Prezident İlham Əliyev Kəngərli rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı ilə tanış olmuş, mədəniyyət evinin açılışında iştirak etmişdir

 

Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlmişdir.

Dövlət başçısı rayonun mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidenti burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

 

- Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir. Gözəl mədəniyyət evi tikilmişdir. Yəni Kəngərli rayonunun inzibati mərkəzi artıq yaradılmış və böyük dərəcədə inkişaf etmişdir. Bu, məni çox sevindirir. Çünki Naxçıvan Muxtar Respublikasının hər bir tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir.

Son illər ərzində muxtar respublika böyük və şərəfli yol keçmişdir. Təkcə bu gün mən həm Naxçıvan şəhərində, həm də Kəngərli rayonunda bir sıra tədbirlərdə iştirak etmişəm. Günortadan sonra isə Culfa rayonunda bir sıra tədbirlərdə iştirak edəcəyəm. Bu tədbirlər çoxşaxəlidir, bütün sahələri əhatə edir. Hər bir yerdə, hər bir rayonda sürətli inkişaf gedir və respublikanın qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Həm sosial-iqtisadi inkişafla bağlı məsələlər həll olunur, həm də biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bu dinamika, bu inkişaf muxtar respublikanın iqtisadi göstəricilərində də öz əksini tapıbdır. Keçən ilin yekunlarına görə həm sənaye, həm kənd təsərrüfatı istehsalı, həm də ümumi daxili məhsul artmışdır. Bu, məni çox sevindirir. Naxçıvanın Azərbaycanda xüsusi yeri vardır. Bu, muxtar respublikadır, qədim Azərbaycan torpağıdır. Burada işlər yaxşı getdiyi üçün bunun ümumi işimizə böyük təsiri və töhfəsi vardır.

Bu gün gözəl mədəniyyət evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda mədəniyyət evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, Kəngərli rayonunun və bütün Naxçıvan Muxtar Respublikasının sakinlərinə yeni uğurlar arzu edirəm.

 

***

 

Kəngərli rayon sakinləri adından çıxış edən Qarabağlar kənd 2 nömrəli orta məktəbin müəllimi Minarə BAYRAMOVA dövlət başçısına minnətdarlığını çatdıraraq dedi:

- Möhtərəm Prezident! Bu gün biz Azərbaycanın hər bir bölgəsində müşahidə olunan sürətli inkişafın şahidiyik. Bütün bunların kökündə ulu öndər Heydər Əliyevin yoluna, siyasi və nəzəri irsinə sədaqət dayanır.

Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli səkkiz il bundan əvvəl Sizin tərəfinizdən yaradılmışdır. Sizin muxtar respublikamıza hər səfəriniz rayonumuzda da yeni sosial obyektlərin istifadəyə verilməsi ilə əlamətdar olmuşdur.

 

2010-cu ildə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin və Kəngərli rayon ərazisindən keçən Naxçıvan-Sədərək avtomobil yolunun açılışında iştirak etmiş və rayonumuzda aparılan quruculuq işlərini yüksək qiymətləndirmişdiniz.

Bu gün Sizin himayənizlə Kəngərli rayon mədəniyyət evi və Heydər Əliyev mədəniyyət və istirahət parkı istifadəyə verilir. Bu, bütün rayon sakinlərinin böyük sevincinə səbəb olub, hamımızda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Tikilən belə müasir binalar, salınan parklar dövlətimizin iqtisadi gücünü və Prezidentimizin ölkəmizin ən qiymətli sərvəti olan insanlara qayğısının təzahürdür.

Möhtərəm Prezident! Sizin həyata keçirdiyiniz siyasi xətt Azərbaycan xalqının iradəsinə söykənir. Biz bu siyasi xəttə sadiqik və inanırıq ki, Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımız daha da inkişaf edib çiçəklənəcəkdir.

Prezident İlham ƏLİYEV: Sağ olun.       

 

***

 

Dövlət başçısı Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

 

***

 

Daha sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, mədəniyyət evinin binası müasir görkəmi ilə diqqəti cəlb edir. Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli binanın inşası zamanı milli ornamentlərdən geniş istifadə olunmuşdur. Son illərdə Azərbaycanda mədəniyyətin inkişafı təbliği ilə bağlı həm ölkə rəhbərliyi, həm Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata keçirilir. Kəngərli rayon mədəniyyət evinin inşası da mədəni irsimizin inkişafı istiqamətində bölgələrdə xeyli işin görülməsini təsdiq edir. 

Dövlət başçısı binada yaradılmış şəraitlə yaxından tanış oldu.

İkimərtəbəli binanın foyesində Prezident İlham Əliyevin 2010-cu ilin oktyabrında Kəngərli rayonuna səfəri ilə bağlı fotoşəkillərdən ibarət guşə yaradılmışdır. Birinci mərtəbədə inzibati otaqlarla yanaşı, 286 yerlik tamaşa zalı vardır. Burada müasir işıqlandırma sistemi işıq effektləri yaradan xüsusi sistem quraşdırılmışdır. Binanın ikinci mərtəbəsində 6 inzibati otaq fəaliyyət göstərir. Bundan əlavə, binada dekorasiya otağı istirahət guşəsi yaradılmışdır. Mədəniyyət evinin binası müasir havalandırma sistemi ilə təchiz olunmuşdur.

Daha sonra Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət istirahət parkında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 5 hektar ərazini əhatə edən parkda əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıqlar salınmış, dekorativ ağac gül kolları əkilmişdir. Burada fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış istirahət guşələri, uşaq oyun parkı inşa edilmişdir. Maraqlı attraksionlar, əyləncəli oyunlar uşaqların istirahətinin ən yüksək səviyyədə təşkilinə imkan verir. Parkda müasir işıqlandırma və suvarma sistemləri yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 may.- S. 3.