Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov: “Azərbaycanın
simasında biz səmimi dost və etibarlı tərəfdaş
görürük”
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovu qəbul etmişdir.
AzərTAc Türkmənistanın rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, Türkmənistan lideri görüşdə demişdir: "Biz Azərbaycanın simasında səmimi dost və etibarlı tərəfdaş, regional və qlobal siyasətə dair bir çox aktual məsələlərin həllində həmfikirimizi görür və ənənəvi Türkmənistan-Azərbaycan dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk".
Yaqub Eyyubov, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Qurbanqulu Berdiməhəmmədova və bütün türkmən xalqına çatdırmışdır.
Türkmənistan Prezidenti Azərbaycan dövlətinin başçısına ən xoş arzularını yetirərək vurğulamışdır ki, iki ölkənin xalqlarını qarşılıqlı ehtirama, bərabərliyə və birgə tərəqqi və inkişaf səylərinə əsaslanan dostluq və qardaşlıq münasibətləri birləşdirir.
Türkmənistan Prezidenti demişdir: "Türkmənistan-Azərbaycan dialoquna yüksək səviyyədə etimad və qarşılıqlı anlaşma xasdır ki, bu da həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişafı üçün möhkəm təməldir".
Görüşdə ikitərəfli əməkdaşlığın prioritet cəhətləri müzakirə olunmuşdur. Bu əməkdaşlığın əsaslı potensialı həm ikitərəfli formatda, həm də nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən MDB çərçivəsində səmərəli qarşılıqlı fəaliyyəti gücləndirmək üçün əlverişli imkanlar yaradır.
Agentliyin xəbərində deyilir ki, bununla əlaqədar Türkmənistanın irəli sürdüyü beynəlxalq təşəbbüslərin, o cümlədən enerji ehtiyatlarının beynəlxalq bazarlara tranzitinin etibarlılığının və sabitliyinin təmin edilməsi sahəsində beynəlxalq hüquqi bazanın formalaşdırılması üçün BMT-nin himayəsi altında energetika sahəsində regionlararası dialoqun aparılmasına dair təşəbbüsünün aktuallığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu, qlobal enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinin həllinin mühüm amilidir.
Prezident Q.Berdiməhəmmədov demişdir: "Bir neçə ildir ki, Türkmənistan region üzrə tərəfdaşları ilə Avrasiya məkanında nəqliyyat axınının optimallaşdırılmasına dair iri layihələrin həyata keçirilməsi üzərində fəal işləyir. Onlardan səmərəli istifadə olunması qitə miqyasında iqtisadi və ticarət əlaqələrinin inkişafına güclü təkan verə bilər". Türkmənistan Prezidenti əmin olduğunu bildirmişdir ki, BMT-nin Xəzər dənizi ilə Qara dəniz, Orta Asiya ilə Yaxın Şərq arasında tranzit nəqliyyat imkanlarının öyrənilməsini nəzərdə tutan nəqliyyatın inkişafına dair Xüsusi Proqramının işlənib hazırlanması bütün regionun sabit inkişafının təmin edilməsinin mühüm amilinə çevriləcəkdir.
Söhbət zamanı ekologiya sahəsində əməkdaşlıq, o cümlədən Türkmənistanın ixtisaslaşdırılmış qurumun - baş qərargahı Aşqabadda yerləşən iqlim dəyişiklikləri ilə əlaqədar problemlərin həllinə dair BMT Regionlararası Mərkəzinin yaradılması təşəbbüsünün həyata keçirilməsi məsələlərinə toxunulmuşdur.
Tərəflər əmin olduqlarını bildirmişlər ki, Türkmənistan ilə Azərbaycan arasında münasibətlər ümumi rifah naminə bundan sonra da ən yaxşı dostluq və mehriban qonşuluq münasibətləri ənənələri əsasında inkişaf edəcəkdir.
İki dövlət Xəzər üzrə qonşudur və karbohidrogenlər və bioehtiyatlarla zəngin nadir su hövzəsinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı mütəmadi danışıqlar aparır.
Enerji daşıyıcılarının
satışı bazarının şaxələndirilməsinə
imkan verəcək Transxəzər boru kəməri tikilərsə,
Azərbaycan təbii qazla zəngin Türkmənistan
üçün yanacağın bu növünün ixracı
istiqamətində mühüm tranzit ölkəyə
çevrilə bilər.
Azərbaycan.- 2012.- 31 may.- S. 9.