Fransada Azərbaycana həsr olunmuş növbəti radio verilişi səsləndirilmişdir

 

Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin təşkilatçılığı ilə ayda bir dəfə fransız dilində efirə çıxan və Azərbaycana həsr olunan radio proqramının növbəti verilişi  səslənmişdir.

Verilişdə Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksəldiyindən və BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və qurumun iclasında sədrlik etməsindən ətraflı söhbət açılmışdır. 

Aparıcılar Azərbaycan tarixi haqqında fransız dinləyicilərinə ətraflı məlumat vermiş, XIX əsrdə Rusiya ilə İran arasında gedən müharibənin nəticəsi olaraq Azərbaycan ərazisinin əvvəlcə Gülüstan (1813-cü il), sonra isə Türkmənçay (1828-ci il) sülh müqavilələrinə əsasən iki hissəyə parçalanmasından, Araz çayının sərhəd  kimi müəyyənləşdirildiyindən, çar Rusiyasının ölkəmizə qarşı apardığı gizli siyasəti nəticəsində İrandan və Türkiyədən çıxarılan yüz minlərlə erməninin Qarabağ, Naxçıvan və digər bölgələrdə yerləşdirilməsindən söhbət açmışlar. Verilişdə sovet hakimiyyəti illərində ölkəmizin ərazisinin müəyyən hissəsinin, xüsusilə Zəngəzur mahalının bədxah qonşulara verilməsi,  94 il bundan əvvəl, 1918-ci ildə Şərq dünyasında ilk dəfə demokratik quruluşlu dövlət yaradılması, amma onun cəmi 23 ay yaşadığı, bolşeviklərin Azərbaycanı istila etməsi barədə danışılmışdır.

Son vaxtlar İranda  qara qüvvələrin  "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsinə hər vəchlə mane olmağa çalışmaları və din pərdəsi altında ölkəmizə qarşı bədxah hərəkətlərə əl atması barədə ətraflı məlumat verilmişdir.

  Ölkəmizin milli bayramı  28 May - Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu verilişdə yer almışdır. Eyni zamanda, France-3 televiziya kanalının "Eurovision-2012" mahnı müsabiqəsini canlı yayımlandığı barədə verilişdə məlumat verilmişdir.

Azərbaycan musiqisi ilə müşayiət olunan iki saatlıq verilişdə, ənənəvi olaraq, son günlər respublikamızda baş verən hadisələrdən bəhs olunmuş,  dövri  mətbuatın  xülasəsi  oxunmuşdur.

Verilişin əsas materialları  AzərTAc tərəfindən yayımlanan xəbərlər əsasında hazırlanmışdır.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 30 may.- S. 10.