Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yeni inzibati binada fəaliyyət göstərəcəkdir

 

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamo Abdullayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı mərkəzin inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev sinif otağında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, səkkizmərtəbəli binanın ümumi sahəsi 7592,2 kvadratmetrdir. Burada 103-ü xidməti, 56-sı isə yardımçı olmaqla 159 otaq vardır.

Burada fövqəladə hallar zamanı vəziyyətin idarə olunması ilə bağlı təlimatlar verilir, əyani vəsaitlərdən istifadə qaydaları öyrədilir.

Sonra dövlət başçısına binada yaradılan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" qaynar telefon xidməti ilə bağlı məlumat verildi. Burada quraşdırılmış ən müasir avadanlıq fövqəladə hallar zamanı vaxtında məlumatın alınmasını təmin edir.

Azərbaycan Prezidenti Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin zalı ilə də tanış oldu. Bildirildi ki, bu mərkəzin istifadəyə verilməsi fövqəladə halların qarşısının alınmasında daha səmərəli nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. Zal muxtar respublika ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlarla birlikdə baş vermiş hadisənin təhlil edilməsi və həlli üzrə qərarların qəbulu üçün nəzərdə tutulmuşdur. İdarəetmə zalı hadisə yerini birbaşa izləmək üçün monitorla təchiz edilmişdir. Burada videokonfrans əlaqəsi qurmaq üçün cihazlar, baş verən hadisəni böyük monitorda izləmək üçün 15 fərdi monitor, mikrofon səs sistemi və 16 rabitə cihazı, elektron kürsü quraşdırılmışdır.

Qeyd olundu ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat zalı 24 saat fasiləsiz fəaliyyət göstərir. Zalda mövcud kamera sistemi ilə hadisə yeri müəyyən olunaraq izlənilir. Əməliyyat zalında elektron xəritədə muxtar respublikanın bütün infrastrukturu haqqında məlumat bazası yerləşdirilmişdir.

 Binada mülki müdafiə kursları üçün sinif otaqları yaradılmışdır. Otaqlar xarici ölkələrdə istehsal olunan radiasiya-axtarış, ölçü, dozimetrik nəzarət və kimya kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə təchiz edilmişdir.

Daha sonra Prezident İlham Əliyev nazirliyin həyətində nümayiş etdirilən texnikaya baxdı.

Yeni inzibati mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 may.- S. 4.