Naxçıvan-Culfa magistral avtomobil
yolunun açılışı olmuşdur
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində
Naxçıvan-Culfa magistral avtomobil yolunun
açılışında iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə yolun texniki-iqtisadi
göstəriciləri ilə bağlı məlumatları əks
etdirən stendlə tanış oldu.
Məlumat verildi ki, Azərbaycan Prezidentinin
tapşırıqlarına əsasən, regionlarda yol-nəqliyyat
infrastrukturunun yaxşılaşdırılması istiqamətində
silsilə tədbirlər həyata keçirilir. Muxtar
respublikada əsas strateji magistrallardan olan Naxçıvan-Culfa
yolunun tikilməsi bu baxımdan mühüm əhəmiyyət
kəsb edir.
Bildirildi
ki, uzunluğu 32,4 kilometr olan yol asfalt-beton
örtüklüdür. Yolun torpaq hissəsinin eni 25, asfalt
hissəsinin eni isə 17,2 metrdir. Dördzolaqlı yolun üzərində 103
suötürücü qurğu inşa olunmuşdur. İpək yolunun bir hissəsi olan
Naxçıvan-Culfa magistralının çəkilməsi
muxtar respublikaya yük daşımalarının həcminin
artmasına geniş imkan yaradır. Tranzit
imkanları yüksək qiymətləndirilən yol Culfa və
Babək rayonlarını Naxçıvan şəhəri ilə
birləşdirən mühüm nəqliyyat
qovşağıdır. Bir neçə il
əvvəl Prezident İlham Əliyev regiona səfəri
çərçivəsində muxtar respublikanı Türkiyə
ilə birləşdirən Naxçıvan-Sədərək
yolunun açılışında da iştirak etmişdi.
Prezident İlham Əliyev Naxçıvan-Culfa magistral
yolunun rəmzi açılışını bildirən
lenti kəsdi.
Yolun açılış mərasimindən sonra
dövlət başçısı burada Naxçıvan
ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Dövlət başçısı mərasimdə
çıxış etdi.
Prezident
İlham Əliyevin çıxışı
- Əziz dostlar, mən
sizin hamınızı Naxçıvan-Culfa magistral avtomobil
yolunun açılışı münasibətilə ürəkdən
təbrik edirəm.
Bu yolun tikilməsi Naxçıvan Muxtar Respublikasında
gedən böyük quruculuq işlərinin bir hissəsidir. Naxçıvan,
sözün əsl mənasında, inkişaf edir. Naxçıvanda bütün sahələrdə
çox uğurlu inkişaf prosesi gedir. Dinamik
inkişafdır. Bütün iqtisadi
göstəricilərimiz çox yaxşıdır. Həm sənaye istehsalı artır, yeni müəssisələr
açılır. Ümumi daxili məhsul
artır. Bu gün Naxçıvanda olarkən,
bir neçə yeni obyektin açılışında
iştirak edərkən bir daha görürəm ki, hər bir
sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə
böyük diqqət göstərilir.
Bu, məni çox sevindirir. Çünki bu, Heydər
Əliyev siyasətinin təntənəsidir. Ulu öndərin rəhbərliyi altında ölkəmiz
böyük inkişaf yolu keçmişdir. Bu gün bütün sahələrdə,
bütün bölgələrdə və o cümlədən
Naxçıvanda Heydər Əliyev siyasəti uğurla icra
edilir. Bu siyasət milli
maraqlarımızın müdafiə edilməsi
üçün yeganə düzgün siyasətdir. Ölkəmizin dinamik inkişafı göstərdi
ki, bu siyasətə alternativ yoxdur.
Biz iki gün bundan əvvəl Respublika Gününü
qeyd etdik.
Keçən il müstəqilliyimizin bərpasının
20 illik yubileyini keçirdik. Mən bu tədbirlərdə
iştirak edərkən bir fikri daim vurğulayıram ki,
müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi
ilə məhz Naxçıvanda başlamışdır.
Məhz onun sədrliyi ilə Naxçıvanın Ali Məclisinin
sessiyasında müasir tariximizdə ilk dəfə olaraq Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli bayrağı
dövlət bayrağı kimi təsdiq edilmişdir və Azərbaycanın
Milli Məclisinə müraciət edilmişdir ki, milli
bayrağımızı dövlət bayrağı kimi təsdiq
etsin.
Məhz Naxçıvanda ulu öndərin rəhbərliyi
ilə aparılan siyasət nəticəsində
Naxçıvanın ərazi bütövlüyü təmin
edilmişdir.
Erməni düşmənləri
Naxçıvana da göz dikmişlər və
Naxçıvanın işğalı onların planlarında
var idi. Heydər Əliyevin qətiyyəti
və müdrikliyi bu planları alt-üst etdi. Bu gün Naxçıvan sürətlə
inkişaf edir.
O vaxt
Sovet İttifaqının saxlanmasına dair Azərbaycanda referendum
keçirilmişdi. Ancaq Naxçıvanda Heydər
Əliyev buna imkan verməmişdi. Azərbaycanın
müasir siyasi sistemi məhz Naxçıvanda
yaradılmışdır. 1992-ci ildə
Yeni Azərbaycan Partiyasının yaradılması, demək
olar ki, müasir siyasi sistemin yaradılmasına təkan vermişdir.
Yəni bu gözəl bayram günlərində
bir daha tarixə nəzər salaraq görürük ki, ulu
öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti
üçün nə qədər böyük xidmətləri
olmuşdur.
Bu gün ölkəmizin hər bir yerində quruculuq,
abadlıq işləri gedir. Ölkəmiz
inkişaf edir. İnkişaf templərinə
görə Azərbaycan dünyada lider ölkədir. Avropada maliyyə və iqtisadi böhran davam edir.
Ancaq Azərbaycanda bu böhranın əsər-əlaməti
yoxdur. Böhranın ən ağır
aylarında, illərində belə Azərbaycan inkişaf
edibdir. Bütün beynəlxalq reytinq
agentlikləri Azərbaycanın reytinqlərini
qaldırırlar. İqtisadi inkişaf
sürətlidir. Qeyri-neft sektorunun
inkişafı böyük rəqəmlərlə
ölçülür. İlin birinci
rübündə qeyri-neft sənayemiz 16 faizdən çox
artmışdır. Bu, onu göstərir
ki, şaxələndirmə siyasəti öz məntiqi nəticələrini
verməkdədir.
Bundan sonrakı illərdə də Azərbaycan
yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz son səkkiz il ərzində ümumi daxili məhsulumuzu
üç dəfə artıra bilmişik. Növbəti on il ərzində daha iki dəfə
artırmalıyıq. Xüsusilə qeyri-neft
sektorunun hesabına. Buna nail olmaq
üçün hazırda böyük proqramlar
hazırlanır. Bu məsələ ilə
bağlı konkret tapşırıqlar verilmişdir və
bütün bölgələrdə inkişaf, quruculuq,
abadlıq işləri aparılır.
O ki
qaldı Naxçıvana, siz - burada yaşayan insanlar yaxşı
görürsünüz və bilirsiniz ki, muxtar respublika necə
dəyişir, necə gözəlləşir. Naxçıvan
Azərbaycanın qədim torpağıdır, Azərbaycanın
ayrılmaz hissəsidir. Naxçıvanın
bütün daşları, bütün abidələri Azərbaycan
tarixinə, Azərbaycan mədəniyyətinə məxsusdur.
Mən çox şadam ki, qədim Naxçıvan bu
gün yeniləşir, yenidən qurulur, gözəl binalar
tikilir, xiyabanlar salınır. Bu yolun
açılması Naxçıvanda böyük yol-nəqliyyat
layihələrinin icrasının təzahürüdür.
Biz iki il bundan əvvəl
Naxçıvan-Sədərək avtomobil yolunun açılışını
qeyd etmişik. Gözəl, dördzolaqlı,
rahat yoldur. İndi Naxçıvan-Culfa
magistral yolunun açılışını qeyd edirik.
Bu vaxta qədər, ya bu arada dairəvi yol
tikilibdir. Beləliklə, Naxçıvan
tranzit mərkəzə çevrilməkdədir. Naxçıvan blokada şəraitində
yaşayır. Ancaq naxçıvanlılar bu
blokadanı hiss etmirlər. Çünki həm
Naxçıvanın rəhbərliyi çox böyük
işlər görür, həm də Azərbaycan dövləti
hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət
göstərir. Naxçıvanın
respublika qarşısında duran vəzifələri icra etmək
üçün bütün imkanları vardır.
Növbəti dövrlərdə Naxçıvanın
yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi
üçün əlavə tədbirlər görüləcəkdir. Yeni yol layihələri
icra edilir. İndi kənd yollarına
üstünlük verilir. Çünki
magistral yollara gəldikdə onların, demək olar ki,
bütün parametrləri icra edilir. Kənd
yollarının tikintisi növbəti illərdə başa
çatmalıdır. Beləliklə, həm
magistral, həm dairəvi, həm də kəndləri,
bütün yaşayış məntəqələrini birləşdirən
yollar yüksək səviyyədə olmalıdır.
Naxçıvanda digər infrastruktur layihələri
uğurla icra edilir. Naxçıvan 100 faiz
qazlaşdırılıbdır. Elektrik
enerjisi ilə təchizat çox yaxşıdır. Vaxtilə zülmət içində yaşayan
insanlar indi o günləri, sadəcə olaraq, ağır
günlər kimi xatırlayırlar. Hazırda
Naxçıvan elektrik enerjisi ixrac edən diyardır.
Hazırda bütün
respublikada, bütün şəhər və rayon mərkəzlərində
içməli su və kanalizasiya layihələri icra edilir.
Bu layihələrin gələn ilin sonuna qədər
başa çatması nəzərdə tutulur. Beləliklə, su-kanalizasiya problemləri birdəfəlik
öz həllini tapacaqdır. Təhsil, səhiyyə
ilə bağlı məsələlər öz həllini
tapır. Bu gün biz Naxçıvan
şəhər poliklinikasının
açılışını qeyd etmişik. Əvvəlki dövrlərdə diaqnostika mərkəzi,
doğum mərkəzi, rayonlarda yeni xəstəxanaların
açılışı ilə bağlı tədbirlər
keçirilmişdir. Naxçıvan şəhər
xəstəxanasının yenidən qurulması layihəsi
artıq işlənilir. Belə təşəbbüs
irəli sürülüb. Mən bu təşəbbüsü
dəstəkləyirəm. Əminəm
ki, naxçıvanlılar şəhər xəstəxanasını
da yüksək səviyyədə təmir etdirəcəklər.
Bu gün hərbi hissədə olarkən
Naxçıvanın potensialının nə qədər
böyük olduğunu bir daha görmək olar. Son illər ərzində
çoxlu silah-sursat, texnika gətirilmişdir. Hava hücumuna qarşı qurğular yerləşdirilmişdir.
Müasir artilleriya qurğuları gətirilmişdir.
Tanklar, zirehli maşınlar, helikopterlər, yəni
Naxçıvanın döyüş qabiliyyəti,
döyüş potensialı çox yüksək səviyyədədir.
Kənd təsərrüfatının inkişafı ilə
bağlı konkret proqramlar icra edilir. Naxçıvan
özünü əsas ərzaq məhsulları ilə təmin
edir. Bu da ərzaq təhlükəsizliyi məsələlərinin
həlli üçün çox vacibdir. İnşaat
materialları, demək olar ki, artıq daxili imkanlar hesabına
formalaşır. Bu gün sement zavodunun
açılışını qeyd etmişik. Bu, məni çox sevindirir. Çünki
bu, ölkəmiz üçün lazımdır. İndi Bakıda, ondan sonra qərb bölgəsində
sement zavodları tikilir. Naxçıvan
sement zavodu sementə olan ehtiyacı tam şəkildə
ödəməyə imkan verəcək və idxaldan
asılılıq aradan qaldırılacaqdır.
Yəni burada hər bir sahədə gözəl
inkişaf vardır. Naxçıvan şəhəri gözəlləşir,
yaşıllaşır, abadlaşır. Hər
tərəf göz oxşayır, hər tərəfdə
böyük zövqlə binalar tikilir. Bütün
bu işlər onu göstərir ki, bu işləri görən
insanlar doğma xalqına, doğma diyarına qəlbən
bağlıdırlar.
Əsas məsələ Vətən sevgisidir. İqtisadi
imkanlar böyük də olar bilər, o qədər
böyük olmaya da bilər. Amma əgər Vətən
sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək
olar. Mən çox şadam ki,
naxçıvanlıların Vətənə
bağlılığı həmişə olduğu kimi,
çox yüksək səviyyədədir. Bu ideyalar, azərbaycançılıq fəlsəfəsi,
dövlətçiliyə olan sədaqətimiz bizi irəliyə
aparır.
Mən şübhə etmirəm ki, növbəti illərdə
də Naxçıvan Muxtar Respublikası qarşısında
duran bütün vəzifələr uğurla icra ediləcəkdir. Bütün
infrastruktur, sosial, iqtisadi və sənaye layihələri,
proqramları icra ediləcək, Naxçıvan daha da gözəl,
daha da güclü olacaqdır. Bu işlərdə
sizin hamınıza uğurlar arzu edirəm. Sağ olun!
* * *
Göstərilən
diqqət və qayğıya görə Azərbaycan
Prezidentinə minnətdarlığını bildirən
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif TALIBOV dedi:
- Möhtərəm Prezident!
Bu gün Azərbaycan özünün intibah
dövrünü yaşayır. Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş bu intibah Sizin rəhbərliyinizlə uğurla davam və
inkişaf etdirilir.
Ulu öndərimizin şah əsəri olan müstəqil
Azərbaycan hazırda lider dövlətə
çevrilmişdir. Qısa müddət ərzində əldə
olunan uğurların, inkişafın Azərbaycan modelinin bir səbəbi
ulu öndər Heydər Əliyev yoluna sədaqətdirsə,
əsas səbəblərdən biri də bu yolu müasir
reallıqları nəzərə alaraq davam etdirən qurucu rəhbərin
mövcudluğudur. Azərbaycan
ümummilli liderimizdən sonra əldə etdiyi bütün
möhtəşəm nailiyyətlərə görə
Prezident İlham Əliyevə borcludur.
Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə
üzrə hərtərəfli əsaslandırılmış
inkişaf proqramı olmasın. Qəbul olunmuş
proqramların mühüm elementlərindən biri də
regionların sosial-iqtisadi inkişafı ilə
bağlıdır. Hələ hakimiyyətinin ilk illərindən
bölgələrin inkişafı olmadan Azərbaycanın
inkişafının mümkün olmadığını
bildirən dövlətimizin rəhbəri tövsiyə
etmişdir ki, Azərbaycanın hər bir bölgəsi
inkişaf etməli, hər bir rayon mərkəzi müasir
standartlara cavab verməli, genişmiqyaslı abadlıq işləri
aparılmalı, yollar, körpülər salınmalı,
sosial obyektlər tikilməli, insanların gündəlik həyatında
müsbət dəyişikliklər baş verməlidir. Bu tapşırıqların icrası istiqamətində
həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanı
və onun Naxçıvan Muxtar Respublikasını da əsl
inkişafa qovuşdurmuşdur. Hörmətli Prezidentimiz
2004-cü ildən bəri doqquz dəfə Naxçıvan
Muxtar Respublikasında səfərdə olmuş, elm, təhsil
və mədəniyyət, idman, səhiyyə və sosial təminat,
energetika, meliorasiya, yol tikintisi və sahibkarlıq, eləcə
də hərbi quruculuq sahələrini əhatə edən
60-a yaxın obyektin açılışında iştirak
etmiş, uzun fasilədən sonra 2005-ci ildə Azərbaycan təbii
qazının Naxçıvan Muxtar Respublikasına verilməsi
bərpa olunmuşdur.
Azərbaycan Prezidentinin sərəncamlarına
əsasən, Naxçıvan Muxtar Respublikasının 80 və
85 illik yubileyləri yüksək səviyyədə qeyd
olunmuş, Naxçıvanın tarixinə dair yeni elmi
araşdırmalar aparılmış, milli dəyərlərin
inkişafı, tarixi abidələrin qorunması və bərpası
istiqamətində tədbirlər
görülmüşdür. Görülən tədbirlər,
tikilən obyektlər ölkəmizin iqtisadi qüdrətinin
konkret bir regionda əyani təzahürüdür.
Ölkə
Prezidentinin Naxçıvan Muxtar Respublikasına sonuncu səfərindən
- 2010-cu ilin oktyabrından ötən müddət ərzində
görülmüş işlər barədə məlumat verərək
bildirmək istəyirəm ki, bu dövrdə muxtar
respublikanın iqtisadiyyatında 54 faiz artım olmuş, sənaye,
kənd təsərrüfatı və sosial sahələr
inkişaf etmişdir. İqtisadiyyatın ümumi strukturuna
uyğun olaraq və daxili bazarın qorunması tələbləri
nəzərə alınaraq 43 istehsal və emal müəssisəsi
yaradılmış, ümumi daxili məhsulda özəl
sektorun xüsusi çəkisi artaraq 86 faiz təşkil
etmişdir. Əhalinin məşğulluğu sahəsində
həyata keçirilmiş tədbirlər nəticəsində
5791 yeni iş yeri açılmışdır. 2004-cü ildən
ötən müddət ərzində açılan iş
yerlərinin ümumi sayı isə 50 mindən çoxdur. Hər sahə üzrə inkişafın
kökündə insan amili, onun tələbatlarının
maksimum ödənilməsi dayanır. Bu
istiqamətdə görülən tədbirlər
sırasında əhalinin sağlamlığının
qorunması mühüm əhəmiyyətə malikdir.
Ötən
dövrdə səhiyyə, sağlamlıq müəssislərinə
də diqqət artırılmış, muxtar respublikanın
rayonlarında beşi xəstəxana, biri poliklinika, doqquzu
ambulatoriya olmaqla, on beş səhiyyə
müəssisəsi istifadəyə verilmişdir. 2011-ci ilin
yanvar ayından ötən müddət ərzində 6176
yerlik 13 məktəb binası, 800 yerlik üç uşaq
bağçası tikilmiş və ya yenidən
qurulmuşdur. Bundan başqa, Naxçıvan
Dövlət Universitetinin magistratura şöbəsi
üçün tədris korpusu, 462 yerlik tələbə
evi, müasir tipli Tələbə Sosial Xidmət Mərkəzi
istifadəyə verilmişdir. Təhsil
müəssisələrində 405 elektron lövhə, 3 minə
yaxın kompyuter dəsti quraşdırılmışdır.
İstifadəyə verilən bütün təhsil
müəssislərində açıq və
örtülü idman qurğuları, idman zalları
yaradılmış, Naxçıvanda idmanın müxtəlif
növləri üzrə beynəlxalq yarışlar
keçirilmişdir.
Hər bir ölkənin regionlarının
inkişafı onun ərzaq təhlükəsizliyi ilə
sıx bağlıdır. Hazırda muxtar respublikada 114 növdə
ərzaq, 202 növdə qeyri-ərzaq olmaqla, 316 növdə məhsula
olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Bu artım xeyli dərəcədə
sahibkarlığın inkişafı, kənd təsərrüfatının
texnika və mineral gübrələrə olan tələbatının
ödənilməsi ilə bağlıdır. 2005-ci ildən
ötən müddət ərzində muxtar respublikaya 822 kənd
təsərrüfatı texnikası, 29 min tondan çox
mineral gübrə gətirilərək torpaq mülkiyyətçilərinin
istifadəsinə verilmişdir.
Kəndlərin
inkişafı da diqqətdə saxlanılmış, 15 kənd
və 14 xidmət mərkəzi istifadəyə verilmiş,
bütün yaşayış məntəqələri tamamilə
qazlaşdırılmış və etibarlı rabitə ilə
təmin olunmuşdur.
Naxçıvan şəhəri, Babək, Şərur
və Sədərək rayonlarında yeni nəsil
telekommunikasiya sistemləri quraşdırılmış,
muxtar respublikanın yaşayış məntəqələri
fiber-optik kabel üzərindən genişzolaqlı və
simsiz internetlə təmin olunmuş, rəqəmsal televiziya
yayımının genişləndirilməsi məqsədi ilə
ötürücülərin quraşdırılmasına
başlanmışdır.
Aydın məsələdir ki, fasiləsiz enerji təminatı
olmadan bu tədbirləri həyata keçirmək
mümkün deyildir. Ölkə rəhbərinin himayəsi ilə
Naxçıvan modul və qaz-turbin elektrik stansiyaları, Heydər
Əliyev Su Anbarı üzərində və Biləvdə su
elektrik stansiyaları tikilmişdir. Hazırda
Arpaçay Su Anbarı üzərində 20 meqavat gücündə
stansiyanın və 36 meqavat gücündə Ordubad Su Elektrik
Stansiyasının tikintisi aparılır.
Qeyd olunan
sahələrlə yanaşı, yol-nəqliyyat infrastrukturu
sahəsində də quruculuq tədbirləri davam
etdirilmiş, 88 kilometrlik Naxçıvan-Sədərək
magistral avtomobil yolu, 8 kilometrdən artıq uzunluğa malik
Naxçıvan dairəvi avtomobil yolu çəkilərək
istifadəyə verilmiş, 32,4 kilometrlik Naxçıvan-Culfa
avtomobil yolunun tikintisi başa
çatdırılmışdır. Hazırda uzunluğu 57
kilometr olan Çeşməbasar- Boyəhməd, uzunluğu 39
kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi
avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Şübhəsiz
ki, görülən tədbirlər ümumi məhsul
istehsalına da öz təsirini göstərmiş, cari ilin
dörd ayında 500 milyon manatlığa yaxın ümumi
daxili məhsul istehsal olunmuş, bunun hər nəfərə
düşən həcmi ötən ilin müvafiq
dövrü ilə müqayisədə 11 faiz artaraq, 1500
ABŞ dollarına çatmışdır. Öz növbəsində
əhalinin gəlirləri də artmış, cari ilin dörd
ayında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının
məbləği 360 manat təşkil etmişdir ki, bu da əvvəlki
ilin dörd ayı ilə müqayisədə 11 faiz
çoxdur. Əməkhaqlarındakı artımlar,
insanların layiqli iş yerləri ilə təmin
olunmaları demoqrafik vəziyyətə də öz təsirini
göstərmiş, muxtar respublika əhalisinin sayı bir il əvvəlki
göstəriciyə nisbətən 2,1 faiz
artaraq 421 min nəfərdən çox olmuşdur.
Ulu öndər Heydər Əliyev daim Azərbaycanı,
o cümlədən Naxçıvanın gələcəyini
düşünür və deyirdi ki, "Mən istəyirəm
ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti
haqqında, müstəqil Azərbaycanın gələcəyi
haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan
Naxçıvan haqqında planlarım, arzularım yerinə
yetirilsin".
Bu gün biz hamımız ümummilli liderimizin bu arzu və
istəklərinin yerinə yetirilməsinin şahidləriyik.
Bütün bunlara görə, Azərbaycan Prezidenti cənab
İlham Əliyevə dərin hörmət və
ehtiramımızı və minnətdarlığımızı
bildiririk.
* * *
Sonra Prezident İlham Əliyev avtomobili idarə edərək
Culfa rayonuna yola düşdü.
AzərTAc
Azərbaycan.- 2012.- 31 may.- S. 4; 5.