Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız əsrlər boyu arzuladığı müstəqilliyinə qovuşdu

 

Bu fikri Prezident İlham Əliyev 28 may - Respublika Günü münasibətilə rəsmi qəbulda bildirib

 

Milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, çətin olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda fəxr və qürur hissi doğurur. 1918-ci il mayın 28-də müsəlman Şərqində müstəqilliyini ilk bəyan edən respublika olmuş Azərbaycan tarixən can atdığı, mübarizə apardığı müstəqillik idealına qovuşmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur: "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır".

Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər çətin və mürəkkəb tarixi mərhələdə meydana gəlmişdir. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin mövcudluğuna son qoyuldu: ilk olaraq Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da istiqlaliyyətini elan etdi. Seym dağıldıqdan sonra, mayın 27-də qurumun 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi, M.Ə.Rəsulzadə şuranın sədri seçildi. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti həmin bəyannamədə xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq əldə olunmuş müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi.

1918-ci ilin mayın 30-da radioteleqrafla dünyanın əsas siyasi mərkəzlərinə Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə məlumat verilmişdi. 1918-ci il iyunun 4-də "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi" imzalanmışdı. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd idi. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində "Dinclikasayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür" müddəasının əksini tapması son dərəcə əhəmiyyətli idi.

Milli hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında" fərman imzaladı. Azərbaycandilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadəyə icazə verildi. İyunun 24-də üzərində rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olundu. Noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqdan ibarət olan bayraqla əvəz edildi. Həmin il Azərbaycan Xalq Cümhuriyyətinin himninin qəbul edilməsi ilə də əlamətdar oldu. Azərbaycanın milli valyutasının - manatın dövriyyəyə buraxılması da cümhuriyyət hökumətinin qısa müddət ərzində həyata keçirdiyi uğurlu tədbirlər sırasında idi.

1918-ci il iyulun sonlarında süqut etmiş Bakı kommunasından sonra Bakı şəhərini ələ keçirmiş eser-menşevikdaşnak nümayəndələrindən ibarət "Sentrokaspi" diktaturasından təmizləmək həmin dövrdə Azərbaycan hökuməti qarşısında həyati vacib vəzifələrdən biri idi. Bir neçə ay davam edən qızğın döyüşlər nəticəsində Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını düşmən ünsürlərdən təmizləməyə nail oldu. Sentyabrın 17-də isə F.Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən köçdü və Bakı şəhəri paytaxt elan olundu.

Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisinin çağırılması vəzifəsini öz üzərinə götürdü.

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin Qızlar məktəbinin binasında Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris Sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasında F.Xoyski hökumətinin istefası qəbul edildiyeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramını irəli sürdüyeni hökumətin tərkibini təsdiq olunmaq üçün təqdim etdi. Parlament hökumətin proqramını qəbul edərək F.Xoyskinin rəhbərliyi ilə təşkil olunmuş yeni hökumətə etimad göstərdi.

Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Bu sahədə qəbul edilən qanun və qərarların müzakirəsində parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Azərbaycan parlamenti geniş səlahiyyətlərə malik olmuş və ölkənin milli maraqlarının qorunması baxımından mühüm addımlar atmışdı. Parlamentin sədri Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin Paris Sülh konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanımışdılar. AXC fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiyas. baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu. Parlament Azərbaycan xalqının maariflənməsi, ordu quruculuğu, səhiyyə, hüquq sahələrində böyük işlər görülməsi üçün qanunvericilik bazasını yarada bilmişdir. Bununla belə, parlament Azərbaycan Müəssislər Məclisinin çağırılması, Əsas Qanunun - Konstitusiyanın qəbul edilməsi, torpaq islahatı və s. kimi vacib məsələlərin həllini tezləşdirə bilməmişdir.

27 aprel 1920-ci ildə Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, AXC xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikada hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Prezident İlham Əliyev 28 may - Respublika Günü münasibətilə keçirdiyi rəsmi qəbulda bu məsələlərə toxunmuşdur. Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu deyən Prezident İlham Əliyev 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini diqqətə çatdırdı.

Hakimiyyətə gələndə ulu öndər Heydər Əliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğulamışdır: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm. Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir".

Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılacağı və inkişaf etdiriləcəyi ilə bağlı verdiyi bu vədini praktik olaraq gerçəkləşdirmiş, sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış lider kimi xalqının qəlbində yaşayır və rəğbətlə anılır. Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı həyata keçməyən arzuları Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın daxilixarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

28 may - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bildirib: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyinə qovuşurdu. İslam dünyası üçüntarixi hadisə idi, ona görə ki, ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranırdı.

Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində İstiqlal Bəyannaməsini imzalayan şəxslərin şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir".

Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycanın müstəqil siyasət yeritməsinin ən mühüm göstəricisi kimi vurğulana bilər. Müstəqilliyimizin bərpa edilməsindən ötən 20 il ərzində Azərbaycanın dünya xəritəsində dinamik inkişaf edən, açıq iqtisadiyyata malik olan ölkə kimi öz yerini tapması üçün böyük işlər görülmüşdür. Bütün sahələrdə əldə olunan yüksək nəticələr aparılan uğurlu siyasətin məntiqi nəticəsidir. 28 may - Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda  Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini, regional müstəvidə təsir imkanlarının artdığını, iqtisadiyyatının inkişaf etdiyini vurğulayan dövlət başçısı digər sahələrdə də respublikamızın sürətlə irəlilədiyini bildirib. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etdiyini deyən Prezident İlham Əliyev ötən il müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən gənc respublikamızın 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini xarici siyasətimizin düzgün olduğunun bariz nümunəsi kimi qiymətləndirib.

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 31 may.- S. 8.