Azərbaycanın Avropa Şurasında daha bir uğuru

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) ayrı-ayrı komitə iclaslarının müxtəlif üzv ölkələrin parlamentlərində keçirilməsi ənənəsi bu mötəbər təşkilatla üzv ölkələr arasında əlaqələri və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək məqsədi daşıyır.

İndiyədək AŞ PA-nın bir neçə komitə iclası Bakıda keçirilmiş, yaxın gələcəkdə də belə toplantıların Azərbaycan paytaxtında baş tutması planlaşdırılır. Qurumun mədəniyyət, elm, təhsil və mətbuat komitəsinin budəfəki iclası isə Rumıniyada keçirilmişdir.

Mayın 29-30-da Avropa Şurası və UNESCO-nun mədəni siyasətinin bir sıra aktual problemləri Buxarestdə müzakirə edilmişdir. Dünyanın ən böyük parlament binasında cərəyan edən müzakirələrdə Avropa Şurasının üzvləri ilə yanaşı, Rumıniya Senatının deputatları, ölkənin mədəniyyət naziriiştirak etmişdir.

Əsas müzakirə mövzularından biri Avropada ali təhsilin inkişaf problemləri və perspektivləri ilə bağlı olmuşdur. Avropa Şurasında bu məsələ üzrə məruzəni azərbaycanlı deputat Rafael Hüseynov hazırlayır. R.Hüseynovun müəllifi olduğu "Avropa Ali Təhsil Məkanının birliyi və beynəlxalq açıqlığı" adlı məruzəyə diqqətin böyük olmasının nəticəsidir ki, son 1 ildə bu mövzu bir neçə dəfə müzakirəyə çıxarılmış, keçən il Zaqrebdə, bu ilin martında isə Parisdə - UNESCO-nun qərargahında dünyanın bir sıra qabaqcıl universitetlərinin tanınmış alimləri və təhsil ekspertlərinin iştirakı ilə məruzə ətrafında əhatəli dinləmələr keçirilmişdir.

Komitənin Buxarest toplantısı isə Avropa Şurasının qrafikinə uyğun olaraq məruzə üzərində il yarım davam edən işin yekunlaşdırılması, hesabatın son yekun mətninin və qətnamə layihəsinin təsdiq edilməsi məqsədi daşıyırdı. Deputat Rafael Hüseynov çıxış edərək mövzunun başlıca istiqamətləri və məruzənin əsas hədəfləri barədə məlumat vermişdir. O bildirmişdir ki, vaxtilə "Bolonya prosesi" adlandırılmış, indi isə Avropa Ali Təhsil Məkanı (AATM) kimi təqdim olunan qlobal layihə getdikcə ümumavropa hərəkatı olmaq çərçivəsindən çıxaraq ümumdünya prosesinə çevrilməkdədir. Bu prosesin başladığı 1999-cu ildən indiyədək layihəyə qoşulan ölkələrin sayının 70-ə çatması, həm də yalnız Avropa ölkələrinə deyil, tədricən daha geniş dairəyə sirayət etməsi ona nə qədər dəyər verilməsinin göstəricisidir.

Orta əsrlər Şərq müdrikinin "Ən uzaq ölkədə olsa da, elmin ardınca gedin" aforizmini misal çəkərək təhsil sahəsində inteqrasiya proseslərinin əslində yüz illərdən bəri davam etməsini konkret misallarla nümayiş etdirən məruzəçi Rafael Hüseynov müasir dünyada bu təmayüllərin daha sistemli və mükəmməl bir şəkildə inkişafı üçün hazırladığı modelləri diqqətə çatdırmışdır. Tələbə və müəllim mübadilələri, diplomların tanınması, müştərək proqram və dərsliklər, eləcə də bu şəbəkəyə daxil olan onlarca başqa təfərrüatın getdikcə müştərək Avropa Ali Təhsil Məkanının formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan natiq prosesin daha sağlam bir məcrada irəliləyişi üçün ölkə parlamentləri və hökumətlərinin dəstəyinin də vacibliyi üzərində dayanmışdır. Nəticə etibarilə bu mühüm cərəyanın yalnız təhsilin və elmin inkişafına təkan vermədiyini, həm də dünyanın ümumi siyasi mənzərəsinə təsir göstərdiyini qeyd edən R.Hüseynov demişdir: "Ali təhsil məkanının coğrafi genişlənməsi anlayışı mahiyyəti etibarilə həm də bu coğrafiya içərisindəki ölkələri bir-birinə yaxınlaşdırmaq, ortaq prinsiplərə yönəltməklə coğrafiyanı müəyyən mənada kiçiltmiş, yığcamlaşdırmış olur. Avropadan kənar ölkələrlə də tələbə mübadiləsinə hüquqi baza verən yeganə beynəlxalq sənəd olan Lissabon Tanıma Konvensiyasını artıq Avstraliya, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yeni Zelandiya və digər ölkələrin imzalaması bu çərçivənin gələcəkdə daha da genişlənəcəyinə inam oyatmaqdadır".

Daha sonra məruzənin qətnamə layihəsi və tam mətni müfəssəl müzakirələrdən sonra səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Qərara alınmışdır ki, deputat Rafael Hüseynovun hazırlamış olduğu "Avropa Ali Təhsil Məkanının birliyi və beynəlxalq açıqlığı" adlı məruzə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə salınsın. Avropada ali təhsilin gələcək inkişafı ilə bağlı modellər təklif edən, Avropa Şurasının son dərəcə əhəmiyyətli saydığı hesabat kimi qiymətləndirdiyi belə bir məruzəni azərbaycanlı deputatın hazırlaması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında qarşılıqlı inam və səmərəli əməkdaşlığın növbəti əyani sübutu, Azərbaycanın beynəlxalq miqyasda daha bir uğurudur.

 

 

Pərvanə QARAYEVA

 

Azərbaycan.- 2012.- 31 may.- S. 8.