Prezident İlham Əliyev
Culfada Uşaq Musiqi Məktəbinin
açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa şəhərində Uşaq Musiqi Məktəbinin açılışında iştirak etmişdir.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, son illərdə Azərbaycan mədəniyyəti dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün paytaxt Bakı da daxil olmaqla, regionlarda müşahidə olunan inkişaf gənc nəslin də mənəvi tərəqqisinə geniş imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər reallaşdırılır. Culfada istifadəyə verilən Uşaq Musiqi Məktəbi də məhz bu məqsədə xidmət edir.
Bildirildi ki, 2010-2011-ci tədris ilində məktəbin 6 şagirdi ali və orta ixtisas musiqi məktəblərinə qəbul olunmuşdur. Onlardan ikisi hazırda Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində, dördü isə Naxçıvan Musiqi Kollecində təhsil alır.
Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, yeni inşa olunan dördmərtəbəli musiqi məktəbində 52 sinif otağı və 8 yardımçı otaq vardır. Məktəbin kitabxana fondu da zəngindir. Burada 1600 tədris vəsaiti və musiqi ədəbiyyatı toplanmışdır. Musiqi məktəbində 285 şagirdin təhsili ilə 64 müəllim məşğul olur. Məktəbdə üç şöbə - xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Burada doqquz ixtisas - tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçilir. Müasir inventar və avadanlıqla təchiz edilmiş məktəbdə 20 pianino və bir royal vardır.
Prezident İlham Əliyev məktəb şagirdlərinin ifasını dinlədi.
Dövlət başçısı Uşaq Musiqi Məktəbinə fortepiano hədiyyə etdi.
Məktəbin şagirdləri və müəllimləri Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2012.- 31 may.- S. 5.