindən danışmırıq".
Məqalədə bildirilir ki, final iki həftəlik
marafonun kulminasiya nöqtəsi olmuşdur.
Fransanın
"France-3" televiziya kanalında isə canlı yayımlanan
veriliş zamanı aparıcılar Mirey Düma və Siril
Fero bildirmişlər ki, möhtəşəm Bakı
Qafqazın Dubayıdır. Azərbaycan Qərb
dünyası ilə Şərq aləmi arasında
körpü rolu oynayır.
Qədim "İpək yolu" üzərində yerləşdiyi,
20 il əvvəl müstəqilliyini bərpa
etdiyi barədə ətraflı məlumat vermişlər. Azərbaycanın
paytaxtı Bakının Xəzər dənizi sahilində yerləşdiyini
xatırladan aparıcılar son bir neçə ildə şəhərin
simasının tanınmaz dərəcədə dəyişdiyini,
bir-birindən yaraşıqlı binaların tikildiyini, nəhəng
körpülərin salındığını bildirmiş,
Avropanın ən gözəl şəhərlərinin gecələr
işıqlandırılmasının başdan-başa nura qərq
olan Bakı ilə müqayisədə geri
qaldığını, möcüzələr yaradılan
möhtəşəm Bakının Qafqazın Dubayı
olduğunu vurğulamışlar.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 30 may.- S. 8-9.