ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yaymışlar

 

AzərTAc ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik (Polşa) regiona son səfərlərinin yekunlarına dair birgə bəyanatla çıxış etmişlər.

Bəyanatda bildirilir ki, həmsədrlər mayın 11-dən 14-dək Bakı və Yerevana səfər etmiş, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyan ilə görüşmüşlər.

"Həmsədrlər tərəflərlə prezidentlər İlham Əliyev və Serj Sarkisyanın yanvarın 23-də Soçidə qəbul etdikləri öhdəliklərin reallaşması, o cümlədən münaqişənin sülh yolu ilə nizamlanmasının əsas prinsiplər üzrə razılaşmanın əldə edilməsi prosesini sürətləndirmək, atəşkəs rejiminin pozulmasının qarşısını almaq mexanizmləri üzərində işləmək, humanitar əlaqələri inkişaf etdirmək kimi məsələlər ilə bağlı müzakirələr aparmışlar. Həmsədrlər qoşunların təmas xəttində baş verən son insidentlərlə bağlı narahatlığını bildirmiş və tərəfləri təmkinli davranmağa və qisasçılıqdan çəkinməyə çağırmışlar. Həmsədrlər tərəflərin münaqişənin sülh yolu ilə həllinə sadiq qalmasını alqışlayırlar" - deyə bəyanatda vurğulanır.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, həmsədrlər tərəflərlə 1994-cü ildə əldə olunmuş atəşkəs haqqında razılaşmanın möhkəmləndirilməsi və qarşılıqlı etibarın gücləndirilməsi üçün hərbi və humanitar sahələrlə etimad mühitinin formalaşdırılması məsələlərini müzakirə etmişlər. Həmsədrlər münaqişə həllini tapanadək risk zonasında yerləşən, Azərbaycana və Ermənistana məxsus mədəni və tarixi irsin mühafizə olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparmışlar.

Bəyanatda bildirilir ki, həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə müzakirələri yaxın gələcəkdə davam etdirməyi planlaşdırırlar.

 

 

Azərbaycan.- 2012.- 15 may.- S. 4.