Azərbaycan ilə
Ukrayna arasındakı münasibətlər
strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmişdir
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko mayın 30-da Milli Məclis Sədrinin müavini Bahar Muradova ilə görüşmüşdür.
Səfir A.Mişenko Bahar Muradovaya 28 May - Respublika Günü və "Eurovision-2012" mahnı müsabiqəsinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırmışdır. Bildirilmişdir ki, bu yarışmada Ukrayna ən yüksək 12 balını Azərbaycana vermişdir və dost ölkənin uğurlarına sevinmişik. Aleksandr Mişenko qeyd etmişdir ki, Azərbaycan ilə Ukrayna həmişə dost ölkələr olmuş, bu gün isə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu işdə ölkələrimizin başçılarının və parlamentlərin də xüsusi rolu vardır. Qeyd olunmuşdur ki, bu gün Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır və onlar özlərini bu ölkənin tamhüquqlu vətəndaşı hiss edirlər.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Bahar Muradova ölkəmizin "Eurovision-2012" yarışmasına uğurla ev sahibliyi etməsindən dostlarımızın sevindiyini, düşmənlərimizin isə kədərləndiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan bu müsabiqəni uğurla keçirməklə verdiyi sözə yüksək səviyyədə əməl etdi. Bu uğura kölgə salmaq istəyən qüvvələr olsa da, onların niyyətləri baş tutmamışdır.
Milli Məclis Sədrinin müavini diqqətə çatdırmışdır ki, Azərbaycanın və Ukraynanın nümayəndə heyətləri bir çox beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında qarşılıqlı maraqları müdafiə edir və bir-birlərinə güvənirlər. Xalqlarımız və dövlətlərimiz həmişə bir-birlərinin dəstəyini hiss etmiş və bu siyasət bundan sonra da davam etdirilməlidir.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi,
Avropaya inteqrasiya, beynəlxalq
təşkilatlarda əməkdaşlıq və digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 31 may.- S. 8.