AzərTAc Minskdə
MDB-nin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri
Şurasının iclasında iştirak edir
Mayın 28-də Müstəqil Dövlətlər Birliyinin Minskdəki iqamətgahında MDB-nin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası açılmışdır.
AzərTAc xəbər verir ki, iclasın gündəliyinə yeddi məsələ daxil edilmişdir. İclas iştirakçıları Birlikdə tematik illər çərçivəsində MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyətini gözdən keçirəcək, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın jurnalistlər arasında keçirdiyi müsabiqələr barədə informasiyanı dinləyəcək, Belarus Dövlət Teleqraf Agentliyinin (BELTA) 2011-2012-ci illərdə iş təcrübəsini, "MDB-nin 20 ili", Birliyin əlamətdar tarixləri təqvimi kimi cari layihələri və s. məsələləri müzakirə edəcəklər.
Forumda AzərTAc-ın rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva iştirak edir.
İclas iştirakçıları 28 May - Respublika Günü və Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin müvəffəqiyyətlə keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmişlər.
Elə həmin gün Minskdə VII Belarus media forumu işə başlamışdır. Forum "Gələcək naminə tərəfdaşlıq: yeni dövrün modelləri" devizi altında keçirilir.
Belarus Prezidenti Aleksandr Lukaşenko media forumunun qonaqlarına və iştirakçılarına ünvanladığı təbrik məktubunda onlara canlı, maraqlı diskussiyalar, tərəqqipərvər ideyalar və yaradıcılıq uğurları arzulamışdır.
Zeynal AĞAZADƏ
Azərbaycan.- 2012.- 30 may.- S. 10.