Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycanın zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi 1991-93-cü illərdə blokada şəraitində yaşayan muxtar respublikanın əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu tarixi torpağını erməni işğalı təhlükəsindən xilas etmişonun muxtariyyət statusunu qoruyub saxlamışdır. Məhz həmin illərdə ulu öndər Heydər Əliyevin milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atdığı cəsarətli addımlar, onun sədrliyi ilə Naxçıvan Ali Məclisinin qəbul etdiyi tarixi qərarlar ölkəmizdə gedən proseslərə də öz müsbət təsirini göstərmiş və Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır.

Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına da dəyərli töhfələr vermişdir. Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi ilə bütün Şərqdə məşhurlaşmışdır. Naxçıvanda bu günədək qorunub saxlanılan arxeoloji abidələr, qədim karvansaralar, məscid və məbədlər, həmçinin mədəni irsimizin inciləri sırasına daxil olan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, "Əshabi-Kəhf" ziyarətgahı, Əlincəçay Xanəgahı öz möhtəşəmliyi ilə seçilir. Zəngin ədəbi ənənələrə malik Naxçıvan Azərbaycana dünya ədəbiyyatının görkəmli nümayəndələri olan Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz kimi şəxsiyyətləri bəxş etmişdir.

Blokada şəraitində olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikası öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf edir. Burada bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilmiş, Beynəlxalq Hava Limanı, elektrik stansiyaları, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa edilmiş, yeni yollar çəkilmiş, istehsal müəssisələri yaradılmışdır. Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış yerlərində millimüasir memarlığın nailiyyətlərini özündə əks etdirən meydanlar, istirahət bağları və parkları, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, neçə-neçə tarixi memarlıq abidələri bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır.

Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni irsininmilli memarlıq ənənələrinin qorunub saxlanılması, şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 31 may.- S. 6.