Azərbaycan Prezidenti İlham Əliyev
Naxçıvan Şəhər Gömrük
İdarəsinin açılışında iştirak
etmişdir
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Naxçıvan Şəhər Gömrük İdarəsi 2001-ci ildə yaradılmışdır. Qurum bu vaxtadək uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. Tikintisinə ötən il başlanılan Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binası ən müasir avadanlıqla təchiz edilmişdir.
Üçmərtəbəli bina gömrük orqanlarının tanınma nişanında əksini tapan açar formasında inşa olunmuşdur. Burada xidməti otaqlar, server və tədris otaqları, arxiv vardır. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür. Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində yaradılmışdır. Elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları qurğuları ilə təchiz edilən bu zallarda müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün geniş imkanlar vardır. İnzibati binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri yerləşir.
Qeyd edildi ki, dörd hektar ərazidə yerləşən bu kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, kinoloji xidmət yaradılmışdır. Yük xəttində geniş platforma və ümumi sahəsi 2097 kvadratmetr olan iki anbar tikilmişdir. Anbar binalarında "Rapiskan" tipli rentgen qurğuları quraşdırılmışdır. Anbarın kompyuterləri vasitəsilə mərkəzdən buradakı prosesə birbaşa nəzarət etmək mümkündür. Yük xəttində xüsusi saxlanma şəraiti tələb edən malların yerləşdirilməsi üçün hər birinin tutumu beş ton olan iki soyuducu anbar yaradılmışdır. İdarənin həyətində ən müasir tələblərə cavab verən tərəzi quraşdırılmışdır. Ərazidə yarımstansiya, qazanxana vardır. Bu kompleks daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin şəhərə girmədən hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
Dövlət başçısına inzibati binanın birinci mərtəbəsində
yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi
bölməsindəki şərait barədə məlumat verildi. Bildirildi ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi
"bir pəncərə" prinsipi ilə həyata keçiriləcəkdir.
Bölmədə gömrük
işçiləri, brokerlər, dövlət yol
polisinin və notariat
xidmətinin əməkdaşları fəaliyyət göstərir.
Bundan başqa, burada bank filialı vardır və post-terminal
quraşdırılmışdır. Bölmədə yaradılan şərait vətəndaşa cəmi
20 dəqiqə ərzində
avtomobilinin rəsmiləşdirilməsini
tam yerinə yetirməyə
imkan verir. Bu, ilk növbədə, insanların rahatlığı,
digər tərəfdən
isə şəffaflıq
baxımından böyük
əhəmiyyət kəsb
edir. Bölmədəki xüsusi məlumat
köşkündə isə
vətəndaşlar gömrük
bəyannaməsi yaza,
çap edə və gömrük ödənişlərinin eyniləşdirilməsi
nömrəsi, qanunvericilik
aktları barədə
Azərbaycan, ingilis və rus dillərində
ətraflı məlumat
əldə edə bilərlər.
Diqqətə çatdırıldı ki,
idarənin gömrük
rəsmiləşdirilməsi və nəzarəti şöbəsi də müasir tələblər
səviyyəsində qurulmuşdur. Kompleksdə operativliyin
və şəffaflığın
təmini üçün
müraciət edən
şəxslərin qəbulu
ardıcıllığının müəyyən olunmasına
xidmət edən elektron növbə sistemi və infoköşk yaradılmışdır.
Bu köşkdə vətəndaşlar bəyanetmə
və rəsmiləşdirməni
elektron formada həyata keçirə bilərlər. Bu bölmənin fəaliyyəti
də "bir pəncərə" prinsipi
ilə aparılır.
Burada gömrük işçiləri
ilə bərabər,
brokerlər, baytarlıq,
fitosanitar və karantin xidmətlərinin əməkdaşları da
vətəndaşlara xidmət
edəcəklər. Bölmə ən
son texniki nəzarət
vasitələri ilə
təchiz olunmuşdur.
Buradakı bəzi müasir
vasitələr Cənubi
Qafqazın digər ölkələrində hələ
ki, yoxdur. Narkotik və partlayıcı maddələrin,
həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və
kimyəvi maddələrin
tərkibini və radioaktiv sızıntıları
müəyyən edən
qurğular, baxış
alətləri və digər müasir avadanlıq Naxçıvan
Şəhər Gömrük
İdarəsi əməkdaşlarına
işi ən yüksək səviyyədə
həyata keçirməyə
imkan verəcəkdir.
Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsində iclas,
seminar zalları və
rəsmiləşdirməyə dair biliklərin artırılması üçün
tədris otağı
vardır.
Prezident
İlham Əliyev idarənin laboratoriyası
ilə tanış
oldu.
Bildirildi ki, yeni inşa
olunmuş gömrük
laboratoriyası da ən yüksək standartlara cavab verir. İkimərtəbəli binada laborator
analizlərin götürüləcəyi
ayrıca bölmələr
və xidməti otaqlar inşa olunmuşdur. İkinci
mərtəbədə laborator
analizlərin aparılacağı
spektrometriya, atom absorbsiya,
nümunə və mühitlərin hazırlanması,
bakterioloji əkin, inkubasiya, mikroskopiya, avtoklavlama və yuma, xromatoqrafiya, radioloji, fiziki-kimyəvi tədqiqat otaqları, mikrobioloji laboratoriya fəaliyyət göstərir.
Burada Cənubi Qafqazda yeganə olan geni dəyişdirilmiş
malların təyini və mikrobioloji laboratoriyası yaradılmışdır.
Avropanın və ABŞ-ın
aparıcı şirkətlərinin
istehsalı olan avadanlıqla təchiz edilən laboratoriyalar beynəlxalq sertifikata malikdir.
Diqqətə çatdırıldı ki,
idarənin həyətində
geniş abadlıq işləri görülmüş,
yaşıllıq zolaqları
salınmışdır.
Naxçıvan Şəhər Gömrük
İdarəsində yaradılan
şəraitdən razılığını
bildirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 31 may.- S. 2.