İqor Popov: Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin
ardıcıl tərəfdarı olmuşdur
Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin ardıcıl tərəfdarı olmuşdur. Biz bunu əsas götürürük ki, Rusiyanın vasitəçilik fəaliyyəti ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrlə birlikdə davam etdiriləcəkdir.
AzərTAc xəbər verir ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu fikirləri Azərbaycan jurnalistlərinə verdiyi müsahibədə Rusiyanın sabiq dövlət başçısı Dmitri Medvedev kimi, yeni Prezident Vladimir Putinin də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş fəal siyasəti davam etdirmək niyyətində olub-olmaması barədə sualı şərh edərək söyləmişdir.
İ.Popov demişdir: "Yeni Prezidentin imzaladığı ilk fərmanlardan biri xarici siyasət məsələlərinə aid fərmandır. Həmin sənəddə deyilir ki, Rusiya Minsk qrupunun həmsədrləri ilə birlikdə 2009-2011-ci illərdə yüksək səviyyədə əldə edilmiş razılaşmalar nəzərə alınmaqla tərəflərə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə kömək etməyə yönəlmiş fəal işi davam etdirəcəkdir. Mənim fikrimcə, bu, Rusiyanın mövqeyini dəqiq nümayiş etdirir".
İ.Popov həmsədrlərin
regiona səfərini şərh edərək
bildirmişdir ki, bu, planda nəzərdə
tutulan səfər idi.
Rusiyalı həmsədr demişdir:
"Azərbaycan Prezidenti və xarici işlər naziri ilə
görüşlərdə münaqişənin tənzimlənməsinin
aktual məsələləri müzakirə
edilmişdir. Biz Soçi görüşündə əldə
edilmiş razılaşmaların
reallaşdırılmasının gedişini
müzakirə etdik, o
cümlədən, tənzimlənməyə dair
sənəd üzərində işlə bağlı məsələlərə
toxunuldu. Biz ictimaiyyətin
və gənclərin nümayəndələri ilə əlaqələrin
daha yaxşı təşkil edilməsi
yolları barədə danışdıq. Aprelin
axırlarında təmas xəttində baş
vermiş insidentlərlə əlaqədar
məsələlərə də toxunduq".
Azərbaycan.- 2012.- 15 may.- S. 4.