Keçmiş SSRİ Əmanət
Bankının əmanətçilərinə fərdi birdəfəlik
ödəmələrin verilməsi vətəndaşlar tərəfindən
yüksək qiymətləndirilir
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
ilə bağlı vətəndaşlar tərəfindən
tez-tez verilən sualların cavablarını təqdim edir
Maliyyə
Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan
Prezidenti İlham Əliyevin "Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
haqqında" fərmanı tarixi addım olmaqla
yanaşı, ölkə əhalisinin əhəmiyyətli
hissəsinin uzun illərdən bəri gözlədiyi
mühüm bir problemi həll edir. Prezident tərəfindən
qəbul olunan bu qərar dövlətin sosialyönümlü
və vətəndaşların maraqlarını əsas
götürən siyasət həyata keçirdiyinin daha bir
bariz nümunəsidir.
Fərmanın
imzalanmasından dərhal sonra Azərbaycan Respublikası Maliyyə
Nazirliyində yaradılan "Qaynar xətt" (012 404-46-03),
eyni zamanda, nazirliyin rəsmi internet səhifəsində fəaliyyətə
başlayan onlayn müraciət bölməsi
(emanet_info@maliyye.gov.az) vasitəsilə vətəndaşlardan
gələn çoxsaylı suallar operativ şəkildə
cavablandırılır. "Qaynar xətt"ə daxil olan əksər
müraciətlərdə dövlətin vətəndaşlara
göstərdiyi ali diqqət yüksək qiymətləndirilir və bu qərarın çoxminli əhali
təbəqəsinin maddi və maliyyə durumuna birbaşa
müsbət təsir göstərəcəyi qeyd olunur.
Maliyyə
Nazirliyi fərdi birdəfəlik ödəmələrlə
bağlı vətəndaşlardan ən çox daxil
olan sualları ümumiləşdirərək
onların cavablarını təqdim edir.
- Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il
14 mart tarixli fərmanı kimlərə şamil edilir?
- Fərdi
birdəfəlik ödəmələrin verilməsi
üçün aşağıdakı meyarların olması
zəruridir:
1. Əmanətçi
əmanəti 1992-ci il 1 yanvar tarixinə keçmiş
SSRİ Əmanət Bankının Azərbaycan Respublikası
Bankına qoymalı;
2. Həmin
əmanət qalığı Kapital Bankda bu fərman qüvvəyə
mindiyi tarixə şəxsi hesablarda saxlanılmalı;
3. Əmanətçi
və ya onun vərəsəsi Azərbaycan
Respublikasının vətəndaşı olmalıdır.
- 1992-ci
il yanvarın 1-dən sonra qoyulan əmanətlərə
görə fərdi birdəfəlik ödəmələr
verilirmi?
- Fərmanda
bu məsələ də dəqiq öz əksini
tapmışdır. Fərdi birdəfəlik ödəmələr
1992-ci il yanvarın 1-dək qoyulan əmanətlərin
qalıqlarından asılı olaraq hesablanır və həmin
tarixdən sonra qoyulan əmanətlərə şamil edilmir.
- Bu fərmanın
icrası ilə bağlı nə qədər vəsait
ayrılacaq və nə qədər əmanətçini əhatə
edəcəkdir?
- Bunun
üçün 1 milyard manata yaxın vəsait tələb
oluna bilər və bu sənəd 2 milyon 400 min şəxsi əmanət
hesablarının sahibləri olan əmanətçiləri əhatə edir.
- Əmanətlərin
verilməsi əvvəlcə hansı kateqoriyalara şamil ediləcəkdir?
- Əmanətçilərə
fərdi birdəfəlik ödəmələrin verilməsi
2012-ci ilin iyun ayının 1-dən başlayır və
2013-cü il dekabrın 31-dək başa
çatdırılır və burada hər hansı
kateqoriyanın bu vəsaitləri əvvəlcə alması,
habelə heç bir mərhələ
müəyyən edilməmişdir. Fərmanın şamil
edildiyi bütün şəxslər qeyd olunan müddətdə
müraciət edərək ödəmələri ala biləcəklər.
Eyni zamanda, qeyd olunmalıdır ki, fərdi birdəfəlik
ödəmələrin alınması üçün əmanətçilər
Kapital Bankın şöbələrinə müraciət etməlidirlər.
-
Dünyasını dəyişən əmanətçilərlə
bağlı problem necə həll olunacaqdır? Yəni varislər
hansı sənədləri təqdim etməklə öz vəsaitlərini
ala bilərlər?
- Vəfat
etmiş əmanətçinin əmanət qalıqlarına
görə ödəmələrin onun vərəsəsinə (vərəsələrinə)
ödənilməsi nəzərdə tutulur. Vəsait vərəsələrə
ödəniləcəyi halda, fərdi birdəfəlik ödəmənin
alınması üçün ərizəyə vərəsələrin
miras əmlaka hüquqları barədə sənəd və
ya bu barədə müvafiq məhkəmə qərarı əlavə
edilməlidir. Vərəsəliyin müəyyən edilməsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq həyata keçiriləcəkdir.
- Ödəmələrin
verilməsi hansı bank tərəfindən həyata
keçiriləcək?
-
Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası bankının hüquqi varisi Kapital Bank bu ödəmələrin
verilməsi üzrə müvəkkil bank hesab edilmişdir və
ödəmələr həmin bankın xidmət məntəqələri
tərəfindən həyata keçiriləcəkdir.
Kassaların dislokasiyası cədvəli Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin və Kapital Bankın
internet səhifələrində yerləşdirilmişdir. Hər
bir əmanətçi əmanət kitabçasındakı
kassa (şöbə və filiallar) nömrəsinə əsasən,
müraciət etməli olduğu məntəqəni həmin
cədvəldə müəyyənləşdirə bilər.
Eyni zamanda kassa (şöbə və filiallar) nömrəsini
Kapital Bankın www.kapitalbank.az internet səhifəsində
yaradılmış "Öz məntəqəni tap"
bölməsinə daxil etməklə məntəqənin
ünvanını interaktiv xəritə üzərində də
müəyyən etmək mümkündür.
- Yüz
minlərlə nəfərin əmanətlərinin
qaytarılması nəzərdə tutulur. Bu qədər vətəndaşa
xidmət göstərmək bir bank üçün çətin
olmayacaq ki?
- Kapital
Bank ölkəmizin bütün regionlarını əhatə
edən geniş filial şəbəkəsinə malik
olduğundan ödəmələrin həyata keçirilməsində
ciddi problemlərin olması gözlənilmir. Bununla bərabər,
əlavə təşkilati tədbirlərin həyata
keçirilməsi və Kapital
Bankın maddi-texniki bazasının daha da gücləndirilməsi
nəzərdə tutulur.
- Bu
ödəmələr hansı qaydada bankdan götürülə
bilər (nağd yolla, yoxsa digər hesablara köçürmə
yolu ilə)?
- Azərbaycan
Prezidentinin təsdiq etdiyi qaydalar fərdi birdəfəlik
ödəmələrin əmanətçinin arzusu ilə
nağd qaydada və ya onun digər bank hesabına
köçürülməsi yolu ilə verilməsini əks
etdirir.
- Fərmandan
görünür ki, fərdi birdəfəlik ödəmələr
Azərbaycan vətəndaşlarına verilir. Azərbaycan vətəndaşları
dedikdə, kimlər başa düşülür?
- "Azərbaycan
vətəndaşlığı haqqında" qanunda göstərilən
meyarlara uyğun olan və Azərbaycan Respublikasında
yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları
fərmanla nəzərdə tutulmuş ödəmələri
ala bilərlər və buna görə onlar Azərbaycan vətəndaşının
şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
- Ödəmələr
Azərbaycan vətəndaşları olmayan, vətəndaşlıqdan
imtina edənlər və sair şəxslərə də
ödəniləcəkmi?
- Xeyr,
ödəmələri yalnız "Azərbaycan vətəndaşlığı
haqqında" qanunda göstərilən meyarlara uyğun olan
və Azərbaycan Respublikasında yaşayış yeri
üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları
ala bilərlər və buna görə onlar Azərbaycan vətəndaşının
şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
- Birdəfəlik
ödəmələrin alınması üçün həmin
hesabın bağlanması zəruridirmi?
- Bəli,
birdəfəlik ödəmələrin alınması
üçün həmin hesab bağlanmalıdır. Bunu əmanətçi
öz ərizəsində göstərməlidir. Fərmanın
tələbinə görə fərdi birdəfəlik ödəmə
alınandan dərhal sonra həmin hesab bağlanır və əmanət
müqaviləsinə xitam verilir.
- Əmanət
qalığına görə ödəmələrin verilməsi
zamanı yüksək məbləğlərə görə
məhdudiyyət qoyula bilərmi?
- Fərmanla
əmanət qalığına görə ödəmələrin
verilməsi zamanı hər hansı məbləğlərə
məhdudiyyət qoyulmamışdır.
- Bir
neçə əmanət kitabçası üzrə əmanət
qalıqları olan əmanətçilərə ödəmələr
hansı qaydada ödəniləcəkdir?
- Fərdi
birdəfəlik ödəmələrin məhz əmanətçilərə
verilməsi nəzərdə tutulduğundan, eyni əmanətçinin
hesablarında olan qalıqlar toplanmaqla, ödəmələr
hesablanıb veriləcəkdir.
-
İndeksləşdirmə ilə bağlı məsələ
mübahisə doğura bilərmi?
- Bu,
indeksləşdirmə deyildir. Fərmandan da
göründüyü kimi, həm keçmiş SSRİ
qanunlarında, həm də Azərbaycan qanunlarında Əmanət
Bankının öhdəliklərinə görə dövlətin
məsuliyyəti nəzərdə tutulmamışdır.
Hazırkı ödəmələr Azərbaycan dövlətinin
maliyyə imkanlarının artması ilə əlaqədar
inflyasiyaya məruz qalmış əmanətlərə
görə əhaliyə dövlət tərəfindən
verilən əlavə yardımdır. Kapital Bankdan verilən
məlumata əsasən, əmanətçilərin şəxsi
əmanət hesablarında olan qalıq məbləğlərin
götürülməsinə hər hansı məhdudiyyət
olmayıb, bundan sonra da olmayacaqdır.
- Sovet
dövründə çap edilən əmanət
kitabçalarının təhlükəsizlik kodları
yoxdur. Saxta əmanət kitabçaları problemi hansı
formada həll ediləcəkdir?
- Banka təqdim
edilən əmanət kitabçasında olan məlumatlar
bankda olan sənədlərdəki məlumatlarla üzləşdiriləcəkdir.
Üzləşdirmə zamanı məlumatlarda uyğunsuzluq
aşkar edildikdə həmin sənədlərə
qanunvericiliklə müəyyən edilmiş qaydada
baxılacaqdır. Bilərəkdən sənədlərin
saxtalaşdırılmasına, qanunsuz hazırlanmasına və
saxta sənədlərdən istifadə olunmasına görə
Azərbaycan Respublikası qanunvericiliyində cinayət məsuliyyəti
nəzərdə tutulmuşdur.
-
İtirilmiş və ya yararsız vəziyyətə
düşmüş əmanət kitabçaları üzrə
ödəmələr hansı qaydada həyata keçiriləcəkdir?
- Əmanət
kitabçası itirildikdə və ya təqdim olunmaq
üçün yararsız vəziyyətə
düşdükdə, əmanətçinin verdiyi məlumatlar
üzrə bankda üzləşdirmə aparılacaq və əmanətçinin ərizəsində
verdiyi məlumatlar təsdiqini taparsa, bank sənədləri
bu məqsədlə Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin nəzdində yaradılmış xüsusi
komissiyaya göndərəcəkdir. Həmin komissiyanın qərarı
əsasında əmanətçiyə əmanət
kitabçasını əvəz edən sənəd veriləcək
və birdəfəlik ödəmə həmin sənədə
əsasən həyata keçiriləcəkdir.
İtmiş,
yaxud yararsız vəziyyətə düşmüş əmanət
kitabçaları üzrə müraciətlərin qəbulu
məqsədilə Kapital Bank tərəfindən Bakıda 3,
Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin
hər birində 1 əlavə ərazi məntəqəsi
yaradılmışdır. Digər rayon və şəhərlərdə,
itmiş və ya yararsız vəziyyətə
düşmüş əmanət kitabçaları üzrə
ərizələr birbaşa Kapital Bankın yerli filialına təqdim
edilməlidir.
- Fərdi
birdəfəlik ödəmələrdən vergi
tutulacaqmı?
- Xeyr,
Vergi Məcəlləsinə uyğun olaraq bu növ ödəmələr
vergidən azaddır.
- Birdəfəlik
ödəməni almaq üçün əmanətçi
müəyyən səbəblərdən müvəkkil banka
2012-ci il dekabrın 31-dək müraciət etməsə, həmin
müddətdən sonra əmanətçinin müraciətinin
taleyi necə olacaqdır?
- Fərmanda
bu barədə müddət nəzərdə tutulmuşdur və
əmanətçilərdən xahiş olunur ki, həmin
müddət ərzində banka müraciət etsinlər.
Üzrlü səbəblərdən bu müddətdə
müraciət edə bilməyənlərin müraciətinə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada
baxılacaqdır.
-
Keçmiş SSRİ məkanının hər hansı bank
filialında əmanət saxlayan və hazırda Azərbaycan
Respublikasının vətəndaşı olan şəxslərə
birdəfəlik ödəmə verilirmi?
- Fərmandan
da göründüyü kimi, həmin sənəd
keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankında saxlanılan əmanət
qalıqlarına şamil edilir və keçmiş
SSRİ-nin digər bank filiallarında əmanət saxlayan Azərbaycan
Respublikası vətəndaşları olan şəxslərə
birdəfəlik ödəmənin verilməsi nəzərdə
tutulmamışdır.
- Fərdi
birdəfəlik ödəmələrin dəqiq
hesablanması qaydasını haradan öyrənmək olar?
- Fərdi
birdəfəlik ödəmələrin hesablanması fərmanla
təsdiq edilmiş "Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
Qaydaları"nda göstərilmişdir. Əmanətçilərə
yardım etmək məqsədilə Maliyyə Nazirliyinin və
Kapital Bank ASC-nin internet səhifələrində onlayn
kalkulyator xidməti yaradılmış və əmanətçilər
həmin xidmət vasitəsilə əmanət
qalıqlarını daxil etməklə alacaqları məbləğləri
hesablaya biləcəklər.
- Xarici
ölkələrdə yaşayan Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilər
etibarnamə vasitəsilə fərdi birdəfəlik ödəmələri
bankdan götürə bilərlərmi?
-
Mövcud qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş və
Azərbaycan Respublikası tərəfindən tanınan
etibarnaməyə ona əlavə olunan digər müvafiq sənədlər
təqdim edilməklə fərdi birdəfəlik ödəmə
bankdan götürülə bilər.
- Banka təqdim
olunmuş əmanət kitabçası ilə bankda olan məlumat
arasında uyğunsuzluq olduqda bu məsələ necə həll
edilir?
- Birdəfəlik
ödəmənin verilməsi ilə əlaqadar bankla əmanətçi
arasında yaranan mübahisəli məsələlərə
baxılması üçün Fərmanda nəzərdə
tutulduğu kimi, Maliyyə Nazirliyinin nəzdində Xüsusi
Komissiya yaradılmışdır və əmanətçi həmin
Komissiyaya müraciət edə bilər. Xüsusi Komissiya
mübahisəni (uyğunsuzluğu) araşdıraraq
müvafiq qərar qəbul edəcəkdir. Həmin qərar
bank üçün məcburi hüquqi qüvvəyə
malikdir.
-
Xüsusi komissiyanın qərarlarından məhkəməyə
şikayət verilə bilərmi?
- Qüvvədə
olan qanunvericilik buna imkan verir. Hər bir əmanətçinin
xüsusi komissiyanın qərarından məhkəməyə
şikayət etmək hüququ vardır.
- 1992-ci
il yanvarın 1-dək Azərbaycan Respublikasından
köçüb gedən əmanətçilərə fərdi
birdəfəlik ödəmələr şamil edilirmi?
-1992-ci il
yanvarın 1-dək Azərbaycan Respublikasından
köçüb gedən əmanətçilər Azərbaycan
Respublikası vətəndaşlığını
saxladığı və Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsini təqdim etdiyi təqdirdə
onlara fərdi birdəfəlik ödəmələrin verilməsində
hər hansı məhdudiyyət yoxdur.
- Mən,
Məmmədov Məmməd 1992-ci il 1 yanvar tarixinə
keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankında şəxsi
əmanət hesabımda olan pul vəsaitimin məbləğini
öyrənmək üçün Kapital Bank Açıq Səhmdar
Cəmiyyətinə müraciət etdim. Bankdan mənə
bildirdilər ki, şəxsi əmanət hesabımda 1500 rubl
(3 qəpik) məbləğində pul qalığı
vardır. Bu qalığa Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanı ilə
təsdiq edilmiş qaydalara uyğun olaraq hansı məbləğdə
fərdi birdəfəlik ödəmə veriləcəkdir?
- 3 qəpik
(0,03 yeni Azərbaycan manatı) x75 manat =225 manat.
Bununla
yanaşı, hesab bağlandığına görə əmanətin
özü də, yəni 3 qəpik (0,03 yeni Azərbaycan
manatı) əmanətçiyə geri qaytarılır.
Beləliklə,
əmanətçiyə onun
arzusu ilə nağd qaydada və
ya onun digər bank hesabına 225 manat 3 qəpik vəsait
ödənilir.
- Mən,
Xəlilov Ramizin 1992-ci il 1 yanvar tarixinə şəxsi əmanət
hesabımda 2500 rubl (5 qəpik) məbləğində pul
qalığı vardır. Bu qalığa hansı məbləğdə
fərdi birdəfəlik ödəmə veriləcəkdir?
- 300 manat
(2000 rubladək (4 qəpiyədək) hesablanan məbləğ)
+ 1 qəpik (əmanət
qalığının 2000 rubldan (4 qəpikdən) artıq
olan hissəsi) x 50 manat = 350 manat.
Bununla
yanaşı, hesab bağlandığına görə əmanətin
özü də, yəni 5 qəpik (0,05 yeni Azərbaycan
manatı) geri qaytarılır.
Beləliklə,
əmanətçiyə onun
arzusu ilə nağd qaydada və
ya onun digər bank hesabına 350 manat
5 qəpik vəsait ödənilir.
- Mən,
Hüseynov Arifin 1992-ci il 1 yanvar tarixinə şəxsi əmanət
hesabımda 7500 rubl (15 qəpik AZN ) məbləğində
pul qalığı vardır. Bu qalığa hansı məbləğdə
fərdi birdəfəlik ödəmə veriləcəkdir?
- 600 manat
(5 000 rubladək (10 qəpiyədək) hesablanan məbləğ)
+5 qəpik (əmanət qalığının 5 000 rubldan (10
qəpikdən) artıq olan hissəsi) x40 manat = 800 manat.
Bununla
yanaşı, hesab bağlandığına görə əmanətin
özü də, yəni 15 qəpik
(0,15 yeni Azərbaycan manatı) əmanətçiyə geri
qaytarılır.
Beləliklə,
əmanətçiyə onun
arzusu ilə nağd qaydada və
ya onun digər bank hesabına 800 manat
15 qəpik vəsait ödənilir.
- Mən,
Səmədov Vüsalın 1992-ci il 1 yanvar tarixinə şəxsi
əmanət hesabımda 18 500 rubl (37 qəpik) məbləğində
pul qalığı vardır. Bu qalığa hansı məbləğdə
fərdi birdəfəlik ödəmə veriləcəkdir?
- 1000
manat (10 000 rubladək (20 qəpiyədək) hesablanan məbləğ) + 17 qəpik (əmanət
qalığının 10 000 rubldan (20 qəpikdən) artıq
olan hissəsi) x 25 manat =1425 manat.
Bununla
yanaşı, hesab bağlandığına görə əmanətin
özü də, yəni 37 qəpik (0,37 yeni Azərbaycan
manatı) əmanətçiyə geri qaytarılır.
Beləliklə,
əmanətçiyə onun
arzusu ilə nağd qaydada və
ya onun digər bank hesabına 1425 manat 37 qəpik vəsait ödənilir.
- Mən,
Mirzəyev Xəlilin 1992-ci il 1 yanvar tarixinə 3 şəxsi əmanət
hesabımda cəmi 33 000 rubl (66 qəpik) məbləğində
pul qalığım vardır. Bu qalığa hansı məbləğdə
fərdi birdəfəlik ödəmə veriləcəkdir?
- Mirzəyev
Xəlilin adına
1721 ¹- li
şəxsi hesab üzrə - 5
000 rubl (10 qəpik)
3899 ¹- li
şəxsi hesab üzrə - 9
000 rubl (18 qəpik)
3942 ¹- li
şəxsi hesab üzrə -
19 000 rubl (38 qəpik)
Cəmi -
33 000 rubl (66 qəpik) qalıq vardır.
Bu halda
şəxsi əmanət hesablarının qalığı cəmlənərək ümumi məbləğə
fərdi birdəfəlik ödəmə
verilir.
1000 manat
(10 000 rubladək (20 qəpiyədək) hesablanan məbləğ)
+ 46 qəpik (əmanət qalığının 10 000 rubldan
(20 qəpikdən) artıq olan hissəsi) x 25 manat =2150 manat.
Bununla
yanaşı, hesab bağlandığına görə əmanətin
özü də, yəni 66 qəpik
(0,66 yeni Azərbaycan manatı) əmanətçiyə geri
qaytarılır.
Beləliklə,
əmanətçiyə onun
arzusu ilə nağd qaydada və
ya onun digər bank hesabına 2
150 manat 66 qəpik vəsait
ödənilir.
- Mən,
Qurbanov Vəlinin 1991-ci il 15 dekabr tarixinə 25500 rubl (51 qəpik)
və 1992-ci il 12 mart tarixinə 35500 rubl (71 qəpik) məbləğində
pul qalığım vardır. Bu qalığa hansı məbləğdə
fərdi birdəfəlik ödəmə veriləcəkdir?
- Sizin
şəxsi əmanət hesabında olan pul
qalığınızın 25 500 rublu (0,51 yeni Azərbaycan
manatı və ya 51 qəpik) fərmanın şamil edildiyi
tarixdən əvvəl, 35 500 rublu (0,71 yeni Azərbaycan manatı və ya 71 qəpik) isə
ondan sonrakı tarixdə qoyulmuşdur. Bu halda fərdi birdəfəlik
ödəmə yalnız 25 500 rubl (51 qəpik) məbləğinə
veriləcəkdir və aşağıdakı qaydada
hesablanacaqdır:
-1000 manat
(10 000 rubladək (0,20 AZN) hesablanan məbləğ və ya 20
qəpik) + 0,31 manat (əmanət
qalığının 10 000 rubldan (0,20 AZN-dən artıq olan
hissəsi) x25 manat =1775 manat.
Bununla
yanaşı, 0,51 AZN və ya 51 qəpik məbləğində
qalıq da götürülməlidir.
Beləliklə,
əmanətçiyə onun
arzusu ilə nağd qaydada və
ya onun digər bank hesabına 1775 manat 51 qəpik vəsait
ödənilir.
AzərTAc
Azərbaycan.- 2012.- 30 may.- S. 10.