Naxçıvanda
sement zavodu istismara verilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan sement zavodunun açılışında iştirak etmişdir.
Müəssisənin kollektivi dövlət başçısını hərarətlə qarşıladı.
Azərbaycan Prezidenti əvvəlcə zavodun sxemini, istehsal prosesini, xammal və hazır məhsulların nümayiş olunduğu stendə baxdı.
Məlumat verildi ki, son illər Naxçıvan Muxtar Respublikasında yenidənqurma və tikinti işləri geniş vüsət aldığından inşaat materiallarına da tələbat getdikcə artır. Bu baxımdan yeni sement zavoduna kəskin ehtiyac yaranmışdır. Müəssisənin inşası məqsədilə mütəxəssislər əvvəlcə təbii sərvətlərlə zəngin olan muxtar respublikada sement istehsalı üçün xammal mənbələrinin müəyyən edilməsi məqsədilə geoloji axtarış işlərinə başlamışlar. Müvafiq yataqlar aşkar olunduqdan və xammalın tərkibi öyrənildikdən sonra Kəngərli rayonunda 150,6 hektar ərazidə yeni sement zavodu tikilmişdir. Nəticədə son 20 ildə muxtar respublikada investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri reallaşdırılmışdır.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldı.
Sonra dövlət başçısı avtobusla zavodun ərazisini gəzdi.
Məlumat verildi ki, müəssisədə istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları istifadəyə verilmişdir. Burada kompleks abadlıq və yaşıllaşdırma tədbirləri reallaşdırılmışdır. Müasirliyi ilə diqqəti cəlb edən yeməkxanada hər cür şərait yaradılmışdır. Müəssisənin elektrik enerjisi ilə etibarlı təchizatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılmışdır. Naxçıvan-Sədərək magistralından zavoda iki kilometr uzunluğunda asfalt-beton örtüklü yeni avtomobil yolu çəkilmişdir. Naxçıvan sement zavodu Azərbaycanın sənaye potensialının daha da möhkəmləndirilməsinə böyük töhfədir.
Qeyd edildi ki, zavod ən
müasir standartlara cavab verir. "Naxçıvan Sement"
MMC-nin məhsulları
muxtar respublikada inşaat sektorunun tələbatını tam ödəməklə
yanaşı, xarici bazarlara da ixrac
olunacaqdır. Tezliklə bu
müəssisə regionun
sement bazarında əhəmiyyətli yer tutacaqdır.
Bildirildi ki, zavodun ətrafında
geniş abadlıq və yaşıllaşdırma
işləri görülmüş,
12 hektar ərazidə
18 mindən çox müxtəlif növ ağac əkilmişdir. Müəssisənin ətraf mühitə mənfi təsirinin azaldılması da diqqət mərkəzində
saxlanılmış, burada
dünya standartlarına
cavab verən müvafiq avadanlıq quraşdırılmışdır.
Dövlət başçısına zavodun
istehsal prosesi barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, 18 əsas istehsal sahəsindən ibarət olan müəssisədə
ən müasir avadanlıq quraşdırılmışdır.
Tam gücü ilə işlədiyi zaman müəssisədə
üç növbədə
210 nəfər daimi işlə təmin olunacaqdır. Müəssisənin gündəlik sement istehsalı gücü 800
tondur.
Zavodun işçilərinin əksəriyyətini muxtar
respublikanın gənc
sakinləri təşkil
edir və onların peşə bacarıqlarının təkmilləşdirilməsi
üçün hərtərəfli
tədbirlər görülür.
Konveyer üsulu
ilə işləyən
zavodda texnoloji proseslərə ciddi əməl olunur. Burada sement
quru üsulla istehsal edilir. Regionda bu son texnologiya çox az müəssisədə
tətbiq olunur. Burada istehsal edilən sement keyfiyyətinə görə muxtar respublikaya idxal olunan müvafiq məhsuldan dəfələrlə
üstündür. Quru üsulla
sement istehsalı zavodda yanacaq sərfini də minimuma endirir. Müəssisədə istifadə
edilən bütün
xammal növləri və qatqılar, o cümlədən əhəng
daşı, dəmirli
gil, kvars,
gips muxtar respublikanın Kəngərli,
Şərur və Babək rayonlarındakı
mədənlərdən əldə
edilir. Zavoda daxil olan xammal müxtəlif mərhələlərdən keçərək
kiçik ölçülərdə
doğranır və qarışıqlarla birlikdə
1400-1600 dərəcə istidə
bişirilir. Hazır məhsul
sonrakı mərhələdə
üyüdülüb 50 kiloqramlıq
kisələrdə qablaşdırılaraq
satışa çıxarılır.
Prezident İlham Əliyevə bildirildi ki, yenicə fəaliyyətə
başlamasına baxmayaraq,
artıq zavodun məhsulları Avropa tələblərinə uyğun
"CE" keyfiyyət nişanına
layiq görülmüşdür. Beynəlxalq ekspertlər
qiymətləndirmə zamanı
zavodda quraşdırılan
avadanlığın və
keyfiyyətə nəzarət
cihazlarının müasirliyi,
əməyin və ətraf mühitin mühafizəsinə maksimum
həssaslıqla yanaşılmasını
əsas götürürlər.
Zavodda istehsal xəttinə daxil olan xammal,
qatqı maddələri,
istehsal edilən klinkerin, sementin fiziki və kimyəvi keyfiyyətinə
nəzarət müasir
avadanlıqla təchiz
olunmuş laboratoriyada
həyata keçirilir.
Bununla yanaşı, saatda bir dəfə istehsal xəttindən nümunələr alınaraq
kimyəvi, fiziki və mexaniki analizlər aparılır.
Həmin
analizlərin nəticələri
zavodun arxivində saxlanılmaqla yanaşı,
istehlakçılara da
təqdim olunur. Zavodun yüksək keyfiyyəti ilə seçilən məhsulları Bakıda,
ölkəmizin rayonlarında
və Gürcüstanda
artıq satışa
çıxarılmışdır.
Yaxın
vaxtlarda müəssisədə
yeni növ məhsulların istehsalı,
eləcə də yerli və beynəlxalq
keyfiyyət sertifikatlarının
alınması nəzərdə
tutulmuşdur.
Bildirildi ki, insan amili
və keyfiyyətin başlıca meyar kimi götürüldüyü
müəssisədə texniki
təhlükəsizlik, əməyin
mühafizəsi və
yanğından mühafizə
qaydalarına xüsusi
diqqət yetirilir.
Naxçıvan sement zavodu ilə yaxından tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivinə
uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 31 may.- S. 2.